“Mina terroru”nun Laçın mərhələsi: “Sürpriz”lərə hazır olmalıyıq!

   “Mina terroru”nun Laçın mərhələsi:    “Sürpriz”lərə hazır olmalıyıq!
  22 Avqust 2022    Oxunub:14433
Vətən Müharibəsinin başa çatmasından 21 ay keçməsinə baxmayaraq, hələ də Azərbaycan vətəndaşları Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlıqlarını və ya həyatlarını itirməkdə davam edirlər. Ermənistan hökuməti hələ də Azərbaycan vətəndaşlarının minada həlak olmasından zövq aldığını, başqa sözlə desək, mina terrorunu dövlət səviyyəsində dəstəklədiyini Laçında aşkar nümayiş etdirir.
Son iki ildə düşmənin “mina terroru” ilə yaxından tanış olmağımıza baxmayaraq, bu mövzu hələ də aktual və təhlükəli olaraq qalır. Ona görə də, mövzuya təkrar qayıtmaq hərbçilərimiz və vətəndaşlarımız üçün faydalı ola bilər. Keçmiş əsgər valideyni və zabit kimi mən də müəyyən tövsiyələr verməyi özümə borc bilirəm.


İnsan həyatına dəyər verməyən Ermənistan dövləti Azərbaycanın mina təmizlənməsi sahəsində əldə etdiyi təcrübəni nəzərə alaraq, fərqli metodlardan istifadə edə bilər. Odur ki, Laçına daxil olan hissə və bölmələrimiz maksimum ehtiyatlı olmalı və hər addımda düşmənin mina təhlükəsinin gizləndiyini nəzərə almalıdırlar. Təmizlənməyən ərazilərdə hərəkət tam qadağan olunmalıdır.

Laçın ərazisinə daxil olmazdan əvvəl mühəndis bölmələrinin şəxsi heyətinin, onların texniki vasitə və avadanlıqlarının istifadəyə hazırlığı yoxlanılmalı, təhlükəsizlik tədbirləri bir daha şəxsi heyətin nəzərinə çatdırılmalı, döyüş əmrləri və bölmələrin vəzifələri konkretləşdirilməlidir. Ərazinin tədqiqi uzun proses olduğu üçün təhlükəli yerlərin hamısına giriş qadağan olunmalı, qısa müddətdə qırmızı-ağ lentlə işarələnməlidir.

Xüsusi diqqət obyektləri

Vətən Müharibəsi zamanı döyüş əməliyyatının getdiyi ərazilərdə mina ilə bərabər, partlamamış hərbi sursat təhlükəsinə qarşı xüsusilə diqqətli olmaq lazımdır. Hərbi obyektlərə, təlim poliqonlarına, bağlara, su bulaqlarına və s. yoxlanılmadan yaxınlaşmaq qətiyyən olmaz. Küçələrdəki, evlərdəki və həyətlərdəki diqqəti cəlb edən əşyalara toxunmaq qəti qadağandır. Çay kənarındakı daha rahat görünən yerlərdən su götürmək, balıq tutmaq, suya girmək və s. ağır nəticələrə gətirib çıxara bilər.


Qəbiristanlıqlar, tərk edilmiş obyektlər, abidələr, kilsələr, mağazalar, kafe-restoranlar, körpülər və onların alt hissəsi, dar keçidlər, yolların kənarı, ruslara və ya ermənilərə məxsus nəzarət-buraxılış məntəqələri, su mənbələri, artezian quyuları, kəhrizlər, su götürülməsi üçün rahat olan çay sahilləri, kənd təsərrüfatı texnikaları, avtomobillər, yanacaqdoldurma məntəqələri, oyun meydançaları, uşaq oyuncaqları, qida məhsullarının saxlandığı anbarlar, heyvan saxlanılan tövlələr, soyuducular, dolablar, mobil telefonlar və uzaqdan idarəetmə pultları potensial olaraq mina və “sürprizlərin” quraşdırılması üçün geniş istifadə olunan ərazi və obyektlərə aiddir.

“Sürpriz mina” nədir?

“Sürpriz” minalar tank əleyhinə və digər minaların zərərsizləşdirilməsini mümkünsüz edən qurğu kimi nəzərdə tutulur. Bundan başqa, onlardan “əlavə yükdən azad olunma zamanı işə düşən mina tələsi” kimi istifadə edilməsi mümkündür. Bu metod əvvəlcə tank əleyhinə, onyn üzərində isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. Rəhbər sənədlər “sürpriz” minaların təmizlənməsini qadağan edir, çünki bu, minatəmizləyənin həyatı üçün çox təhlükəlidir.


Zərərsizləşdirilməni mümkünsüz edən qurğu kimi istifadə olunan minalar tank əleyhinə (və ya digər) minanın quraşdırıldığı yerdən çıxarılmasını mümkünsüz edir. Buna cəhd edildikdə isə ilk növbədə alt hissədə yerləşdirilən “sürpriz” mina partlayır və bu da öz növbəsində üst tərəfdə yerləşdirilən əsas minanın partlamasına və ikiqat xəsarətin (zərərin) yaranmasına səbəb olur.

Tələ kimi istifadə edildikdə isə mina görünməyən yerdə - məsələn, açıq çuxurda quraşdırılır və onun üzərinə rəqibin marağına səbəb ola biləcək əşya qoyulur. Bu əşyanı (silahı, qutunu, sursat yeşiyini və s.) qaldıran və ya ondan (avtomobildən, rabitə vasitəsindən, nərdivandan və s.) istifadə edən zaman şəxsi heyət partlayış nəticəsində xəsarət alır.


Müharibə zamanı Ermənistan ordusunun əsasən SSRİ/Rusiya və yerli minalardan istifadə etdiyini nəzərə alsaq, o zaman hər iki ölkənin “sürpriz” mina potensialını dəyərləndirmək yerinə düşər. Ermənistan istehsalında “sürpriz” mina olmadığı məlumdur, buna görə də düşmənin həm kustar üsulla hazırlanan, həm də Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan “sürpriz” minalardan istifadəsi mümkündür.

Ermənistan dövlətinin mahiyyətı

40 tonluq ağır texnikanı sıradan çıxarmaq imkanına malik minalardan Ermənistanın canlı qüvvəyə qarşı “sürpriz” metodla istifadə etməsi düşmənin cinayətkar simasını bir daha nümayiş etdirir. “Sürpriz” metodu ilə basdırılan minaların partlaması zamanı şəxsin sağ qalmaq ehtimalı sıfıra bərabər olur. Bu tip “sürpriz” minaya düşən şəxsin tikələrinin hamısını tapmaq da çox vaxt mümkün olmur. Mina insanı havaya uçurur, amma yerə onun az sayda tikələri enir. Ermənistan dövlətinin mahiyyətlərindən biri də bu mənzərədən ibarətdir.

Minaya düşən şəxsin xilas edilməsi

İstənilən halda qeyri-mütəxəssisin minalı əraziyə girişi gec-tez ölüm və ya xəsarətlə nəticələnir. Xəsarət alan və ya həyatını itirən şəxlərın minalı ərazidən çıxarılması isə bəzən on saatlarla zaman tələb edir. Xəsarət alan və ya həlak olan şəxsin çıxarılması üçün onun yerləşdiyi əraziyə qədər cığır təmizlənməlidir, bunun üçün ANAMA-ya və ya digər qurumların müvafiq bölmələrinə məlumat verilməlidir. Onlar da planlı fəaliyyətlərini dayandırmalı, müvafiq heyəti avadanlıq və nəqliyyatla təmin etməli, əraziyə gəlməli, baxış keçirib hadisə yerinə qədər keçidin (çığırın) açılmasına başlamalıdır.


“Sürpriz” minaya düşən şəxsin tikələrini toplamaq isə daha geniş ərazinin təmizlənməsini tələb edir. Bu qədər müddət ərzində yaralı şəxsin sağ qalma ehtimalı da azalır. Onun ərazidən qarmaqla çıxarılması isə növbəti mina partlayışı ilə nəticələnə bilər, odur ki, keçidin açılmasından başqa çıxış yolu yoxdur.

