Quş qripinə görə monitorinqə başlanılır

  07 Aprel 2014    Oxunub : 483
Quş qripinə görə monitorinqə başlanılır
Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarliq Xidməti quş qripinə görə növbəti monitorinqə start verib.
Bu barədə AzVision.az-a Dövlət Baytarliq Xidməti mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu gün, yəni aprelin 7-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, LənkəranAğcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri aprelin 18-də ictimaiyyət üçün açıqlanacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Xidmətdən onu da qeyd ediblər ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Teqlər: