Hərbçilərin pensiya təyinatı ilə bağlı yeni qərar

Hərbçilərin pensiya təyinatı ilə bağlı yeni qərar
  26 Aprel 2014    Oxunub:1860
Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair qərar verib.
APA-nın verdiyi məlumata görə, qərara əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 2004-cü il 1 sentyabr tarixli 728-IIQD nömrəli qanunun qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapıb. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilib. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Nazirlər Kabineti müəyyən edib. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, “Əmək pensiyaları haqqında” 2006-cı il 7 fevral tarixli qanunla hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 1992-ci il 29 aprel tarixli qanun qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Qərar dərc edildiyi gündən qüvvəyə minib, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Xatırladaq ki, 2004-cü il 1 sentyabr tarixdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunda dəyişiklik edilib və xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilib. Eyni zamanda qanunun 16-cı maddəsinə dəyişiklik edilərək ikinci hissəyə əlavə olunub. Həmin əlavədə qeyd olunub ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bundan sonra “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 68-ci maddəsinin birinci hissəsi dəyişdirilib və hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünün ikiqat ölçüdə hesablanması əksini tapıb. Bu da 2004-cü il sentyabrın 1-dək döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara pensiya təyinatı ilə bağlı mübahisəli məqamın yaranmasına səbəb olmuşdu.


Teqlər:





Xəbər lenti