Nikolay Zamikula: Qazaxıstanda baş verənlər hibrid əməliyyat idi – TƏHLİL

      Nikolay Zamikula:    Qazaxıstanda baş verənlər hibrid əməliyyat idi –    TƏHLİL
  07 Yanvar 2022    Oxunub:1485
Nikolay Zamikula
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq Azvision üçün

Qazaxıstandakı hadisələrdə siyasi kontekst az əhəmiyyət kəsb edir. Fikrimcə, Mərkəzi Asiya cəmiyyətləri üçün hakimiyyətin dəyişməsi və yenilənməsi məsələsi ikinci dərəcəlidir – bu prinsiplər özlüyündə siyasi prosesin məqsədi, müstəqil dəyər deyil. İndiki halda bölgənin xüsusiyyətləri nəzərə alınmadan Qərbin müdaxiləsindən danışmaq da yanlışdır. Əhali rejimin bu və ya digər şəkildə səmərəli və onun xeyrinə işlədiyini hiss etsə, o zaman ölkəni məhz bir lider idarə etdiyi üçün hakimiyyətin dəyişdirilməsini uzun müddətdir tələb etməyəcək.

Lakin Qazaxıstanın timsalında belə görünür ki, hökumət səmərəli fəaliyyət göstərməyib. İnsanların həyat səviyyəsi standartlara və gözləntilərə cavab vermir, bu isə zəngin təbii ehtiyatların mövcudluğu şəraitində xüsusilə vacibdir. Görünür, adekvat rifah halı təmin olunmalı idi.


Etirazlar ölkənin qərbində - uran, neft və qazla zəngin Manqıştau vilayətində başlayıb. Buradakı əhali ölkənin sərvətini öz gözlərilə görür, onları mədənlərdən özü çıxarır. Lakin bundan yaşayış şəraitinin yaxşılaşdırılması və gəlirinin artması üçün dividendləri almır. Belə olan halda qazın bahalaşması hakimiyyətin sadə xalqın maraqlarına nümayişkaranə göz yumması kimi də qəbul oluna bilər. Qiymətin hətta bahalaşandan sonra belə bir çox başqa ölkələrdəkindən aşağı qalması da insanları sakitləşdirmədi.

Etirazların obyektiv səbəbləri olsa da, onların qızışdırılması və kənardan koordinasiya edilməsi ehtimalı istisna olunmur. Etirazlar bəlkə də kortəbii hərəkətlər kimi başlayıb, sonra isə xarici qüvvələr tərəfindən idarə olunub. Yaxud da biz Qazaxıstanda sabitliyi pozmağa yönəlmiş xüsusi hibrid təsir əməliyyatı ilə üz-üzəyik. Belə olduğu halda, etirazları agentlərin təşkil etməsi ehtimalı da var.

Ancaq mən bu işdə Qərb izi görmürəm. Qərbin Qazaxıstanda belə bir əməliyyat keçirmək üçün kifayət qədər resurs və təsir gücünə malik olduğuna şübhə edirəm. Mərkəzi Asiya Rusiya və Çin arasında sıxışıb, ABŞ və Avropanın regiona çıxışı məhduddur. Əfqanıstandakı fiaskodan sonra Qərb siyasi elitasının bir hissəsində Mərkəzi Asiya məsələlərinə qarşı özünəməxsus “allergiya” yarana bilər. Qazaxıstanda sabitliyin pozulması həm dəyərlər, həm də praktiki baxımdan Qərbə sərfəli deyil. Bu elə bir dividend gətirmir, hətta digər oyunçular üçün əlavə imkanlar açır.


Fikrimcə, böhrana görə məsuliyyət daşıyanları Qazaxıstan hüdudlarından kənarda axtarsaq, onlar daha çox Qərbin geosiyasi rəqibləri və məhz Rusiya Federasiyası olacaq. Moskva bu və ya digər formada SSRİ-nin dirçəliş kursunu davam etdirir. Rusiyanın ekspansionist siyasətindən danışarkən, adətən Ukraynaya qarşı təcavüz və Belarusun tədricən mənimsənilməsi yada düşür. Ancaq unutmaq olmaz ki, Rusiyanın planları təkcə qərb istiqaməti ilə məhdudlaşmır.

Qazaxıstan hökumətinin xarici siyasətdə deklorativ (Rusiyaya inteqrasiya layihələrinə üzvlüklə təsdiqlənən) rusiyayönümlü kursu bizi çaşdırmamalıdır. Qazaxıstan Rusiya Federasiyası ilə birbaşa qarşıdurmaya getməsə də, heç də həmişə Rusiyanın gözləntilərinə uyğun gələn siyasət yürütməyib. Latın əlifbasına keçid, qazax dilinin geniş tətbiqi Rusiyanın təsirinə uzunmüddətli perspektivdə təhlükə yaradırdı. Belə bir şəraitdə Moskva Qazaxıstanın Rusiyanın geosiyasi orbitindən çıxmasına yönəlik hər hansı tendensiyaların kökünü kəsmək üçün daha da fəallaşa bilər.