Beləcə, minalı ərazilərə giriş bir neçə dövlət qurumlarını işdən ayırmaqla bərabər, təmizləmə prosesini də ləngidir. Bu isə Qarabağa qayıdışı ən qısa müddətdə təmin etməyə çalışan Azərbaycan dövlətinin maraqlarına da ziddir.


Bir şeyi unutmaq olmaz: Ermənistan tərəfindən minaların fərqli kombinasiyada basdırılmasının əsas məqsədi daha çox insanın öldürülməsini təmin etmək üçün partlayış dalğasının gücünü maksimum artırmaqdan ibarətdir. Vətəndaşlarımız və hərbçilərimiz də Ermənistanın mənfur niyyətinin həyata keçməsinə imkan verməmək, yaxınlarını üzməmək və sağlamlıqlarını qorumaq üçün təhlükəli ərazilərə icazəsiz daxil olmamalıdırlar.

Ermənistan ödəməlidir!

İstənilən halda Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə müxtəlif konfiqurasiyalarda basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıltmasına mane olmaq məqsədi daşıyır. Ermənistan minalı ərazilərin qeyri-dəqiq xəritələrini təqdim etsə də, böyük maliyyə aparan prosesi Azərbaycan dövləti öz vəsaiti hesabına həyata keçirir. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. İrəvan tərəfindən təqdim edilən xəritələrin qeyri-dəqiqliyi döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərə qarşı müharibəni hələ də davam etdirməsi deməkdir. Belə olan halda mövcud faktlar əsasında Ermənistanın məsuliyyət daşıması üçün hüquqi prosedurlara başlamalıyıq, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər minaların təmizlənməsinə xərclənən vəsaiti də tam həcmdə Ermənistandan tələb etməliyik.

Nəticə

Ermənistanın mina istehsalı potensialı Azərbaycan ərazilərinə fərqli konfiqurasiyada böyük miqdarda mina və “sürprizlər” yerləşdirməyə imkan verib. Minaların təmizlənməsi ilə məşğul olan ANAMA və mühəndis qoşunlarının mütəxəssisləri Ermənistan tərəfindən tətbiq edilən “sürpriz” minalar və “mina tələləri” ilə tez-tez rastlaşırlar. Şuşa, Ağdam və Fizuli rayonlarında rast gəlinən erməni “sürprizləri” adətən tank əleyinə mina ilə piyada əleyhinə minanın sintezindən ibarət olur. Ermənistanın mühəndis istehkam bölmələri tank əleyhinə minanın korpusuna üst tərəfdən bağlanan və mərkəzdə yerləşən mina partlayıcısını (MVÇ, MVZ və s) çıxarıb, onun əvəzində yerli istehsal olan PMN-E minalarını yerləşdirməklə, partlayışın gücünü dəfələrlə artıra bilirdilər.


ANAMA əməkdaşları Ermənistan tərəfindən müxtəlif konfiqurasiyalarda, o cümlədən, piyada və tank əleyhinə minanın bir yerdə basdırıldığını, MON minasının ağacın yaşıl yarpaqlarının altında yerləşdirlməsini, əl qumbarasının və ya OZM minasının qoruyucusunu məftillə “sürpriz” halına gətirilməsini, 152 mm.-lik mərmilərin kustar üsulla partlayıcısını çıxarıb, əvəzinə elektrik detonatorunun quraşdırılmasını, evlərin gün düşməyən hissəsində və döşəmənin altında piyada əleyhinə minanın yerləşdirilməsini dəfələrlə aşkarlayaraq, təhlükəsiz şəkildə zərərsizləşdirilməsini həyata keçiriblər.

Bütün bu faktlar ilə Azərbaycan tərəfinin daha əvvəllər tanış olduğunu nəzərə alan erməni silahlılarının Laçında və daha sonra boşaldılacaq digər ərazilərdə yeni metodlardan istifadə edəcəkləri istisna deyil. Buna görə də yeni azad edilən ərazilərə daxil olan hərbçilərimiz və mülki şəxslərimiz hər addımda daha tədbirli, daha ehtiyatlı olmalı, ani bir səhvlə düşməni sevindirməli deyillər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Qalereya




Teqlər: Mina  





Xəbər lenti