Dünya Türk raketlərindən danışacaq – ARAŞDIRMA

// Türkiyə ABŞ-dan raket asılılığını aradan qaldırır

   Dünya Türk raketlərindən danışacaq –    ARAŞDIRMA
  13 İyun 2022    Oxunub:4463
Türkiyə son illərdə müdafiə sənayesinin ən mürəkkəb sahələrindən olan reket istehsalında ciddi addımlar atmaqda davam edir. Hava hücumundan müdafiə sistemlərininin bütün eşalonları üçün nəzərdə tutulan aviasiya raketləri Türkiyənin müttəfiqlərinin, o cümlədən, Azərbaycanın silahlanması üçün mühüm əhəmiyyətə malikdir.
Türkiyənin hava məkanının qorunması üçün əsas komponentə çevriləcək “Gökdoğan” “Bozdoğan” raketlərinin seriya istehsalına hazırlıq son mərhələsinə qədəm qoyub. “Hava-hava” tipli aviasiya raketləri aktiv radiolokasiyalı özütuşlama sistemi ilə təchiz edilir. Hazırda yerüstü sınaqların bitdiyi, təyyarədən buraxılış sınaqlarının isə başa çatmaq üzrə olduğu bildirilir.

Seriya istehsalı

Türkiyənin Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan hər iki raketin seriya istehsalı bu il başlayacaq. Bu raketlərin Türkiyə HHQ-sinə kütləvi çatdırılması ilə ABŞ-dan idxal edilən AIM-9 və AIM-120 raketlərindən asılılıq aradan qalxacaq. Digər tərəfdən isə çox baha qiymətə satılan ABŞ raketlərinin tədarükü zamanı Türkiyəyə süni problemlər də yaradılırdı. Bu raketlərin həm pilotlu, həm də ağır pilotsuz aviasiyada istifadəsi mümkündür.


İstehsalçı və inkişaf proqramı

İstehsalçı SAGE şirkəti 2013-cü ildən hava raketlərinə aid proqramının həyata keçirilməsinə başlayıb. Mütəxəssislər yerli türk raketlərinin ABŞ-ın “AIM-9”, İsrailin “Python-5” və Rusiyanın “R-73” raketlərindən geri qalmadığını, bəzi parametrlər üzrə daha üstün olduğunu qeyd edirlər. Bu proqram çərçivəsində Türkiyədə orta və qısa mənzilli, yüksək dəqiqliklə məhvetmə qabiliyyətinə, minimum yayınma göstəricisinə malik, hər şəraitdə istifadə edilə bilən raketlər hazırlandı. Az tüstülü, qatı yanacaq texnologiyalı, yüksək etibarlılıq və təhlükəsizlik səviyyəsilə fərqlənən tam elektron reaktiv mühərrikli bu raketlər iki vektor sayəsində yüksək manevr imkanlarına, müasir axtarış və aşkarlama başlığına sahibdirlər.

“Bozdoğan”

“Hava-hava” tipli “Bozdoğan” idarəolunan raketi Türkiyənin Hərbi Hava Qüvvələrinin istifadəsində olan AIM-9 “Sidewinder” raketlərinin yerini tutacaq. Raketin hazırlanmasında IRIS-T korpus quruluşundan, “Hisar-A” və “Hisar-O” sistemlərində tətbiq olunan ASELSAN-ın IRR infraqırmızı aşkarlama sistemindən istifadə edilir. Bu isə hədəfin yalnız isti hissələrini deyil, onu bütöv formada iki müxtəlif rəngdə, yüksək kontrastda görüntüləməyə imkan verir.


“Bozdoğan” raketi düşmən təyyarələrinə, helikopterlərinə və PUA-larına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulur. Raket “atdım-unutdum” xüsusiyyətli ağıllı izləmə sistemindən istifadə edir. Bu raket atıldıqdan sonra tuşlayıcı dəstəyi olmadan da hədəfin vurulmasını təmin edir. Pilot (operator) hədəfi nişan alandan sonra raket hədəfə kilidlənir, məlumatları yaddaşında saxlayır və kənar kimsənin müdaxiləsi olmadan hədəfi, hərəkət etsə belə, özü izləyir, tapır və dəqiqliklə məhv edir.

“Bozdoğan” raketi aktiv RLS başlığına, maneə mənbəyini izləmək, məlumat bazasını və hədəf məlumatlarını yeniləmək, eyni zamanda müxtəlif hədəflərə paralel tuşlanmaq və hədəfləri zəmanətlə məhv etmək kimi üstün xüsusiyyətlərə malikdir.


25 km atəş məsafəsinə malik 160 mm-lik "Bozdoğan" raketinin kütləsi 140 kq, sürəti isə 4 Max-a yaxındır. 2020-ci ildə “F-16” döyüş təyyarəsinin qanad stimulyatorundan buraxılaraq, son yerüstü sınağını tamamladı. Daha sonra raket 2021-ci il, aprelin 7-də ilk "hava-hava" canlı atəş sınağını uğurla həyata keçirdi. Raketin bu il inventara daxil olacağı gözlənilir.

“Gökdoğan”

2019-cu ilin aprel ayında TÜBİTAK-SAGE və 401-ci Sınaq Donanması Komandanlığı ilə əməkdaşlıq çərçivəsində “Gökdoğan” raketinin sınaqlarına başlanılıb. 2019-cu ilin noyabr ayında yerdəki “F-16”nın qanadından sınaq atışı həyata keçirilib və yüksək sürətli pilotsuz uçuş aparatı 4 kilometr yüksəklikdə uğurla məhv edilib. Raketlərdə az dumanlı qatı yanacaq texnologiyasından, yüksək etibarlılıq və təhlükəsizlik səviyyəsinə sahib tam elektron reaktiv mühərrikdən, mühafizə olunan atəş və etibarlılığı təmin edən fasiləsiz izləmə sistemindən istifadə edilir.

Raketlərə qarşı tələblər

Bu tip raketlərin yeni versiyalarına qarşı sürülən tələblərdən biri də HOBS (High-Off-Boresight) xüsusiyyətinə, yəni yüksək yan görünüş bucağına sahib olmasıdır. Yeni raketlər “F-16”larda istifadə edilən CCİP, indi isə “F-35” qırıcıları üçün modernləşdirilən JHMCS (Joint Helmet Mounted Cueing System - Şlemə Montaj Edilən Müştərək Nişangah) sistemi vasitəsi ilə raketlər 90 dərəcə bucaq altında olan hədəflərə belə kilidlənə biləcək. 5-ci nəsil qırıcılarda istifadə edilən bu xüsusiyyətlər raketlərin gələcəyin silahları olacağından xəbər verir.

Nəticə

Beləliklə, Türkiyə Hava Qüvvələri tərəfindən istifadə olunan AIM-120 AMRAAM və AIM-9 “Sidewinder” raketinin yerini alacaq yeni raketlərin Türkiyə şirkəti tərəfindən ilk dəfə seriya istehsalına təqdim edilməsi mühüm nailiyyətdir. Hər iki raket MIL-STD-1553 & MIL-STD-1760 beynəlxalq standartlarına uyğundur və “F- 15”, “F-16”, “F-18”, “F-22” və “F-35” kimi qırıcılara quraşdırılan LAU-129 atıcı qurğularından buraxılması mümkündür.


Orta mənzilli “Gökdoğan” raketi hazırda Türkiyənin “F-16” qırıcılarında istifadə olunan AIM-9 “Sidewinder” raketlərini ən geci gələn ildən əvəz etməyə başlayacaq. Uzaqmənzilli “Bozdoğan” raketləri isə Türkiyənin milli döyüş təyyarələrində istifadə üçün nəzərdə tutulsa da, ondan daha əvvəl silahlanmaya qəbul ediləcək. Beləliklə, Türkiyə hava məkanının toxunulmazlığının təminatı məsələsində müttəfiqlərindən belə asılı olmamaq üçün kifayət qədər ciddi addımlar atmaqda davam edir.

Türkiyədə istehsal edilən bütün silah və avadanlıqların Azərbaycan üçün əlçatan olması baxımından bu raketlər Bakını da maraqlandıra bilər. Bu raketlər qısa zamanda yerli PUA-lar qədər məşhurlaşacaq. Türkiyə şirkətlərinin əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, daim daha üstün texnologiyaya sahiblənmək üçün böyük resurslar sərf etdiklərini nəzərə alsaq, bu raketlərin 2022-ci il ərzində yerli AKINCI PUA-larından, sonrakı illərdə isə son nəsil MİUS qırıcısından buraxılmasını da izləyəcəyik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Türkiyə   Raket  





Xəbər lenti