Yeni sektor müdiri kimdir? - ARAYIŞ

Yeni sektor müdiri kimdir? - ARAYIŞ
  16 Aprel 2014    Oxunub:5962
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub.

AzVision.az xəbər verir ki, Vüsal Quliyev əslən Kürdəmirdəndir. O, 1982-ci il dekabr ayının 31-də Kürdəmir rayonunda anadan olub.

1989-1999-cu illər ərzində Bakı şəhəri Binəqədi rayonu 244 saylı orta məktəbdə təhsil alıb. Orta təhsil aldığı illərdə humanitar fənnlər üzrə müxtəlif rayon və şəhər olimpiyadalarının iştirakçısı və qalibi olub.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin bakalavr pilləsinə daxil olub və 2003-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Təhsilini davam etdirmək məqsədilə 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsinə daxil olub.

2003-2005-ci illərdə bu Akademiyada dövlət hüququ ixtisası üzrə magistr təhsili alıb və «Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri» mövzusunda magistrlik dissertasiyasını müdafiə edib.

Elmi yaradıcılıq işini davam etdirmək məqsədilə 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura və doktorantura şöbəsinə daxil olub. Hal-hazırda həmin şöbədə dövlət hüququ sahəsində namizədlik dissertasiyası hazırlayır.

16 yaşından başlayaraq ictimai işlərdə çalışmağa maraq göstərib və ilk olaraq Azərbaycan Maarifçi Gənclər Təşkilatında təşkilati məsələlər üzrə bölmənin rəhbəri təyin edilib.

2000-ci ildə isə yenicə yaranmış Gənclər üçün Təhsil Mərkəzinin direktoru vəzifəsinə seçilib. Həmin vaxtdan bu günədək həmin vəzifədə çalışır. Rəhbərlik etdiyi Mərkəz vasitəsilə Azərbaycanın müxtəlif regionlarında təhsil ocaqlarının təmir olunmasına, müxtəlif təhsil mərkəzlərinin yaradılmasına, kompyuter və xarici dillər, peşə və s. kursların yaradılmasına, uşaq və gənclərimizin inkişafına kömək edən proqramların həyata keçirilməsini təmin edib.

2003-cü ildə «Təhsilimiz» jurnalını təsis edib və hal-hazırda həmin jurnalın baş redaktorudur.

Bütün bunlarla yanaşı həm ölkəmizdə, həm də ölkəmizdən xaricdə təşkil olunmuş treininq və seminarların iştirakçısı olub, şəhadətnamə və diplomlarla təltif olunub. Böyük Britaniya, Fransa, Niderland, Belçika, Macarıstan, Makedoniya, İsrail, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Moldova, Avstriya, Gürcüstan və Rumıniyada keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olub.

2003-cü ildə «Vektor» Beynəlxalq Elm Mərkəzinin keçirdiyi sorğuya əsasən «İlin gənc ziyalısı» mükafatı ilə təltif olunub.

2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində «Gəncliyin seçimi Heydər Əliyev yolu» Ümumrespublika Gənclər Hərəkatının idarə heyətinin üzvü seçilib.

1996-cı il fevral ayının 2-də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, hər 3 ildən bir keçirilən və həmçinin 2005-ci il oktyabrın 14-də keçirilən Gənclər Forumunun fəal iştirakçısı olub.

İctimai fəaliyyəti ilə əlaqədar 150-dən çox mətbuat orqanında yazıları dərc olunub, müxtəlif televiziya və radio kanallarında çıxışları olub. Hüquq təhsilini davam etdirmək məqsədilə maraq göstərdiyim sahədə də bir sıra elmi jurnallarda məqalələri dərc olunub.

2001-ci ildə hazırlanan «Azərbaycan Respublikasının Konstitusiyası – Əsas Qanundur», 2002-ci ildə hazırlanan «Azərbaycanda yerli özünüidarəetmələr», «Azərbaycanda müasir könüllülüyün tarixi», «QHT-lər üçün Əl Kitabı», «Qaçqınlar və insan hüquqları» və «Heydər Əliyev və Azərbaycan gəncləri» kitablarının və müxtəlif yaddaş broşuralarının müəllifi olub.

2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilib.

2007-ci ilin oktyabr ayında ilk müstəqil Tələbə qəzetini təsis edib.

Azərbayan, rus və ingilis dillərini bilir.

Subaydır.

AzVision.az


Teqlər:  





Xəbər lenti