`Qarabağ münaqişəsi əməkdaşlığa əngəl törədir`

`Qarabağ münaqişəsi əməkdaşlığa əngəl törədir`
  15 Aprel 2014    Oxunub:940
Bu gün Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin üzvlərini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, spiker Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib.

Bildirilib ki, tarixən mövcud olan münasibətlərimiz Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Yüksək səviyyədə aparılan siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Bu sahədə daha böyük nailiyyətlər əldə etmək üçün geniş imkanlar mövcuddur.

Sədr parlamentlərarası münasibətlərin əməkdaşlığımızın daha da dərinləşməsində əhəmiyyətli rol oynadığına diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini, hər iki ölkə parlamentində dostluq qruplarının mövcudluğunu yüksək dəyərləndirib: "Öz iqtisadi inkişafına görə bu gün Cənubi Qafqazda liderliyini saxlayan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Ancaq bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi nəinki regionun tərəqqisinə, habelə Avropa ilə əməkdaşlığın daha da dərinləşməsinə böyük maneçilik törədir".

O.Əsədov Çexiya parlamentində Xocalı faciəsinin soyqırım kimi tanınması ilə əlaqədar komitə üzvlərinə, Çexiya parlamentinin deputatlarına öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında ilk dövlətdir ki, Xocalı soyqırımını tanıyıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq ölkəmizdəki inkişafı yüksək dəyərləndirərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter almasının ümumi mənafelərə xidmət etdiyini deyib.

M.Kreyça dövlətlərarası münasibətlər sistemində parlamentlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, deputatlarımızın beynəlxalq tədbirlərdəki mütəmadi görüşlərini, onları maraqlandıran məsələlər ətrafında aparılan informasiya mübadiləsini əhəmiyyətli hesab edib.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka və digər rəsmi şəxslər də iştirak ediblər.


Teqlər:  





Xəbər lenti