"Nüvə qışı"ndan "nüvə baharı"na? - TƏHLİL

// Nüvə dövlətləri yeni səhifəni çevirə biləcəklərmi?

 "Nüvə qışı"ndan "nüvə baharı"na? -  TƏHLİL
  09 Yanvar 2022    Oxunub:959
Bir neçə gün əvvəl dünyanın rəsmi “nüvə dövlətləri” siyahısında yer alan 5 ölkənin - Rusiya, Böyük Britaniya, ABŞ, Fransa və Çinin liderləri nüvə müharibəsinin və nüvə silahlanması yarışının yolverilməz olduğu barədə birgə bəyanat yaydılar. Amma bu birgə bəyanat dünya güclərinin geosiyasi mübarizədən əl götürdüyünə və müharibəni digər metodlarla aparmadıqlarına dəlalət edirmi?
Rəsmi “nüvə dövlətləri”nin liderləri nüvə müharibəsinin bəşəriyyət üçün faciə olduğunu və beynəlxalq konvensiyalar çərçivəsində onun yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar: "Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz və buna görə də o başlanmamalıdır. Hərbi qarşıdurmadan qaçmaq, sabitliyi təmin etmək və hadisələri proqnozlaşdırmaq, qarşlılqlı anlaşmanı və etimadı möhkəmləndirmək, habelə heç kimə mənfəət gətirməyəcək və hamı üçün təhdid olacaq silahlanmanın qarşısını almaq üçün biz bundan sonra da ikitrərəfli və çoxtərəfli diplomatik yanaşmaların axtarışını aparmaq niyyəindəyik".

Rusiya Xarici İşlər naizrliyinin təmsilçisi Mariya Zaxarova bu cür vacib sənədin məhz Moskvanın təşəbbüsü ilə qəbul edildiyini bildirib. Onun sözlərinə görə, belə bəyanat yanvarın 4-də Nyu-Yorkda öz işinə başlamalı olan Nüvə silahının yayılmaması Müqaviləsi üzrə BMT konfransının açılışına hazırlanmışdı. Lakin Nyu-Yorkda koronavirus pandemiyasının fəsadlarının artması üzündən konfransın cari ilin avqustunda keçirilməsi barədə qərar qəbul edilib. Son iki ildə bu konfrans artıq bir neçə dəfə təxirə salınıb. Amma əsas məqam heç də konfransın nə vaxt baş tutacağı yox, onun hansı atmosferdə keçəcəyi və nüvə dövlətlərinin vahid strategiya işləyib-hazırlaya biləcəyindən asılı olacaq.

Bu problem 1970-ci ildə qüvvəyə minmiş Nüvə silahının yayılmaması üzrə Müqaviləni İsrail, Hindistan, Pakistan, Şimali Koreya və Cənubi Sudanın imzalamamaları və hazırda Hindistanla Pakistanın, habelə Şimali Koreyanın qeyri-rəsmi şəkildə “nüvə dövlətləri” sırasında yer alması fonunda xüsusilə aktuallaşır.


Digər tərəfdən, nüvə silahının yaradılması yönündə işlərin aparılması və ya malik olması barədə İsrail hökuməti rəsmi məlumat verməsə də, bir sıra mənbələr bu ölkənin 150-200 nüvə başlığına malik olduğunu bildirirlər. Yeri gəlmişkən, rəsmi Tehran özünün nüvə silahı iddialarını da daha çox bu məqamla əsaslandırmağa çalışır.

Məsələni qəlizləşdirən digər məqam isə məhz rəsmi “nüvə beşliyi”nə üzv ölkələrin özlərinin təşəbbüskarı olduqları Müqavilənin əsas müddəasını pozmasıdır. Belə ki, sənədə əsasən nüvə silahına malik olan dövlət, bütün hallarda bu silahı və onun istehsalı texnologiyasını birbaşa və ya dolayısı ilə hansısa ölkəyə və onun nəzarətinə verə bilməz. Bununla belə, əksər ekspertlərə görə, məhz Moskva və Vaşinqtonun bu öhdəliyi pozması nəticəsində Hindistan və Pakistan nüvə silahına malik ola biliblər.

