Türkiyə "Qazprom"a borcunu ödəmir – Rusiyalı ekspert

   Türkiyə "Qazprom"a borcunu ödəmir –    Rusiyalı ekspert
  30 Noyabr 2021    Oxunub:524
“Lirənin dollar qarşısında zəifləməsi prosesi uzun müddətdir davam edir. Sadəcə sıçrayış indi baş verdi və buna görə də əlavə diqqət çəkdi. Türkiyə üçün zəifləmə prosesi ikiqatdır.İxrac yönümlü sənayelər üçün bu yaxşıdır, çünki malların dollarla ifadəsində dəyəri aşağı düşüb və Türkiyə məhsulları xarici bazarlarda daha rəqabətətədavamlı olub. Amma Türkiyə bazarına xaricdən gətirilən mallar bahalaşıb”.
Bu sözləri AzVision.az -a blits-müsahibəsində Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov deyib. O bildirib ki, bu zaman qaz sektorunda da problemlər yaranır. Çünki türk şirkətləri qazı xarici tədarükçülərdən dollarla alır, daxili bazarda isə lirə ilə satırlar. Bu səbəbdən, onlarda nağd pul çatışmazlığı yaranır və qaz tədarükçülərinə ödəniş edə bilmirlər:

- Özəl türk şirkətlərinin vəziyyəti xüsusilə qəlizdir, çünki xarici təchizatçılar qaz satışı zamanı özəl türk şirkətləri ilə bağladıqları müqavilələrə dövlət zəmanəti tələb etmirlər. Bu səbəbdən də belə şirkətlərin sadəcə müflis olması, qaz tədarükçülərinin də satdıqları qazın pulunu ala bilməmələri riski var. Vəziyyətdən çıxış yolu ya özəl şirkətlərin “Botaş” dövlət şirkətinə verilməsi yolu ilə özəlləşdirilməsidir, ya da müqavilələr imzalanarkən tədarükçülərə ödənişlərlə bağlı dövlət zəmanəti verilməlidir.

- Belə bir fikir var ki, türk lirəsinin bir ay ərzində 20 faiz dəyər itirməsi fonunda Türkiyə hakimiyyətinin iqtisadi siyasəti zəifləyə, ölkənin “Qazprom”la yeni müqavilələr bağlaması xeyli çətinləşə bilər. Bunu necə şərh edərdiniz?
- “Qazprom” və Türkiyənin yeganə problemi tədarük olunan qazın ödənişilə bağlıdır. Artıq qeyd etdiyim kimi, özəl türk şirkətləri qazı daxili bazarda lirəyə satdıqları, “Qazprom” isə dollarla hesab-faktura verdiyi üçün nağd pul çatışmazlığı yaranır. Eyni zamanda, son illər türk şirkətləri “Qazprom”a qarşı kifayət qədər dürüst davranmayıblar. Onlar “al və ödə” şərtinə əsaslanan prinsipi yerinə yetirmirlər. Üstəlik, “Qazprom” bu məsələ ilə bağlı arbitraj məhkəməsində qalib gəldikdən sonra da borclarını ödəmirlər. Ola bilər ki, bəzi özəl şirkətlər sadəcə müflis olaraq bağlanacaq və “Qazprom” köhnə müqavilələr üzrə pulunu ala bilməyəcək. İndi də lirənin ucuzlaşması yeni risklər yaradır. Ona görə də, “Qazprom”un sadəcə “Botaş”la müqavilə bağlaması daha məqsədəuyğun olardı.

Samir Vəliyev, Nadir Quliyev
AzVision.az

Teqlər: Türkiyə   Lirə   Qazprom  







Xəbər lenti