“ASAN – dünyada tanınan ən kreativ Azərbaycan brendidir”

   “ASAN – dünyada tanınan ən kreativ Azərbaycan brendidir”
  13 Yanvar 2022    Oxunub:1967
Əli HÜSEYNLİ
Milli Məclisin deputatı

Dünən Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarınıa verdiyi proqram səciyyəli geniş və dolğun müsahibəsi ölkə ictimaiyyətinin və müxtəlif siyasi dairələrin böyük marağına səbəb olmuşdur. Müsabə boyunca ölkə rəhbərinin səsləndirdiyi və təkcə Azərbaycanın deyil, həm də bütövlükdə bölgənin inkişaf perspektivləri və gələcək taleyi üçün mühüm və əhəmiyyətli məqamlarla zəngin olan fikirlər və irəli sürdüyü təşəbbüslər, düşünürəm ki, beynəlxalq miqyasda da əks-səda doğuracaq.
Belə ki, jurnalistlərin suallarını cavablandırarkən dövlətimizin başçısı Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə dair, habelə yeni mərhələdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verməklə yanaşı, həm də Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, ölkəmizin xarici siyasətinə və digər məsələlərlə bağlı mövqeyini bölüşüb.

Müsahibədə ən çox diqqət çəkən məsələlərdən biri ölkədə qanunun aliliyinin və şəffaf fəaliyyətin təmin olunmasına, rüşvətxorluq və korrupsiya ilə mübarizəyə dair cənab İlham Əliyevin prinsipial mövqeyinin əks olunduğu məqamlardır. Bununla bağlı dövlətimizin başçısı bu sahədə mübarizənin daha sərt formada davam etdiriləcəyi, son illər ərzində göstərilən qətiyyət və sözlə əməl arasında olan vəhdətin bundan sonra daha təmin olunacağı barədə anonslar vermişdir.

Qanunçuluğun etibarlı şəkildə bərqərar olması məqsədilə hakimiyyətin demək olar ki, bütün qollarında və bütün səviyyələrdə ciddi kadr islahatlarının aparıldığını söyləyən Prezident İlham Əliyev bu tədbirlərin korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacağına inamını ifadə etmişdir. Bununla yanaşı, ölkə rəhbəri bu siyasi kursun daha səmərəli nəticələrini əldə etmək üçün digər mütərəqqi metod və formaların tətbiqini vacib şərt hesab edir: “Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var”.

Şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində ASAN modelinin təcrübəsini xüsusi vurğu ilə xatırladan Prezident İlham Əliyev bu təsisatın ictimai fikirdə ən yüksək yerdə durduğunu söyləmişdir: “…Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir…”

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmış və bu il 10 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid idarəetməsini həyata keçirməklə xidmət mərkəzlərində fəaliyyət göstərən bir sıra mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsinə, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasına, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsinə, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə müstəsna töhfələr vermişdir.

Bir çox dövlət və ictimai əhəmiyyətli layihələrin ASAN xidmət vasitəsilə reallaşması bu quruma olan inamın ifadəsidir. Ona grə də bu baxımdan şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyətinin məhz ASAN xidmət üzərindən qurulması məqsədəmüvafiq hesab olunmuşdur.

Artıq bu gün ASAN – dünyada tanınan ən mütərəqqi Azərbaycan brendi kimi tətbiq edildiyi bütün sahələrdə tam şəkildə özünü doğrultmuş kreativ layihədir. Təsadüfi deyil ki, vətəndaş məmnunluğunun təmin edilməsində ən yüksək göstəricilərə malik olan ASAN xidmətin təcrübəsi qonşu ölkələrdə tətbiq olunur, onun fəaliyyət metodları Avropa ölkələrində böyük maraqla qarşılanır. Ona görə də insan amilinin böyük önəm daşıdığı Azərbaycanda bu sahənin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü tamamilə məntiqli və qanunauyğun olmaqla ölkəmizdə insan hüquqlarının qorunması və dövlət quruculuğu sahəsində daha yüksək nəticələrin əldə olunmasını və müasir, sivil vətəndaş cəmiyyətinin formalaşmasını hədəfləyir.



Teqlər: İlham-Əliyev   ASAN   Prezident  





Xəbər lenti