...Təbii ki, Süni İntellekt!

//Yaxın gələcəyin dövlət idarəçiliyində onsuz keçinmək olmayacaq

    ...Təbii ki, Süni İntellekt!
  06 Noyabr 2022    Oxunub:2889
Artıq dövlət idarəçiliyini ənənəvi üsullarla (bürokratik islahatlar və s.) təkmilləşdirmək imkanları tükənir və getdikcə daha az effekt verir. Çünki insan hər zaman, hər yerdə və hər dövrdə insandır, ən zəif halqadır, istənilən bürokratik islahat isə sonda gəlib insan amilinə dayanır. Ona görə də, müasir dövrdə dövlət idarəçiliyini təkmilləşdirmək üçün keyfiyyətcə tamam yeni həllər tələb olunur.
Getdikcə daha çox aydınlaşır ki, dövlət idarəçiliyində süni intellektin tətbiqi zamanın əsas tələbinə çevrilir və bunu vaxtında edən ölkələr daha dayanıqlı inkişafa, müxtəlif istiqamətlərdən gələn təhlükələrin qarşısının daha effektli şəkildə almağa nail ola biləcəklər. Əks təqdirdə, iqtisadiyyat daha çox rəqəmsallaşdıqca ənənəvi idarəçilik onunla ayaqlaşa bilməyərək əksinə, inkişafın qarşısını kəsən buxova çevriləcək.

Səbəblərdən biri odur ki, idarəçilik zamanı qərarların qəbulu üçün emalı tələb olunan məlumat axını (data) ağlasığmaz sürətlə çoxalır; əgər onların emalına Süni İntellekt (Sİ) tətbiq edilməsə, bürokratik aparatı xeyli şişirtmək lazım gələcək. Bu isə idarəetmənin keyfiyyətini aşağı salır. “Digital” iqtisadiyyat istər-istəməz öz xarakterinə uyğun idarəçilik modeli tələb edir ki, bu da ancaq süni intellektin əsasında qurula bilər. Başqa sözlə, XX əsrin idarəçilik mühitini saxlamaqla XXI əsrin ekosistemlərini idarə etmək arzulanan nəticəni verməyəcək.


İnkişaf etmiş ölkələr son 10 ildə bu reallığı dərk və qəbul edərək, həmin istiqamətdə addımlar atmaqdadırlar. Məsələn, Britaniyada “Innovate UK” adlı dövlət təşkilatının 2015-ci ildə qəbul etdiyi Strateji Plana əsasən, biznesin idarəçiliyində Süni İntellektim tətbiqi dəstəklənir. Birləşmiş Krallığın Rəqəmsal Strategiyasının müəllifləri əmindirlər ki, “digital” innovasiyaların ön cəbhəsində olmaq rəqəbətqabiliyyətli biznesin inkişafı üçün son dərəcə vacib əhəmiyyət daşıyır.

ABŞ-da da Süni İntellekt sahəsində tədqiqatlar sahəsində Milli Strateji Plan qəbul edilib. Sənədin əsas istiqamətlərindən biri məhz süni intellektin dövlət idarəçiliyində tətbiqidir. “Süni İntellektin gələcəyinə hazırlıq” adlı hesabatda federal agentliklərə və digər qurumlara bu innovasiyanın tətbiqinə dair 23 tövsiyə verilib. İlk tövsiyədə sosial xidmətlərin yaxşılaşdırılması üçün federal qurumların açıq məlumatları Sİ vasitəsilə emal etməsinin daha yaxşı qərarların qəbulu üçün əsas yaradacağı bildirilir.

İkinci tövsiyədə deyilir ki, Federal Hökumətin aparıcı qurumlarda Süni İntellektin tətbiqi imkanlarını araşdırmaq və həllər təklif etmək üçün xüsusi Agentlik yaratmasına ehtiyac var. Bu, məsələn, DARPA tipli bir qurum ola bilər. Qeyd edək ki, DARPA (Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Perspektivli Elmi-Tədqiqat və İxtiralar Mərkəzi) ən son texnologiyaların Amerika Ordusunda tətbiqi istiqamətində çox yüksək nəticələr göstərir. Məhz onun sayəsində ABŞ Ordusu digər ölkələri texnoloji cəhətdən 5-10 il qabaqlaya bilir.

Maraqlıdır ki, ABŞ-n Təhsil Nazirliyi artıq eyni təcrübəni təhsildə tətbiq etmək üçün “ARPA-ED” adlı qurum yaradıb. O, təhsilin keyfiyyətini artırmaq üçün Sİ-nin tətbiqi imkanlarını araşdırmaqla məşğuldur. Azərbaycanda da idarəçiliyində Süni İntellektin köməyindən istifadədə qabağa düşən sahələrdən birinin məhz təhsil olmasına ehtiyac var. Müxtəlif təkliflər real şagird və tələbələrin üzərində tətbiq olunmazdan öncə məhz Sİ tərəfindən modelləşdirilməklə yoxlanıla bilər (bu məqama yenə qayıdacağıq).


