İsrail kəşfiyyatı yeni “MiQ-21”i necə oğurlamışdı – Məxfi Dosye

      İsrail kəşfiyyatı    yeni “MiQ-21”i necə oğurlamışdı –    Məxfi Dosye
  03 İyun 2022    Oxunub:14625
60-cı illərin ortalarında ərəb ölkələri ilə yeni müharibəyə hazırlaşan İsrailin əsas problemlərindən biri Suriya, Misir və İraqın ən yeni “MiQ-21” qırıcıları ilə təchiz olunması idi. İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general Ezer Vaysman “Mossad”ın rəhbərindən sovet qırıcısının uçuş xüsusiyyətlərini, silahlandırılmasını və imkanlarını ətraflı öyrənmək üçün nümunə əldə etməyi xahiş edir və kəşfiyyat işə girişir...


Uğursuz cəhdlər

“MiQ-21”i qaçırmaq üçün ilk cəhdlər uğursuz oldu. İş burasındaydı ki, MiQ təyyarələrini idarə etmək üçün ən yaxşı və ən etibarlı pilotlar seçilmişdi, çünki SSRİ-də ən yeni qırıcının Qərbin əlinə keçəcəyindən bərk ehtiyat edirdilər. Bu pilotları rüşvətlə ələ almaq mümkün deyildi...

İsrailin ən yaxşı agentlərindən biri Con Leon Tomas Misir Hərbi Hava Qüvvələrinin zabiti Xuan Karlosla əlaqə saxlayaraq, yeni təyyarəni İsrail və ya Kiprə qaçırmasının müqabilində bir milyon dollar təklif edir. Lakin Xuan Karlos agenti təhlükəsizlik xidmətinə təhvil verir və o, ölüm cəzasına məhkum edilir. Beləliklə, “Mossad” müharibə ərəfəsində agentlərindən birini itirir.


İkinci cəhd də uğursuz alınır. Misirli pilot “MiQ-21”i deyil, təlim təyyarəsini qaçırdı. Bundan sonra “Mossad” ələ keçirmək istədiyi yeni “namizədləri” daha diqqətlə öyrənməyə başlayır. Lakin problem həllini öz-özünə tapır.

“Yusiflə əlaqə saxla”

Günlərin birində Parisdəki səfirliyə daxil olan naməlum şəxs hərbi attaşeyə bir Bağdad telefon nömrəsi verir və deyir ki, əgər MiQ almaq istəyirlərsə, Yusiflə əlaqə yaratsınlar. Məlumat “Mossad”a ötürülür. Kəşfiyyatın yeni rəisi Meir Amit bu təkliflə maraqlanır. O, cəhdin böyük risk olduğunu və tələyə düşə biləcəklərini anlayırdı. Bununla belə, Amit risk etməyə qərar verir.

Meir Amit

Əməliyyatı həyata keçirmək üçün Mixail Şeronun komandanlığı altında xüsusi qrup yaradılır. Şeron əməliyyat üçün ideal namizəd tapir: bu, gənc israilli kəşfiyyatçı İosif Mansur idi. Yerusəlim Universitetinin məzunu olan Mansur ərəb və ingilis dillərini mükəmməl bilirdi. Onu işdən agah edir və başa salırlar ki, zəng vuracağı adam çox güman ki, təxribatçıdır, onu tələyə salmağa çalışacaq.

Kəşfiyyatçıya açıq şəkildə deyilir ki, hazırda MiQ onun həyatından daha vacibdir. Uğur qazanmaq şansı son dərəcə aşağı olsa da, Mansur İraqa getməyə razı olur.

Əməliyyat planı

Əməliyyatı ört-basdır etmək üçün saxta şirkət qurulur. Sənədlərə görə, Mansur özü guya tibbi avadanlıq alveri edən ingilis idi. Dörd həftə sonra rentgen avadanlıqları üzrə mütəxəssis İosif Mansur (ona İsraildə təcili təlim keçilmişdi) ingilis qiyafəsində Bağdada uçur və Saadan küçəsindəki dəbdəbəli köhnə otelə yerləşir. Həftə ərzində o, xəstəxanalara və Səhiyyə Nazirliyindəki məsul şəxslərə baş çəkib, hər yerdə öz avadanlıqlarını təklif edirdi.


