Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı – TƏHLİL

      Manatın sabitliyi nəyə zərərdir    və bunun qarşısını almaq lazımdırmı –    TƏHLİL
  01 Oktyabr 2022    Oxunub:997
Manatın nominal effektiv məzənnəsi ötən 8 ay ərzində, yəni yanvar-avqust aylarında 6,1 faiz möhkəmlənib. Bu da ilin əvvəlindən bəri yüksəlməkdə olan inflyasiya tempinə guya, bir az məhdudlaşdırıcı təsir göstərib. Yoxsa rəsmi olaraq da etiraf edildiyi kimi, bu gün artıq 13 faizdən yuxarı təşkil edən inflyasiyanın səviyyəsi bundan daha yüksək ola bilərdi.
Buna, yəni manatın nominal effektiv məzənnəsinin yüksəlməsinə bir neçə səbəb şərait yaradıb. Birincisi, ölkəmizin əsas ixrac məhsulu olan neftin qiyməti ilə əlaqədar valyuta gəlirləri çoxalıb. İkincisi, demək olar, bütün ölkələrin mərkəzi bankları tərəfindən sərt-pul kredit siyasəti yürüdülür. Üçüncüsü, əsas ticarət tərəfdaşımız olan ölkələrdə, bilavasitə Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusda milli valyutalar dəyərdən düşür. Nəhayət, dördüncüsü isə Azərbaycan Mərkəzi Bankı (AMB) da dövriyyədə olan pul kütləsini sıxır...

Nominal effektiv məzənnə məhz bu səbəblərə görə möhkəmlənib və proses hələ davam edir. Ancaq bunun xeyri ilə yanaşı, zərəri da var. Bu haqda bir qədər sonra...

Məlumdur ki, ölkəmizdə valyuta bazarı inzibati yolla tənzimlənir. Yəni manatın dəyəri sərbəst üzən məzənnə rejimi əsasında müəyyənləşmir. Bu da ondan irəli gəlir ki, valyuta gəlirlərimiz diversifikasiya olunmuş ixrac əsasında formalaşmır. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsindən savayı onun ABŞ dollarına nəzərən neçə illərdir sabit qalması (daha doğrusu saxlanılması) da bir sıra cəhətlər baxımdan əhəmiyyətli rol oynayıb və oynayır. Bu, ən azı AMB-yə ehtiyatlarını artırmağa şərait yaradır. Düzdür, bunun əsas şərtini tədiyyə balansı təşkil edir ki, burada profisit hökm sürərsə, valyuta bazarında təklifin üstünlüyü üçün şərait yaranır və nəticədə də AMB-nin sözügedən bazara müdaxiləsi alışyönlü xarakter daşıyır.

Məhz bu şəraitin töhfəsidir ki, ölkəmizin valyuta ehtiyatları 56 milyard dollara yaxınlaşıb. Yanvar-avqust ayları ərzində sözügedən göstərici 5,1 faiz və yaxud 2,7 milyard ABŞ dolları həcmində artaraq, 55,9 milyard dollara çatıb. Bu, tədiyə balansında profisitin hesabına baş verib. Onun təqribən, 7 milyard yarımdan çox hissəsi AMB-yə məxsusdur. Eyni zamanda, Mərkəzi Bankın beynəlxalq ehtiyatları da valyuta bazarımızda sabitliyin qorunub saxlanması üçün müəyyən qarant rolunu oynayır. Başqa sözlə desəm, sözügedən ehtiyatlar nə qədər çox olsa, manatın sabit qalması bir o qədər təhlükəsiz görünür.

Qısa desəm, yazdıqlarımdan gəlinən nəticə bundan ibarətdir ki, birincisi, hazırda valyuta gəlirlərimiz valyuta xərclərimizdən çox olduğundan manat möhkəmlənməyə meyllidir. Neftin qiyməti büdcədə nəzərdə tutduğumuzdan bahadır və bu vəziyyət uzun müddətdir, belədir. İkincisi isə, yuxarıda qeyd etdiyim kimi inflasiya ilə əlaqədar ölkədə sərt pul-kredit siyasəti həyata keçirilir ki, bütün bunlar da idxal mallarının daxili bazarda dominant rol oynaması üçün təminat yaradır. Belə şəraitdə isə yerli istehsalçıların "əl-qolu" bağlanır.

Bundan kənar qaçmaq mümkündürmü?! Real şəraitdə yox! Əvvəla, inflyasiya kəllə-çarxdadır. Ərzaq inflyasiyası 20 faizi keçib. Digər tərəfdən, bugün bütün inkişaf etmiş ölkələrdə sərt pul-kredit siyasəti həyata keçirilir - mərkəzi banklar uçot dərəcəsini artırırlar. Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusun 2022-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft ixracında xüsusi çəkisi 57 faizdən, idxalda xüsusi çəkisi isə 43 faizdən yuxarı təşkil edib. Bu ölkələrdə milli valyutaların dəyərdən düşməsi təbii ki, onlardan bizə ixracı stimullaşdırıb, bizdən onlara yox.

Lakin avronun ucuzlaşması ilə bağlı da yazmışdım ki, vahid valyutanın manat qarşısında dəyər itirməsi əslində heç bir əhəmiyyət kəsb etmir. O baxımdan ki, avrozonadan gətirdiyimiz mallar ucuz başa gəlmir. Avropada inflyasiya hökm sürdüyündən, oradan idxal etdiyimiz mal və məhsullar heç bir stimulverici xarakter daşıya bilməz, axı özlərində hər şey bahadır!

Odur ki, hazırkı şəraitdə bazarı qorumaq deyil, tənzimləmək daha aktualdır və ilk növbədə məhz bunun öhdəsindən gəlmək tələb olunur. Başqa sözlə desəm, ixracı stimullaşdırmaq müvəqqəti olaraq arxa plana keçib. Bu baxımdan, manatı ucuzladırımaq siyasətindən və bunun zəruri olması kimi faktorlardan ümumiyyətlə söhbət gedə bilməz.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Manat   İnflyasiya  







Xəbər lenti