“Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik”

“Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik”
  26 Aprel 2014    Oxunub:699
"Şahdəniz"in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcək.

AzVision.az AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitin plenar iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu 5 il ərzində Avropa İttifaqının üzvü olan dövlətlərlə Azərbaycanın əlaqələri çox geniş və konstruktiv olub: "Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk".
Dövlət başçısı qeyd edib ki, müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir: "İqtisadi sahədə biz çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir".

Prezident bildirib ki, Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir: "Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra 45 milyard dollar dəyərində Avropanın ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaq. Nəhəng qaz yatağı olan "Şahdəniz"in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək".


Teqlər:  





Xəbər lenti