İTV "Avroviziya"dakı saxtakarlığı ifşa etdi – Bəyanat

İTV "Avroviziya"dakı saxtakarlığı ifşa etdi –   Bəyanat
  16 May 2022    Oxunub:2127
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, "Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonrakı qərarlar İTV-də təəssüflə qarşılanıb.
İTV bildirir ki, müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərib. Siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışmanın təşkilatçıları isə final şousunun sonunda heç bir səbəb gətirmədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər.

İTV bu istəyi qətiyyətlə rədd edib. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərərək, canlı yayımda bizim jürinin səslərini açıqlayacağını və məsələni ictimailəşdirəcəyimizi bildirib. Yalnız bundan sonra İTV-yə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verilib. “Sübutlar” isə indiyə qədər də təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, təşkilatçılar Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Səbəb kimi "texniki problemlər" göstərilib. Halbuki, Azərbaycan tərəfdən heç bir texniki problem olmayıb.

"Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək",- İTV-nin bəyanatında vurğulanır.

AzVision.az

Teqlər: Avroviziya   İTV  







Xəbər lenti