Zəngilanda “ASAN xidmət” fəaliyyətə başlayıb

   Zəngilanda “ASAN xidmət” fəaliyyətə başlayıb
  05 Avqust 2022    Oxunub:377
Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb.
Bu barədə AzVision.az -a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub. Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub. İlkin olaraq yerində 37 nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.

Həmçinin sorğu nəticəsində 30 nəfərə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, 3 nəfərə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, 1 nəfərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, 5 nəfərə isə məhkumluq arayışının verilməsi xidməti üzrə ehtiyac müəyyən edilib.

Səyyar ASAN xidmət tərəfindən 9 avqust 2022-ci il tarixində müəyyən edilmiş ehtiyaclar üzrə müvafiq xidmətlərin göstərilməsi təmin ediləcəkdir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az

Teqlər:







Xəbər lenti