Amma rəsmi “nüvə dövlətləri” arasındakı münasibətlərdə mövcud olan ziddiyyətlər Müqaviləni imzalamayan ölkələrin yaratdığı “problemlər”lə müqayisədə daha ciddi narahatlıq yaradır.

Sözsüz ki, bu kontekstdə əsas söz sahibləri dünyadakı nüvə silahlarının təxminən 93%-nə malik olan ABŞ və Rusiyadır. Bu nisbəti müəyyən qədər dəyişməyə çalışan Çin son vaxtlar öz nüvə potensialını gücləndirmək strategiyasını seçməsinə baxmayaraq, istənilən nəticənin hətta yalnız uzaq perspektivdə belə əldə olunacağı şübhə doğurur. Bununla belə, məhz Rusiyanın rəsmi “nüvə beşliyi”nin məlum bəyanatının təşəbbüskarı olması təəccüblü deyil.

Çünki hələ ötən əsrin ortalarından başlayaraq, Moskvanın ABŞ-la nüvə silahlanması yarışına girməsi sovet iqtisadiyyatının çökməsini və SSRİ-nin dağılmasını şərtləndirən əsas amillərdən biri oldu. Bu kontekstdə Vaşinqtonun kosmosda nüvə silahlarının yerləşdirilməsi barədə irəli sürdüyü Strateji müdafiə təşəbbüsü (SMT) – “Ulduz müharibələri” proqram adı altında gündəmə gətirdiyi informasiya avantürası xüsusi rol oynadı. ABŞ-ın bu informasiya tələsinə düşərərk nüvə silahlanması yarışına girən Sovetlər İttifaqının iqtisadiyyatı bu yükün ağırlığı altında süquta uğradı.


Maraqlıdır ki, son illər ABŞ-Rusiya qarşıdurmasında bu və ya digər şəkildə məhz 35-40 il əvvəlki oyunun müxtəlif komponentləri nəzərə çarpır. Belə ki, ABŞ-la SSRİ, sonra isə Rusiya arasında hələ ötən əsrin 70-90-cı illərində, habelə 2000-ci illərdə Raket əleyhinə müdafiə (RƏM), Orta və kiçik mənzilli raketlər (OKMR) və Strateji hücum silahları (SHS) barədə bağlanmış müqavilələrin bir çoxundan ABŞ-ın 2001-ci ildən başlayaraq birtərəfli qaydada çıxması və ya onların müddətini uzatmaması ciddi problemlərin yarana bilməsi ehtimalını xeyli gücləndirib. Bəzi ekspertlərə görə, Vaşinqtonun bu addımı Rusiyanın son zamanlar müasir zenit-raket komplekslərinin və hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalı müstəvisində ABŞ-ı ən azı 8-10 il qabaqlaması ilə bağlıdır. Bunun qarşılığında Rusiyanı yenidən nüvə silahı yarışmasına sövq etməyə çalışan ABŞ təxminən 30 il əvvəlki triumfunu təkrarlamaq məqsədi güdür.

Bu baxımdan, bir neçə ildir ki, nüvə silahının kosmosda yerləşdirilməsi barədə Amerikada vaxtaşırı səsləndirilən bəyanatlar da təsadüfə bənzəmir. Nüvə silahlanması kimi avantüralara külli miqdarda vəsait xərcləməkdən qaçan Moskva isə qlobal nüvə təhlükəsizliyinin təminatı yönündə, Vaşinqtonun fikrincə , müasir dövrün tələblərinə cavab vermədiyi üçün artıq köhnəlmiş və müddəti bitmiş ikitərəfli sazişlərin əvəzinə yenilərinin imzalanmasını təkilf edir. Lakin, belə addımın yalnız Moskva ilə Vaşinqton yox, həm də Pekin tərəfindən atılması tələbini qoyan ABŞ taktiki və strateji nüvə başlıqlarının daşıyıcısı olan raketlərin istehsalını məhdudlaşdıran müqavilənin ən azı bu üç ölkənin imzalaması zərurətini vurğulayır. İstisna deyil ki, bu tələbi irəli sürməklə ABŞ əslində Rusiyanın təkliflərini məqsədyönlü şəkildə dalana dirəyir. Çünki artıq dünyanın 3-cü güc mərkəzinə çevrilmiş Çinin bu təklifi qəbul edərək öz qüdrətini artırmaq üçün yaranmış unikal şansı əldən verməyə razılaşacağına yalnız sadəlöhvlər inana bilər. Kremlin bu məsələdə israrı isə Moskva-Pekin münasibətlərini “nüvə qışı” səviyyəsinə qədər soyuda bilər. Beləliklə də, Vaşinqtonun tutduğu mövqe Moskvanın bu yöndə irəli srüdüyü təşəbbüsləri, faktiki olaraq, puça çıxarır.

Bu fonda Kremlin “nüvə beşliyi”nin nüvə müharibəsinə yol verilməyəcəyi barədə birgə bəyanatla çıxış etməsi təşəbbüsü hələlik mümkün olan ən təsirli addımdır. İlk növbədə həm də ona görə ki, həqiqətən də nüvə müharibəsində qalib olmayacaq, heç nüvə silahının özü də qalib gəlməyəcək. Bu dəhşətli həqiqəti bir neçə il əvvəl şübhə altına alanların “lokal xarakterli kiçik taktiki nüvə müharibəsi bəşəriyyətin tam məhvinə səbəb olmayacaq” kimi sərsəm “düşüncələri” fonunda rəsmi “nüvə klubu”nun üzvlərinin birgə bəyanatı, sözsüz ki, çox mütərəqqi və vacib aktdır.

Lakin, bu heç də “nüvə beşliyi” üzvləri arasında gedən geosiyasi mübarizənin və müxtəlif metodlarla aparılan müharibənin dayandırılması demək deyil. Əslində II Dünya müharibəsinin qalib dövlətləri kimi Yalta-Podstam dünya nizamını formalaşdırmış, bu prinsiplə də BMT TŞ-nın 5 daimi statusunu və nüvə silahına malik olmaq hüququnu almış Rusiya, Böyük Britaniya, ABŞ, Fransa və Çin bu gün əks cəbhələrdə yer alıblar. Nüvə müharibəsinin onların heç birinin sağ qalmasına təminat vermədiyini yaxşı başa düşən bu güc mərkəzləri bir-birini “hibrid” müharibələr vasitəsilə məğlub etməyə çalışırlar.

Əksər ekspertlərə görə, bu müstəvidə qarşıduran tərəflərin əlində ən qorxunc təzyiq rolunu heç də odlu silahlar yox, COVİD-19 kimi pandemiyalar oynayacaq. Təsadüfi deyil ki, son iki ildə müxtəlif səviyyələrdə postpandemiya dövründə yeni dünya nizamının yaranacağı barədə çoxsaylı bəyanatlar səsləndirilir. Hərçənd, rəsmi “nüvə klubu”nun və eyni zamanda BMT TŞ-nın 5 daimi üzvünün verdiyi bəyanat pis-yaxşı hələ ki, Yalta-Podstam beynəlxalq münasibətlər sisteminin qüvvədə qaldığını sübuta yetirir. Amma onlar “nüvə müharibə”sinə “yox” deməklə, heç də indiki yeni dünya nizamını saxlamaq və ya yenisini formalaşdırmaq uğrunda bir-birilə apardıqları mübarizənin səngiyəcəyinə söz vermirlər. Bu kontekstdə əsas məsələ “yeni dünya nizamını formalaşdırmaq nə dərəcə zəruri və mümkündür?” sualına cavab tapmaqdır. Bu barədə gələn yazımızda.

Sahil İsgəndərov, politoloq
AzVision.az

Teqlər: Nüvəsilahı   müharibə  







Xəbər lenti