Cavanşir körpüsü nə vaxt söküləcək?

 Cavanşir körpüsü nə vaxt söküləcək?
  20 Sentyabr 2022    Oxunub:692
Bir neçə il əvvəl "Qaqarin mostu" kimi tanınan "Cavanşir" körpüsünün sökülməsi ilə bağlı məlumat yayılmışdı. Hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi. Bildirilirdi ki, körpü sökülüb, yerində yeni yol çəkiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, hazırda belə bir məsələ müzakirə mövzusu deyil.

Nəqliyyat eksperti Elməddin Muradlı körpünün əhəmiyyətini vurğulayaraq onun sökülməsinin hazırda mümkün olmadığını vurğulayıb:

“Cavanşir körpüsü böyük şəbəkə rolunu oynayır, ötürücülüyü əhəmiyyətlidir. Əvvəl oradan dəmir yolu xətləri keçirdi. Buna görə məhz həmin körpü salınmışdı ki, nəqliyyat vasitələri ilə qatarlar üz-üzə gəlməsin. Hazırda dəmir yolları ləğv edilib, ancaq körpünün əhəmiyyəti yenə də çox böyükdür. Çünki Afiyyəddin Cəlilov, eyni zamanda Üzeyir Hacıbəyov küçələri o körpüyə çıxır. Körpü eyni zamanda Heydər Əliyev və Babək prospektindən gələn nəqliyyat vasitələrinin də yükünü çəkir. Xətai metrosu istiqamətindən gəlib Yusif Səfərov küçəsinə çıxan nəqliyyat vasitələri eyni zamanda Baş Polis İdarəsinin yanından geriyə dönmə edib şəhər istiqamətində qayıdırlar. Gələcəkdə körpü hansısa bir formada öz əhəmiyyətini itirərsə, o zaman sökülə bilər. Amma hal-hazırda onun alternativi yoxdur“.

E.Muradlı qeyd edib ki, körpünün əvəzinə nə olacaqsa onun layihələndirməsi aparılmalıdır.
“Layihə olmadan köhnəsini sökmək barədə düşünmək düzgün deyil. Bu, ağır nəticə verə bilər. Gələcəkdə Afiyyəddin Cəlilov küçəsinin ötürücülüyünü artırmaq üçün hansısa formada orada infrastrukturu dəyişmək mümkündür. Gələcəkdə həmin ərazi ilə bağlı infrastrukturun dəyişilməsi qaçılmazdır. Amma hazırda effekt görmürəm, çünki onun yaxınlığında binaları söküb, yenilərini tikirlər. Artıq bir neçəsi də tikilib. Körpünü o vaxt sökə bilərdilər ki, ətrafda kiçik tikililəri də ləğv edib, ötürücülük qabiliyyəti güclü olan yol şəbəkəsi yaradılsın. Bu gün isə o ötürücülükdən söhbət gedə bilməz. Körpünün sökülməsi xeyrindən çox ziyan vura bilər”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti