“Rusiyanın sərhədimizə topladığı qoşunları izləyirik” – Ukraynalı hərbi ekspert

   “Rusiyanın sərhədimizə topladığı qoşunları izləyirik” –    Ukraynalı hərbi ekspert
  24 Yanvar 2022    Oxunub:1443
"Qərb liderləri həmişə öz narazılıqlarını və narahatlıqlarını ifadə ediblər. Amma təəssüf ki, bununla kifayətləniblər. Ona görə də, gəlib hazırkı vəziyyətə çıxmışıq”. Bu sözləri AzVision.az-a müsahibəsində ukraynalı hərbi ekspert Dmitri Zolotuxin deyib. Onun sözlərinə görə, ukraynalılar Qərbin belə davranışlarından vacib bir dərs çıxarıblar.
- Emmanuel Makron 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Putini qucaqladı. Angela Merkel “Şimal axını 2”yə lobbiçilik etməyə davam etdi, nəticədə Co Bayden bütün sanksiyaları ləğv etdi və bu, Kremlə layihəni başa çatdırmağa imkan verdi. Qərb dövlətlərinin Rusiyaya münasibətdə seçdiyi barışdırıcı siyasi strategiya yenə də böhrana gətirib çıxartdı. Bu gün Vaşinqton, Brüssel, London və Parisin addımları, nəhayət, bizdə inam yaratmağa başlayır. Hətta alman ekspertlər də ayıldılar və Almaniya hökumətinə, Bundestaqda təmsil olunan siyasi partiyalara Rusiya siyasətini dəyişmələri ilə bağlı açıq məktub yazdılar.
Kiyevə gəlincə, həm Ukrayna hakimiyyət orqanları, həm də vətəndaş cəmiyyəti acı dərs aldılar ki, vəziyyət ağır olanda yalnız özünə arxalanmalısan. Beləliklə, yeni Ukrayna atalar sözündə deyildiyi kimi, "təmkinini qoru və pulemyotunu təmizlə". Biz də hazırda bununla məşğuluq.

- Rusiyanın Ukrayna ilə sərhəddə qoşun toplaması nə dərəcədə narahatlıq doğurur?
- Rusiya hərbi kontingentinin Ukrayna sərhədlərinə toplanması heç kim üçün gözlənilməz xəbər deyil. Ukraynanın hərbi kəşfiyyatı və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Rusiyanın hansı hərbi birləşmələrinin, hansı texnikasının, hansı məkanlarda və hansı sürətlə Ukrayna sərhədlərinə yerləşdirilə biləcəyi barədə tam məlumata malikdir. Bir ildən artıqdır ki, onlara nəzarət olunur. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları təkcə bu bölmələrin bütün yüksək rütbəli zabitlərini deyil, həm də onların ailələrini müəyyən qədər tanıyır, sərvətlərindən xəbərdardırlar. Bəzən onların maliyyə aktivləri Avropa ölkələrində olur, rus məmurları və təbliğatçıları öz əmanətlərini Rusiyada yox, orada saxlamağa və uşaqlarını orada oxutmağa üstünlük verirlər.

- Ukraynadan başqa, Baltikyanı, hətta Skandinaviya ölkələrı da qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətiriblər. Rusiyadan hərbi təhlükə nə dərəcədə realdır? NATO-nun Avropada Rusiyanın qarşısına çıxaracaq qədər gücü varmı?
- Biz hipotetik hərbi əməliyyatlardan danışanda daha çox silahlı qüvvələrin texniki imkanlarını və hərbi rəhbərlərin “ətçəkən maşına” atmağa hazır olduqları canlı qüvvəni təhlil edirik. Gəlin özümüzə belə bir sual verək: Putin minlərlə insanı öldürmək üçün “qırmızı düyməni” basmağa hazırdırmı? Bu sualın əsl cavabını bilmirəm.
Bəs NATO komandirləri və siyasətçiləri Kremllə kritik qarşıdurma olacağı təqdirdə milyonlarla rusu və belarusu öldürməyə hazırdırmı? Bu sualın cavabını BBC-nin “mokyumentari” üslubunda çəkdiyi “3-cü Dünya Müharibəsi: müharibə otağı içində” filmi verir. Mənə elə gəlir ki, hətta bu cür təhlükə qarşısında belə dünya ölümlərin qarşısını almaq üçün hər şeyi edəcək. Bu fakt hazırda bir-birinə qarşı olan iki siyasi mədəniyyəti fərqləndirir.

- Qazaxıstanda baş verən son hadisələr, KTMT-nin hərbi kontingentinin ora daxil olması və qısa zamanda çıxarılması ekspert dairələrində hələ də müzakirə olunur. Rusiyanın informasiya mərkəzləri hətta iddia edirdilər ki, Qazaxıstan müxalifətinin qərargahı Ukraynada yerləşir və onların dediyinə görə, ölkədəki etiraz hərəkatına buradan nəzarət edilir. Bu barədə nə deyə bilərsiniz?
- Eyni uğurla “Yer planetini ələ keçirmək istəyən reptiloidlərin qərargahının da Kiyevdə olduğunu” demək olar. Bu hər iki halda eyni dərəcəli əhəmiyyətsiz cəfəngiyyatdır. Bəli, rüsvay olmuş qazax siyasətçisi və BTA Bankın keçmiş idarə heyətinin rəhbəri Muxtar Ablyazov onunla əlaqəli şəxslərin Kiyevdə qalması və Qazaxıstanda sabitliyin pozulduğu bir dövrdə aktiv görünmələri üçün pul xərcləyə bilər. Ola bilsin ki, Ablyazov Ukrayna telekanallarında bir neçə dəfə sərt bəyanatlarla çıxış da edib. Lakin onun bu cür hərəkətlərlə Kiyevdən minlərlə kilometr aralıda baş verən hadisələrə hansısa şəkildə təsir göstərə biləcəyini düşünmək sadəlövhlük olardı.

- Azərbaycan prezidentinin Kiyevə son səfəri və mühüm sənədlərin imzalanması hökümətlərimizin ikitərəfli münasibətləri möhkəmləndirmək və dərinləşdirmək əzmini bir daha göstərdi. Azərbaycan prezidentinin Ukraynaya səfərinin nəticələrini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında gələcəyə yönəlik ümumi layihələri nəzərdə tutan real ünsiyyət konteksti həqiqətən vacibdir. İqtisadi güclərimizi qarşılıqlı şəkildə necə birləşdirə bilərik? Gələcək nəsillərimiz üçün nə yarada bilərik? Əməkdaşlığımız hər iki ölkənin gələcəyinə hansı sahələrdə daha güclü təsir göstərəcək? Nəhayət, Ukraynada İslam və türk xalqları mədəniyyəti necə inkişaf etdirilə bilər? Mən qəti əminəm ki, İlham Əliyevlə Vladimir Zelenskinin görüşündə bu və ya digər iqtisadi və humanitar məsələlər qaldırılıb.

Qafqaz Ömərov
AzVision.az

Teqlər: Ukrayna   Rusiya  







Xəbər lenti