Planı kifayət qədər götür-qoy etdikdən sonra o, nəhayət, sirli “Yusifə” zəng vurmağa qərar verir. Amma xəttin o başındakı naməlum şəxs telefonu açıb, onun kimliyini dəqiqləşdirmək istəyir. Mansur karıxır və ancaq “başqa şəhərdən gələn dost” deyə bilir. Həmsöhbəti xeyli susur. Bir neçə dəqiqədən sonra telefona Yusif özü cavab verir.

Onlar əvvəllər səfirlikdə görüşdükləri “dostlar” haqqında bir-iki ümumi kəlmə kəsirlər. Mansur həyəcanından bütün təlimatı unutmuşdu. O, yeri və vaxtı özü seçməli idi, lakin Yusif onu qabaqlayaraq, şəhərin mərkəzində görüşməyi təklif edir. Mansur özünü itirsə də, razılaşır.

“MiQ-21” neçəyədir?

O, görüşə pusquya düşəcəyini gözləyərək gedir. Amma heç bir tələ yox idi. Mansur altmış yaşlarında yaşlı bir kişi ilə görüşür. Kişi xristian-assur Redfa ailəsinin evində qulluqçu idi, ancaq Bağdaddan getməyi arzulayırdı. Həm də “MiQ-21”i idarə edən İraq Hərbi Hava Qüvvələrinin gənc zabiti Munir Redfa ilə tanış idi. Yusif birbaşa və qorxmadan Mansurdan MiG-ə ehtiyacı olub-olmadığını soruşur. Sonra əlavə edir ki, çox baha başa gələcək.

Bağdad. 60-cı illər

Pilot Munir Redfa əməliyyatların birində ona kürdləri bombalamaq əmrinin verilməsindən narazı idi. O, xristian ailəsindən idi və dininə qarşı təqiblərdən məmnun deyildi. Qaçacağından qorxduqları və ona etibar etmədikləri üçün benzin bakının yarımçıq doldurulmasından da şikayətlənirdi.

Yusif başa düşmüşdü ki, Müniri təyyarəni qaçırmağa razı salmaq olar. Növbəti pilot 500 min funt sterlinq, ailəsinin və özünün Bağdaddan İsrailə aparılmasını istəyir. Mansur məlumatı “Mossad”a ötürür.

Söylənənlərə “Mossad”da şübhə ilə yanaşsalar da, kəşfiyyatın rəhbəri Meir Amit fürsətdən istifadə etmək qərarına gəlir. Ən yeni rus qırıcısını əldə etmək şansı puldan qiymətli idi. Yusifə belə bir plan təklif edilir: onun əmisi müalicə adı altında İsveçrəyə aparılacaqdı. Həyat yoldaşını, uşaqlarını və digər qohumlarını Kürdüstandan İrana, sonra isə İsrailə keçirəcəkdilər.

“Mossad” qollarını çırmalayır

Əməliyyatı həyata keçirmək üçün beş operativ qrup yaradıldı. İşə başlamazdan əvvəl təsadüfi görüşlər və ifşa riskini aradan qaldırmaq üçün bütün kəşfiyyat şəbəkəsi Bağdaddan çıxarıldı.
Mansurdan və şəhərdə yaşayan bir radio operatorundan ibarət olan birinci qrupun vəzifəsi Redfa ailəsi ilə ünsiyyət qurmaq idi.
Bağdadda yerləşən ikinci qrup bir hadisə baş verəcəyi təqdirdə Mansuru dəstəkləməli olan dörd nəfərdən ibarət idi. Amma Mansur onların kimliklərini və yerlərini bilmirdi.
Üçüncü qrup ailə üzvlərini izləyirdi və hər hansı şübhəli halı mərkəzə bildirməli idi.
Dördüncü qrup Kürdüstana getməli və Münirin ailəsini İraqdan çıxarmaq üçün yerli kürdlərlə danışıqlar aparmalı idi.
Beşinci qrup İranın Əhvaz şəhərində idi. O, Redfa ailəsini İraqı tərk etdikdən sonra təhvil verəcəkdi.