Eyni zamanda, Rusiyanın Qazaxıstanda xüsusi maraqlarının olduğunu da unutmaq olmaz. Baykonur kosmodromu və Sarı-Şaqan poliqonu Moskva üçün strateji əhəmiyyət kəsb edən obyektlərdir. Qazaxıstan ərazisində, xüsusən də ölkənin şimal bölgələrində əhəmiyyətli rus diasporunun olması da mühüm rol oynayır. Rusiya imperiya ideyasının tərəfdarları üçün bu ərazilər bir növ Krımın analoqu - guya vahid Rusiya Dövlətinin haqsız yerə qopardılmış hissəsidir. 2014-cü il hadisələrindən sonra onlara birbaşa nəzarəti bərpa etmək cəhdləri növbəti və tamamilə məntiqli addım kimi görünür.

Prezident Tokayevin KTMT üzrə tərəfdaşlarına hərbi yardımla bağlı müraciəti Rusiyanın maraqlarına açıq-aydın uyğun olmaqla yanaşı, müstəqil Qazaxıstanın maraqlarına ziddir. Əslində, Qazaxıstan hakimiyyəti böhranı təkbaşına həll etmək iqtidarında olmadığını etiraf edib və problemi yoluna qoymaq üçün xarici qüvvələrə müraciət edib. Tokayevin təşəbbüsü Rusiyanın Qazaxıstan üzərində nəzarəti bərqərar etməyə yönəlmiş səylərində növbəti məntiqi addımdır. Tokayevin buna etirazları süni şəkildə kəskinləşdirməklə məcbur edilməsi (indiki halda onun iğtişaşların kənardan təşkil olunduğu barədə tezisi doğru ola bilər, ancaq fakt budur ki, əslində yardım üçün iğtişaşları təşkil edənlərin arxasında duran qüvvələrə müraciət edir), yaxud onun Kremllə əvvəlcədən sövdələşməsi o qədər də önəmli deyil, əsas nəticədir.


Qazaxıstandakı vəziyyətin obyektiv olaraq kənar müdaxilə tələb etməsi şübhə doğurur. Əgər söhbət xalq etirazından gedirsə, o zaman məsələ xalqla hakimiyyət arasında daxili dialoq yolu ilə həll olunmalıdır. Etirazçıların tərkibində olan xarici qüvvələri Qazaxıstanın təhlükəsizlik sektoru zərərsizləşdirməlidir. Lakin biz fərqli ssenari görürük. Yeri gəlmişkən, Qazaxıstan təhlükəsizlik qüvvələrinin səhlənkarlığı da bir çox suallar doğurur.

Rus “sülhməramlılarının” reputasiyası hamımıza məlumdur. Onlar harada yerləşmələrindən asılı olmayaraq, yerli əhalinin mənafeyindən çıxış etməyib, vəziyyəti sabitləşdirmək üçün çalışmayıblar və yalnız Rusiya siyasətinin aləti olaraq qalıblar. Gürcüstan və Moldovada da belə olub. Rusiya kontingenti Azərbaycan ərazisində, Qarabağda da müsbət rol oynamır.

Hadisələrin inkişaf variant çoxdur və onların əksəriyyəti Qazaxıstanın müstəqil oyunçu kimi zəifləməsinə gətirib çıxarır. Onun regiondaki mövqeyini nəzərə alsaq, bu, Mərkəzi Asiyada digər oyunçuların güclənməsi üçün birbaşa və ya dolayı imkanlar açan mühüm nəticədir.


Ən yaxşı variant böhranı kənar qüvvələri cəlb etmədən çözmək olardı. Lakin Tokayevin KTMT-yə müraciəti bunu istisna etdi. Rusiya kontingentinin Qazaxıstan ərazisinə daxil olması Moskvanın regionda ciddi şəkildə güclənməsi demək olacaq. Bu, arzuolunmaz nəticələrə səbəb ola bilər. Mən ən pis ssenarini - ölkənin parçalanmasını və Qazaxıstanın şimal ərazilərinin “rus əhalisinin maraqlarının müdafiəsi” və “sabitliyin təmin edilməsi” şüarları altında Rusiya tərəfindən mümkün ilhaqını istisna etməzdim.

Bu hadisələr Türk inteqrasiyası ideyaları üçün də mənfi məna kəsb edə bilər. Son zamanlar bu istiqamətdə işlər intensivləşib - bu da Rusiyanın regiondakı maraqlarını təhdid edir. Qazaxıstan Türk layihələrində mühüm rol oynayır. Bununla belə, ölkədəki sabitliyin daxili iğtişaşlarla pozulması və Rusiyanın mümkün nəzarətinin bərqərar olması Türk Dünyasının ayrıca nüfuzlu geosiyasi oyunçu kimi real birləşmə proseslərini əhəmiyyətli dərəcədə sarsıdır.

Hazırladılar:
Murad Nəcəfov
Nadir Quliyev

Teqlər: Qazaxıstan  







Xəbər lenti