“Muğam” müsabiqəsi başladı - VİDEO

   “Muğam” müsabiqəsi başladı -    VİDEO
  11 May 2022    Oxunub:2166
Azərbaycan Televiziyasında və “Mədəniyyət” kanalında VIII “Muğam” televiziya müsabiqəsinə start verilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.

“Muğam” müsabiqəsinin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə – mayın 10-da Beynəlxalq Muğam Mərkəzində baş tutub. Açılış mərasimində Ümummilli Liderin xatirəsi yad edilib, qeyd olunub ki, müsabiqənin məhz bu tarixdə başlaması təsadüfi deyil. Belə ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə hər zaman yüksək qiymət verib, mədəniyyət xadimlərinə, sənət adamlarına diqqət ayırıb.

Sonra “Muğam” müsabiqəsinin tarixində iz qoymuş mərhum sənətkar, Xalq artisti Əlibaba Məmmədov yad edilib, onun Ulu Öndərlə görüşündən fraqment yayımlanıb.

Müsabiqənin açılış mərasiminə Vətən müharibəsi iştirakçıları da qatılıblar. Onlar tamaşaçılar tərəfindən ayaq üstündə alqışlanıb.

VIII “Muğam” televiziya müsabiqəsində şəhidlərin xatirəsi anılıb. Şəhid Xudayar Yusifzadənin şərəfinə “Xudayar təsnifi” adlandırılmış “Vətən yaxşıdır” mahnısı elə şəhidin öz ifasında yayımlanıb.

Daha sonra 300-dən çox müraciət edən şəxs arasından seçilmiş 18 iştirakçı tamaşaçılara təqdim edilib. Onların bir hissəsinin ifaları dinlənilib.

Yarışmanın münsiflər heyətinə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Münsiflər heyəti yarışma iştirakçılarının çıxışlarını qiymətləndirib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə axşamı AzTV-də və Mədəniyyət TV-də canlı yayımlanacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti