Nuriyyə Əhmədova palataya köçürülüb

Nuriyyə Əhmədova palataya köçürülüb
  05 Aprel 2014    Oxunub:1735
Avtobusdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədova 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.

AzVision.az xəbər verir ki, xalq artisti APA TV-yə açıqlamasında hadisənin təfərrüatlarını danışıb: "Avtobusdan düşmək üçün qapıya yaxınlaşdım. Avtobus saxlamışdı, arxadan gələn digər marşrut onu tələsdirirdi. Düşəcəyimi bildiyimdən heç yerdən tutmamışdım. Sürücü əyləci qəfil basdı və mən avtobusun bu başından o biri başına uçdum. Nəticədə onurğam zədələndi".

Xalq artisti hazırda ağrılarının yüngülləşdiyini deyib: “Bacım deyir ki, yaxşısan, yanaqların qızarıb. Sən demə, qan təzyiqim qalxıbmış. Mənə diqqət göstərənlərə minnətdaram. İnanın ki, telefonlar bir dəqiqə susmur".

Xalq artistinin bacısı Maya Həsənova da bildirib ki, Nuriyyə Əhmədova indi özünü yaxşı hiss edir. Səhhəti yaxşılaşdığı üçün reanimasiyadan palataya köçürülüb.

3 saylı Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Məhəmməd Məhəmmədov xalq artistinin nevrocərrahi müayinədən keçirildiyini deyib. Ona onurğa sütununun əziyi, 2, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub: “Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Onurğa sütununun kompüter tomoqrafiyası da çəkilib. Aydın oldu ki, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısının sınığı var. Bu sınıqlar fəsadlaşma sınıqlarına aid deyil. Aşağı ətraflarda hissiyyat və hərəkət saxlanılır. Hazırda vəziyyəti orta ağırdır".

Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.


Teqlər:  





Xəbər lenti