Həm ziyarət, həm ticarət, həm mədəniyyət – Şakir Eminbəylinin səfər qeydləri

   Həm ziyarət, həm ticarət, həm mədəniyyət –    Şakir Eminbəylinin səfər qeydləri
  01 İyul 2022    Oxunub:1884
Gəlin, sizə daha bir Türk dövlətinə qısa, amma maraqlı səyahətimdən söhbət açım. Deməyə də utanıram, Xəzərin o tayında yerləşən dost-qardaş Qazaxıstana ilk səfərim idi. Dövlət başçısı İlham Əliyev cənablarının təşəbbüsü ilə 2019-cu ildə Qazaxıstanda Azərbaycan Ticarət Evi yaradılıb. Bu qurum təkcə Azərbaycan məhsullarının qonşu ölkədə tanıtımı ilə deyil, paralel olaraq ölkəmiz adına çoxsaylı müxtəlif humanitar məsələləri, o cümlədən də mədəni və sosial layihələri gerçəkləşdirir.
Qazaxıstana səfər təklifi də məhz elə bu təşkilatın qurucusu və rəhbəri, illərdir dostluq etdiyim Rəhim Sultanovdan gəldi. Zərrəcə düşünmədən cavabım "gedək" oldu.


45 dəqiqəlik uçuş. Sən demə, Azərbaycanla Qazaxıstanı cəmi bir futbol hissəsi ayırırmış...
Paytaxt Nur-Sultana birbaşa uçuş olmadığından, səfərimiz Aktau şəhərindən başladı. Xəzərin o biri sahilində yerləşən, təbii sərvətləri ilə Qazaxıstan iqtisadiyyatına öz dəyərli töhfəsini verən Aktau ilk növbədə geniş küçələrilə bərabər, yaşıllığın yoxluğu ilə diqqətimi cəlb etdi. Burada yaşıllığa rast gəlmək əsl möcüzə sayılır. Yəni ən yaxşı halda ağackimilər fəsiləsindən kol-kosa rast gələ bilərsən. Toz burulğanı isə adi təbiət hadisəsidir. Yaxşı ki, elə gecə reysilə paytaxta gedəcəkdik. Bu səbəbdən də amansız iqlim şəraitinə müəyyən zaman kəsiyində dözmək olardı.


Ucsuz-bucaqsız Qazaxıstanın bir başından o biri başına uçuş təxminən Bakıdan İstanbula qədər zaman tələb edir. Səfərimiz həm ziyarət, həm ticarət olsun deyə, Ticarət Evimizdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət kiçik Sərgi təşkil etmək qərarına hələ Bakıda gəlmişdik. "Art Zone" Simpoziumunun daimi iştirakçıları Rafail Aliyev, İlqar Tahiri, Azər Əliyev, Məmmədhüseyn Hüseynov, Anar Hüseynzadə, Röya Həsənova, Elşən Qaraca, Azər Əliyev və Adil Yusifin işlərini də qoltuğumuza vurmaqda məqsədimiz həm qardaş qazaxları incəsənətimizlə tanış etmək, həm də bu sahədəki boşluğu doldurmaq idi. Özbəkistan təcrübəsindən yaranan ideyaların Qazaxıstanda da tətbiqi ölkəmizin incəsənət nümunələrilə Türk xalqlarını tanış etmək, ilk növbədə zəngin mədəniyyətimizin təbliği deməkdir.


Türk dünyasının ağsaqqallarından biri sayılan, Qazaxıstanın ilk prezidenti Nazarbayev siyasi səhnədə görünməsə də, adını daşıyan paytaxt Nur-Sultan sözün hər mənasında nur saçır. Mübağiləsiz deyə bilərəm ki, uzaqgörən tarixi şəxsiyyət saydığım Nazarbayev çölün düzündə müasir insan məskəni salmağa nail olub. Bütün dövlət orqanları, məmur və iş adamlarının cəmləşdiyi bu şəhər Işım çayının sağ və sol sahillərdən ibarətdir. Əvvəllər Akmolinsk, Seliniqrad, Akmola, nəhayət Astana adlanan yaşayış məskənləri məhz elə sağ sahildə qərar tutmuşdu.


Dizaynı dünyanın aparıcı memarlarıq studiyaları tərəfindən verilmiş hi-tech binaların sol sahildə ucaldığı New Astana/Nur-Sultan əslində dünyanın tipik iqtisadi şəhərlərini xatırladır. Şəhər sıfırdan inşa olunduğuna görə geniş prospektlər, küçələr və meydanlardan ibarətdir. Binalar adda-budda milli ornamentlərlə bəzədilsə də, əslində özünəməxsusluğu ilə fərqlənmir. Ruhu yoxdur. Mənə görə, təbii.


