Ukraynaya qarşı “elektrik terroru”nda məqsəd nədir?

   Ukraynaya qarşı    “elektrik terroru”nda məqsəd nədir?
  16 Sentyabr 2022    Oxunub:2002
Müharibənin ikiyüzüncü günündə - sentyabrın 11-də,- Ukrayna Silahlı Qüvvələrinin əks hücumlarının qarşısında aciz qalan Rusiya yeni bir mənfur taktikaya əl ataraq, mülki infrastruktura – elektrik stansiyalarına zərbələr endirməyə başladı. Xarkovdakı İES-5, Pavlovqraddakı İES-3, Zmiyevsk İES, Kremençuq İES rus raketlərinə hədəf oldular. Nəticədə 40 yarımstansiya və 7 elektrik xətti elektriksiz qaldı.
Əsas hədəf olan Xarkovdakı İES-5 Ukraynanın elektrik təchizatı infrastrukturundakı vacib halqalardan biri idi. Onu da nəzərə almaq lazımdır ki, 2014-cü ildən bu yana Ukrayna elektroenegetikasının generasiya gücünün 35 faizi (15 giqavatt) Kiyevin nəzarətindən çıxaraq, separatçı ərazilərdə qalmışdı. Müharibə başlayandan sonra hərbi əməliyyatlar zonasında olan Slavyansk və Uqleqor İES-ləri dayandırılmışdı, bu yaxınlarda isə Zaporojye AES də həmin siyahıya qoşuldu. Kaxovdakı İES isə zədələnib və bərpasına azı il yarım vaxt lazımdır.

Ümumilikdə Ukraynanın 15 elektrik stansiyası sıradan çıxarılıb. Əgər bütün bu enerji blokları işləsəydi, Ukrayna nəinki isitmə mövsümünün öhdəsindən gələr, hətta xaricə ildə 70 milyard qriven həcmində elektrik ixrac edə bilərdi. Sentyabrın 10-da Kiyevlə Varşava arasında belə bir razılıq əldə olunmuşdu ki, Ukrayna dekabrda Polşaya kömür və elektrik satacaq. Hazırda Ukraynanın 2 milyon tona yaxın kömür ehtiyatı yığılıb ki, onun Avropa Birliyi ölkələrinə satılması məsələsinə baxılırdı. Amma bu xain və cinayətkar zərbələrdən sonra vəziyyət dəyişir. İndi Ukrayna həmin kömürü özünün salamat qalan enerji bloklarında yandırmağa məcburdur ki, sıradan çıxarılmış generasiya gücünün yerini doldursun.


Kremli narahat edən həm də budur ki, onun Avropanı dondurmaq planı istənilən nəticəni vermir. Vəziyyət heç də Rusiya mediasında və sosial şəbəkələrində yayılan karikaturalarda göstərildiyi kimi deyil. Bəli, Avropa çətinlik çəkir, elektrikin, qazın, suyun (su və kanalizasiya infrastrukturunun işləməsi üçün də elektrik lazımdır axı) qiymətləri kəskin qalxıb. Amma bu iqtisadi-sosial çətinlik onların siyasi iradəsinə təsir etmir, bu isə Kremli qəzəbləndirir. Rusların Ukraynanın elektrik enerjisi sistemini hədəfə almağın səbəblərindən biri də budur.

Nə siyasi, nə də hərbi hədəflərinə çata bilən Rusiyanın mülki infrastruktur obyektlərini hədəfə alması onu göstərir ki, Moskva artıq aciz vəziyyətdə qalıb. Qarşısına qoyduğu məqsədlərə hərbi vasitələrlə, döyüş meydanında çata bilmir. Buna görə də hibrid metodlara əl atmaq istəyir. Amma heç onlar da nəticə verməyəcəklər. Kreml Qərbə gedən qazı kəssə də, Avropa ölkələrinin qaz anbarları artıq 85 faiz doldurulub. Ukraynanın isitmə mövsümünə hazırlığı isə, ölkənin baş nazirinin sözlərinə görə, 75%-dir. Yada salım ki, ötən il bu vaxtlar heç bir müharibə-filan olmayanda Ukrayna isitmə mövsümünə 80% hazırlaşmışdı. Fərq cəmi 5 faizdir. Yəni Rusiyanın bütün bu yaramaz hərəkətləri heç bir nəticə vermir. Necə deyərlər, yetim böyüyür, pislik Əzrayıla qalır.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Ukrayna  





Xəbər lenti