Türkiyə NATO-dan təcrid oluna bilərmi? – Səlcuq Çolakoğlu ilə müsahibə

   Türkiyə NATO-dan təcrid oluna bilərmi? –    Səlcuq Çolakoğlu ilə müsahibə
  21 May 2022    Oxunub:1640
Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqların başlamasına və bu ölkələrin müraciətlərinə ilkin baxış keçirilməsinə mane olub. NATO ölkələrinin daimi nümayəndələri İsveç və Finlandiyanın NATO-ya daxil olmasını müzakirə etmək üçün çərşənbə günü bir araya gəlsələr də, Ankaranın etirazları səsverməni pozub.
Türkiyənin Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin direktoru, professor Səlcuq Çolakoğlu AzVision.az -a müsahibəsində Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı olmasının səbəblərindən, Skandinaviya ölkələrinin Şimali Atlantika Alyansına qəbulu məsələsinin sonda necə həll olunacağından danışıb.

- Finlandiya və İsveçin NATO-ya üzv olmaq perspektivlərini necə qiymətləndirirsiniz?
- Rusiya Ukraynada hərbi əməliyyata başladıqan sonra Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı yekun qərarı verdilər. İndiyədək həm Finlandiya, həm də Ukrayna beynəlxalq münasibətlərdə neytral mövqedən çıxış ediblər. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi Finlandiya və İsveçdə bəzi təhlükəsizlik narahatlıqlarını artırdı, lakin onlar neytral mövqelərini dəyişmədilər. Amma bu dəfə Helsinki və Stokholm müdafiə strategiyasını kəskin şəkildə dəyişdi.

- Bu ölkələrin Şimali Atlantika Alyansına qoşulmaq istəyi ilə bağlı hansı risklər var?
- Rusiya NATO-nun genişlənməsini təhlükə kimi qəbul edir, xüsusilə də öz sərhədlərində. Bu, NATO ilə Rusiya arasında münasibətlərin kəskinləşməsinə və Avropada silahlanma yarışının daha da artmasına səbəb olacaq.

- Türkiyə niyə bu ölkələrin NATO üzvlüyünə qarşı çıxır? Türkiyə tərəfinin iddiaları nədən ibarətdir?
- İsveç və Finlandiya Ankaranın terror təşkilatı hesab etdiyi PKK ilə əlaqəli şəxslərə, həmçinin 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham etdiyi Fətullah Gülən tərəfdarlarına sığınacaq verir. Ankara Stokholmun PKK-nın Suriyadakı qolu olan YPG ilə sıx siyasi təmasda olmasından xüsusilə narahatdır.
Digər tərəfdən, bu, Ankaranın NATO üzvlərindən, xüsusən də ABŞ-dan müəyyən güzəştlər əldə etməsi üçün yaxşı fürsətdir. Ankara NATO-nun aparıcı üzvlərindən silah və müdafiə texnologiyaları ilə bağlı Türkiyənin müdafiə sənayesinə qarşı birbaşa və dolayı sanksiyaları qaldırmasını istəyir.

- NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı dövlətlərinin Türkiyənin İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı etirazlarını aradan qaldıra biləcəyinə əminliyini ifadə edib. Bunu necə şərh edərdiniz?
- Aparıcı NATO ölkələrinin Finlandiya və İsveçin üzvlüklə bağlı etirazlarını aradan qaldırmaq üçün Türkiyəyə kifayət qədər təsir rıçaqları var. Belə bir fikir də geniş yayılıb ki, Türkiyə rəhbərliyinin açıq etirazı öz ölkələrinin maraqlarını təmin etmək üçün zəruridir.

- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, türk xalqı Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşıdır və öz ölkəsinin rəhbərliyindən bu prosesi əngəlləməyi xahiş edir. Sorğular nə göstərir?
- Hələlik İsveç və Finlandiyanın NATO-da iştirakı ilə bağlı Türkiyə ictimaiyyətinin rəyini əks etdirən sorğular yoxdur. Adətən Türkiyə ictimaiyyəti NATO-nun genişlənməsində maraqlı deyil. Ancaq son illər Türkiyə ictimaiyyəti Monteneqro və Şimali Makedoniyanın NATO-da iştirakına heç bir reaksiya verməyib. Görünür, Türkiyə hökuməti Finlandiya, İsveç və aparıcı NATO üzvlərinə qarşı danışıq taktikası aparır. Digər səbəb isə Türkiyənin daxili siyasəti ilə bağlıdır. Bir ildən sonra Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Bundan əlavə, hazırkı Türkiyə hökuməti çox güman ki, ictimai dəstəyi artırmaq üçün xarici emissiyadan istifadə etmək istəyir. Mövzu seçki kampaniyalarında hökumətə əlavə dividend verə bilər. Skandinaviya ölkələrinin PKK tərəfdarı kimi göstərilməsi Türkiyə hökumətinin yeni ictimai dəstək axtardığına işarədir.

- Avropa Parlamentində aparıcı fraksiya rəhbəri Manfred Veber Türkiyəni NATO-da təcrid olunacağı ilə hədələyib. Bu mümkündürmü?
- Finlandiya və İsveçin NATO-ya qəbulu zamanı Türkiyə və Avropa liderləri arasında söz savaşı yarana bilər. Bununla belə, real danışıqlar diplomatik kanallar vasitəsilə yaxın həftələrdə və ya aylarda baş tutacaq.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: NATO   Türkiyə  







Xəbər lenti