Süni İntellektə ən çox ehtiyac duyulan sahələrdən biri Nəqliyyatın İdarə Olunmasıdır. Biz Azərbaycanda “Nəqliyyatın İntellektual İdarə Olunması”nın acı təcrübəsilə tanışıq; təəssüf ki, bu cəhd tam iflasa uğradı – bəzi dayanacaqlarda hələ də qalan lazımsız, artıq xarab olmuş monitorlardan başqa Nİİ-ni heç nə xatırlatmır. Amma Nəqliyyatın Süni İntellektual İdarə Olunması tamam başqa nəticələr verə bilər. Bu gün dünyada bir çox ölkələr, o cümlədən, ABŞ məhz bu istiqamətdəki imkanları araşdırırlar. Vacib nüans odur ki, “ağıllı” maşınların və Sİ-nin idarə etdiyi avtomobillərin yollarda peyda olacaqları gün uzaqda deyil. Sürücüsüz avtomobillərə fərqli yanaşmalar ola bilər, amma bu, gələcəyin əsas trendlərindəndir, qarşısını almaq mümkünsüzdür. Ən doğrusu həmin gələcəyi qarşılamağa hazırlaşmaqdır. ABŞ-da aparılan araşdırmaların vacib istiqamətlərindən biri nəqliyyatın bütün növlərinə dair informasiyaların eyni mərkəzdə emal olunaraq, trafikin yönləndirilməsi üçün optimal qərarların qəbulu ilə bağlıdır.

Bütün sahələrdə, o cümlədən də dövlət idarəçiliyində Sİ-nin insandan bir təkzibolunmaz üstünlüyü var: Öyrənmənin sürəti. Bir məmurun xidmət göstərdiyi sahədə buraxdığı səhvləri analiz edib öyrənmək və başqalarının da eyni nöqsanlara yol verməsini önləmək üçün böyük təhlillər aparılmalı, təlimlər keçirilməlidir. Bunlar illərlə vaxt apara bilər. Amma özü öyrənən və “kolöninq” (birgə öyrənmə) imkanına malik sistemlər həmin çatışmazlıqdan xalidirlər. Ona görə də, sosial məmnunluğu artıran, iqtisadi inkişafa təkan verən qərarlar qat-qat sürətlə qəbul oluna bilər. Bu isə geniş mənada d övlətin beynəlxalq arenada imicinin və rəqabət qabiliyyətinin artması deməkdir.

90-cı illərdə belə bir məşhur lətifə var idi: “Təəssüf ki, sosializmi alimlər yox, siyasətçilər ixtira ediblər; əgər alimlər ixtira etsəydilər, əvvəlcə siçanların üzərində yoxlayardılar”. İndi isə siçanlara əziyyət verməyə də ehtiyac qalmır: Hansısa siyasi qərarların əvvəlcə Sİ vasitəsilə qurulan sosial modellərdə sınaqdan keçirilməsi mümkündür. Məsələn, boşanmaların azalması üçün evlilik yaşının artırılması müsbət nəticə verə bilərmi? Bu suala cavab tapmaq üçün Sİ modelləşdirmə apara, ailələrin dağılmasına səbəb olan digər parametlərləri də araşdıraraq, optimal təklif verə bilər.

Əlbəttə ki, bütün hallarda qərarların izah edilə bilən olması mütləqdir, əks halda bunun özü növbəti sosial eksperimentə çevrilə bilər. Dövlət idarəçiliyində “qara qutu” tipli Sİ-lərin tətbiqi hələ ki risklidir.


Bütün riskləri və üstünlükləri nəzərə almaqla, Azərbaycan dövlət idarəçiliyində rəqəmsal innovasiyaların tətbiqi sahəsində müasir dalğadan heç bir halda geri qalmamalıdır. Bunun üçün ilk növbədə həmin həlləri tətbiq edən ölkələrin təcrübəsini davamlı şəkildə yaxından izləmək və onların uyğun qurumları ilə sıx əlaqə saxlamaq lazımdır. Yaxşı olar ki, bizdə də sırf Sİ-nin dövlət xidmətlərinin göstərilməsinə tətbiqini araşdıran və bu istiqamətdə yenilikçi, orijinal həllər təklif edən “milli DARPA” tipli qurum yaradılsın.

Əlbəttə ki, bu sahədə vəcdə gəlib çox tələsmək və qabağa qaçmaq da ağıllı strategiya sayıla bilməz, bütün hallarda insanların ənənəvi formatda dövlət xidmətlərini ala bilmək imkanları hələ xeyli müddət qalmalıdır. Sİ daha çox inkişafın sürətilə ayaqlaşmağa xidmət etməlidir.

Vaxtilə kalkulyatorların kütləvi istehsalı başlayanda tezliklə mühasiblərə daha ehtiyacın qalmayacağı haqda proqnozlar səslənirdi. Kompüterlər üçün mühasibat paketləri yarananda yeni eyni söhbətlər təkrarlandı. Amma indi qanrılıb geri baxanda aydın olur ki, bütün bunlar olmasa, mühasiblərin ya sayı kəskin artırılmalı ya da biznesin inkişafı boğulmalı idi.

Son nəticədə dövlət – bəli bir coğrafiyada milli biznesin effektiv inkişafını təmin etməli olan inzibati aparatdır. Bəli, tərifi bu qədər sadələşdirmək doğru deyil və mübahisə etmək olar, amma hər şey – vətəndaşların rifahı da, sosial təminat sistemi də məhz bunun üstündə qurulur. Biznesin yeni çağırışlar şəraitində inkişafı nəyi tələb edirsə, dövlət bu addımları atmalıdır. Nəyin tələb olunduğu isə artıq hamıya aydındır: Təbii ki, Süni İntellekt!

Vüsal Məmmədov

AzVision.az



Teqlər: Süni-İntellekt  





Xəbər lenti