Bu zaman ortaya xoşagəlməz bir hal çıxdı: Redfa ailəsi təkcə ən yaxınların deyil, həm də bütün nənə və babaların, bacı və qardaşların, hətta bəzi qulluqçuların ölkədən çıxarılmasını istəyirdi. Bunu həyata keçirmək olduqca çətin idi, çünki kimsə ağzından nəsə qaçıra bilərdi. Əməliyyatın rəhbəri Şaron çıxış yolunu taparaq, “ailə üzvlərinə” hara getdiklərini sona qədər deməməyi tapşırdı.

Əməliyyat başlayır

Tezliklə planı həyata keçirilməyə başladılar. Munirin əmisi müalicə üçün İsveçrəyə getdi və "gizli kod"u olan açıqca göndərdi ki, "hər şey yaxşıdır”. Bu, “pulu aldım" demək idi. Pilotun oğluna Londonda təcili müalicəyə ehtiyacı olduğu barədə arayış verildi və o, Munir Redfanın həyat yoldaşının müşayiəti ilə dərhal ora aparıldı. Yeri gəlmişkən, qadın həqiqəti biləndə xeyli narazı qalmışdı və hər şeyi İraqın təhlükəsizlik xidmətinə danışacağı ilə hədələyibmiş…

İsraillilər şübhə doğurmamaq üçün ailənin qalan üzvlərinin Munirin uçuşu ilə eyni vaxtda çıxarmağı düşünürdülər. Onlar kürdlərin lideri Şeyx Bərzani ilə razılığa gəlirlər ki, agentləri Redfa ailəsinin bütün qalan üzvlərini kürd əraziləri ilə müşayiət edəcəklər. Orada onları helikopter gözləyəcək.

Avqustun 15-də səhər tezdən İraqın şimalındakı Mosul bazasında Munir təlimatı pozaraq, çənləri tam doldurmağı əmr edir. Səhər saat 7.30-da qrafikə uyğun şəkildə hərbi aerodromdan havaya qalxaraq bir-iki virajdan sonra qəflətən Türkiyə sərhədinə tərəf dönür. Uçuşu izləyən sovet mütəxəssisləri nə baş verdiyini çox gec başa düşürlər. 25 dəqiqədən sonra İordaniya üzərindən uçan təyyarə İsrail Hərbi Hava Qüvvələrinin Hatzor bazasına enir.

Həmin o "MİQ-21"

İordaniyadakı radar stansiyalarından biri qaçırılmış MİQ haqqında xəbər verməli idi. Lakin o, Mossad ilə razılaşaraq, "müvəqqəti sıradan çıxmışdı”. Stansiyanın işçilərini ifşa olunmaqdan qorumaq üçün Qərbdə təyyarənin guya Türkiyədən keçərək, benzin doldurmaq üçün CİA-nın məxfi bazasına enməsi versiyasını yaymağa başladılar. Deyilirdi ki, burada o, yanacaq doldurub və bombardmançıların müşayiəti ilə Aralıq dənizi bölgəsinə uçub.

Böyük Redfa ailəsini çıxarmalı olan kəşfiyyatçı qrupu da tapşırığın öhdəsindən əla gəlmişdi. Onlar hamısı yeni sənədlər və yeni adlar alaraq, İraq kəşfiyyatının nəzərindən yayındılar. Munir Redfa özü Sinayda neft hasilatı ilə məşğul olan özəl şirkətdə pilot kimi yüksək maaşlı işə düzəldi. Ancaq ailəsi İsraildə yaşaya bilmədiyindən Avropaya köçmək məcburiyyətində qaldı və 58 yaşına qədər orada yaşadı.

“MiQ-21” qırıcısı sınaq üçün ABŞ-a təhvil verildi, sonra yenidən İsrailə qaytarıldı. Ərəb ölkələri ilə 1967-ci ildə başlayan müharibə 6 günə başa çatdı. İsrail rəqiblərini tamamilə məğlub etdi. 1968-ci ildə dövlətin yaranmasının 20-ci ildönümü şərəfinə keçirilən hərbi paradda səmada bir neçə hərbi təyyarə peyda oldu. Hamıdan qabaqda qırmızı bir təyyarə uçurdu. Onun israillilərin parlaq əməliyyat nəticəsində oğurladıqları “MiQ-21” olduğunu bir neçə nəfərdən başqa heç kəs bilmirdi.

(Mənbə: “Aces of Spying. İsrail Kəşfiyyatının pərdəarxası əməlləri”, Stiven Stüart)

Teqlər:







Xəbər lenti