Məhkum yeniyetmələr arasında Badminton yarışı keçirildi - FOTOLAR

 Məhkum yeniyetmələr arasında Badminton yarışı keçirildi -  FOTOLAR
  05 Avqust 2022    Oxunub:965
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələr üçün mütəmadi olaraq tədbirlər keçirir.
AzVision.az xəbər verir ki, məqsəd müəssisədə olan uşaqların asudə vaxtlarının səmərəli təşkilidir.

Tərbiyə Müəssisəsində keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, belə tədbirlər məhkum yeniyetmələrin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.

"Bu gün badminton idman yarışının yekun mərhələsidir. Artıq mükafatlandırılma mərasimi keçiriləcək. Dövlət bütün hallarda sizin üçün şərait yaradıb. Təhsildən geri qalmamaq üçün məktəbiniz, tibb müəssisəniz, müəllimləriniz. Hər kəs çalışır ki, siz bu müəssisədən çıxdıqdan sonra cəmiyyətə inteqrasiya olasınız".

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Raqif Abbasov bildirib ki, bu gün məhkumların arasında idmançılar da var: "Ümumiyyətlə hər kəs yaşadığı müddətdə sabahını düşünməlidir. Dünyada tanınmış idmançılar var ki, onlar da dustaq həyatı sürüb. Məsələn, Mayk Tayson, İtaliya millisində oynayan futbolçular. Bura düşməyiniz sizi həvəsdən salmasın, həyatınız hələ qabaqdadır. Ola bilər ki sizin aranızda musiqiyə, incəsənətə marağı olanlar da var. Amma biz sizi idmana dəvət edirik. İdman sağlam ruhu, vətənə bağlılığı formalaşdırır. 44 günlük Vətən müharibəsində şəhid olanlar arasında dustaq həyatı yaşayanlar da olub"

Azərbaycan Badminton Federasiyasının Ramin Hacıyev bildirib ki, qalib gələn 3 finalçıya federasiya tərəfindən hədiyyələr təqdim olunacaq:

"Biz çalışırıq ki, bu kimi turnirlər mütəmadi keçirilsin. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin digər müəssisələrində də bu cür turnirlərin keçirilməsi üçün danışıqlar aparmaq istəyirik. Hətta gələcəkdə cəzaçəkmə müəssisələrində Badminton üzrə təbliğatın daha yaxşı aparılması üçün burada məşqçilərin fəaliyyətinin təmin edilməsi də gözlənilir".























Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti