“Azərsığorta”nın 5 ayda ödədiyi vəsaitlərin həcmi 10 milyon manatı ötüb

“Azərsığorta”nın 5 ayda ödədiyi vəsaitlərin həcmi 10 milyon manatı ötüb
  22 İyun 2022    Oxunub:874
100 ildən çox tarixə malik olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-may ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.
Mətbuat katibliyindən AzVision.az -a verilən məlumata görə, 2022-ci ilin yanvar-may aylarında şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 10 410 339 manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayında artım müşahidə olunub. Belə ki, cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, may ayında bu rəqəm 269 nəfər və ya 15,2% artaraq 2041 nəfərə çatıb.

Ümumilikdə, cari ilin yanvar-may aylarında “Azərsığorta” şirkəti tərəfindən 10311 müştəriyə sığorta ödənişi verilmişdir.

Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.

Qeyd edək ki, “Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir

AzVision.az



Teqlər: Sığorta  





Xəbər lenti