Amma Aktaudan fərqli olaraq, sərt iqlim şəraitinə rəğmən yaşıllığın bolluğu ilə gözümü oxşadı paytaxt Nur-Sultan. Burda əkilən yüz minlərlə ağac artıq boy atıb və yerli sakinlərin söylədiyi kimi, bəlli zaman kəsiyində şəhərdə iqlim dəyişikliyinə gətirib çıxarıb. Sözün yaxşı mənasında.


Azərbaycan Ticarət Evi paytaxtın tam göbəyində, Prezident iqamətgahının ətrafında yerləşir. Ticari təmsilçiliyimiz ilə yanaşı, divar-divara fəaliyyət göstərən "Dolma" restoranı istər yerli, istərsə də burada yaşayan Azərbaycanlıların doğma evinə çevrilib.


Sərgimizi hər kəsin tanıdığı Ticarət Evində keçirməyə qərar vermişdik. Azərbaycanın Qazaxıstandakı diplomatik korpus nümayəndələrinin, yerli iş adamlarının, eləcə də həmin günlər Qazaxıstanda işgüzar səfərdə olan biznes nümayəndələrinin iştirakı ilə improvizə olunmuş açılışda sərgilənən əsərlər və onların müəllifləri haqqında ətraflı məlumat verildi.


Mədəniyyətin ən önəmli sahələrindən biri sayılan təsviri sənət dünyanın heç bir yerində kütləvi xarakteri daşımır. Onun öz auditoriyası, öz seyrçisi var. İstər Paris olsun, istər Berlin, New York, İstanbul, Tokio - fərq eləməz, hər yerdə hər şeyin öz bazı, öz xiridarı mövcuddur. Parisə gedəndə baş çəkmək istədiyimiz əsas məkanlardan birinin məşhur "Louvre" Muzeyi, Moskvada "Большой театр" olması hər şeyi deyir. Bəlkə də gördüyümüz rəsmin, dinlədiyimiz musiqinin dərinliyindən ciddi anlayışımız yoxdur, amma, mədəniyyətlə təmas bizi mənəvi olaraq zənginləşdirir, içimizdəki boşluğu doldurur. Bu ehtiyacın nə vaxt və necə yarandığını bilmirik. Fərqində olmadan, azca da olsa gözümüz və qulağımız zövq alır, dincəlir, insan "qurdunu öldürür".


Rəsm əsəri dollar deyil ki, hər kəsin könlünü oxşasın. Amma hər hansı əmtəəyə maraq ilk növbədə maarifçilikdən başlayır. Məqsədimiz ölkəmizin tarixini, mədəniyyətimizi daha da dolğun və düzgün təbliğ etmək üçün müxtəlif alətlərdən istifadə etməklə istəyimizə nail olmaqdan ibarətdir. Təsviri sənətin də ilk baxışdan görünməyən gücü məhz budur!


Səfər müddətində yalnız arzu etdiyim ölkə ilə deyil, həm də Qazaxıstanın başlıca sərvəti sayılan insanları ilə də tanışlıq imkanı qazandım. Nur-Sultanda çox populyar rəssam, sənətşünas, pedaqoq, saysız-hesabsız sərgilərin, simpoziumların peşəkar təşkilatçısı və nəhayət, gözəl insan kimi tanınan Leyla xanım Mahat ilə yaranan səmimi və işgüzar münasibət yarandı. Nəticədə yaxın zamanda bu kiçik başlanğıcı daha böyük sərgi salonlarına daşımaq, mədəniyyətimizi, incəsənət nümunələrimizi daha geniş auditoriyaya qarşısında nümayiş etdirmək fikiri ortaya çıxdı.


Qazaxıstan güclü iqtisadiyyata malik böyük, qonşu və qardaş ölkədir. Türk dünyasının ayrılmaz bir parçasıdır. Dünyanın siyasi və iqtisadi xəritəsi, güc mərkəzləri sürətlə dəyişir. Öz coğrafiyamızda biz dəyişən dünyanı daim təqib etməyi bacarmalıyıq - daha da güclü, daha da iddialı olmaq üçün. Hər bir uğur atılan ilk və kiçik addımlardan başlayır.





Şakir Eminbəyli

Teqlər:







Xəbər lenti