“Qərbin istənilən təxribatına cavab veriləcək” – Yevgeni Mixaylov (Müsahibə)

   “Qərbin istənilən təxribatına cavab veriləcək” –    Yevgeni Mixaylov (Müsahibə)
  23 Noyabr 2021    Oxunub:2067
ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun və avropalı müttəfiqlərinin Rusiya silahlı qüvvələrinin Ukrayna ilə sərhəddə “qeyri-adi” fəallığından ciddi narahat olduqlarını bəyan edib. Blinkenin sözlərinə görə, yaxın keçmişi nəzərə alsaq, Rusiya qoşunlarının sərhəddə cəmləşməsi müdaxiləyə hazırlıq kimi qiymətləndirilə bilər.
“New York Times” qəzeti də Amerikanın kəşfiyyat orqanlarının Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısının alınması üçün çox az vaxta malik olduqları barədə NATO üzrə müttəfiqlərini xəbərdar etdiyi barədə məlumat yayıb.

- Məncə, bu həyəcanın heç bir əsası yoxdur.- Rusiyalı jurnalist, politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov AzVision.az -a müsahibəsində bildirib.- Rusiya öz ərazisində öz qoşunlarını hara istəyirsə, hərəkət etdirmək üçün tam hüquqa malikdir. Ehtimal edirəm ki, bunlar Moskvanın hövsələsini və imkanlarını yoxlamaq üçün məqsədyönlü şəkildə verilən təxribatçı bəyanatlardır. Rusiya heç kimi, xüsusilə də hələlik düşmən mövqeyi sərgiləsə də, amma dost olan ölkəni zəbt etməyə hazırlaşmır. Bu vəziyyət mənə Azərbaycanı öz sərhədlərində təxribata çəkib, sonra da müstəqil və qədim ölkəyə girdiyi barədə hay-küy salan erməni hərbçilərin qışqırıqlarını xatırladır.

- Sizcə, Rusiya-Ukrayna sərhədlərində hadisələr hansı ssenari üzrə inkişaf edəcək?

- Bilirsiniz, Rusiya-Ukrayna sərhədində gərginlik yaranacağı halda hansı ssenarinin olacağını qabaqcadan görmək çətindir. Amma tam aydındır ki, Kiyevin istənilən təxribatına layiqli cavab veriləcək. Ukrayna qoşunlarında NATO ölkələrindən nə qədər təlimatçının olduğunu və Moskvanın əleyhinə bütün təxribatları kimin planlaşdırdığını yaddan çıxarmaq lazım deyil. İnanın ki, bunlar dəqiq milli qüvvələr deyillər. Mən yenə Ermənistan-Azərbaycan münaqişəsindən parallellər gətirə bilərəm. Bakıda bütün ekspertlər və hərbçilər gözəl anlayırlar ki, İrəvan nəinki hücum etməyə, heç özünün müdafiəsini də təmin etməyə qadir deyil. Amma bununla belə, erməni siyasi və hərbi isteblişmenti - əgər onları belə adlandırmaq mümkündürsə,- strateji tərəfdaş kimi Rusiyanı sataraq, elə həmin ABŞ və Fransanı oyuna daxil etməyə çalışırlar. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli razılaşmanın yerinə yetirilməsi məsələsində Azərbaycan və Rusiyanın istəyinə mane olmaq məqsədilə Qərbin qoşunlarının demarkasiya xərttinə yeridilməsini planlaşdırırlar.


- Bir sıra Amerika KİV-ləri Rusiyanın ABŞ-a qarşı kosmik müharibəyə başladığını bəyan ediblər. Belə bəyanatların əsasında Rusiyanın “S-550” mobil raket sisteminin ABŞ-ın nüvə başlığı daşımağa qadir olan çoxfunksiyalı X-37 pilotsuz kosmik uçuş aparatını vura bilməsi barədə məlumat dayanır. Məsələ həqiqətənmi Amerika KİV-lərinin təqdim etdiyi kimidir?
- Mən yalnız bir şeylə raziyam ki, müasir Rusiya silahları istənilən hipotetik düşmənə, xüsusilə də ABŞ-a xoşagəlməz sürprizlər təqdim etməyə qadirdir. Maraqlıdır, amerikalılar nədən qorxurlar? Bizim kompleksin onların nüvə başlığı daşıyan pilotsuz kosmik gəmilərini vuracağından? Əgər belədirsə, dəqiq deyirəm ki, amerikalılar kosmik müharibədən qorxmamalıdırlar - biz onu başlamayacağıq, yalnız dövlətimizə təhülkə olacağı təqdirdə düşmən hədəflərini vuracağıq, başqa heç nə. Yankilər əslində yeni silahların yaradılması üçün çoxmilyardlıq proqramlarının rus silahı qarşısında mənasız olduğundan narahatdırlar. Sülh istəyirsənsə, müharibəyə hazır ol. Bu həqiqətdir və Rusiya özünü də, müttəfiqlərini də qorumağa hazırdır.

- Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova hesab edir ki, ABŞ və Rusiyanın münasibətlərində çətinliklərdən başqa, yaxşılığa doğru da dəyişikliklər yaranmağa başlayıb. Hansı sahələrdə inkişaf nəzərə çarpır?

- Əgər Zaxarova Rusiya XİN-in rəsmi təmsilçisi kimi ABŞ-la münasibətlərin yaxşılaşmasını bəyan edirsə, deməli, bu Moskvanın rəsmi mövqeyidir. Nümunə kimi Zaxarovanın özü informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlərlə istifadə eilməsi əleyhinə Rusiya-Amerika layihəsinin qətnaməsini misal gətirdi. Öz tərəfimdən qeyd etmək istəyirəm ki, bu qətnamə münasibətlərin kəskin şəkildə yaxşılaşmasından xəbər vermir. Amma bizim XİN həmişə diplomatik üslubda hərəkət edir və çalışır ki, “hər şey batdı” qışqırmasın.
Moskva həmişə vəziyyətə nəzarət edir və aydındır ki, hansısa mehriban səfirlər NATO qoşunlarının Rusiya sərhədlərində açıq-aşkar düşməncəsinə yerdəyişməsini ört-basdır edə bilməzlər. “Tərəfdaş” adlandırılanları gözdən qoymaq olmaz. Nəyisə gözdən qaçırmaq kifayətdir ki, sənə zərbə endirilsin. Məhz buna görə Rusiya istənilən müasir ordunun qarşısını ala bilməyəcəyi silahlar istehsal edir. Bu iş bizim ölkəmizə düşmənçilik münasibətlərini onilliklərlə qabaqlayan addımdır. Qorxunc rus ayısı kimi görünmək hücum etməmək demokratiya barədə şirin nitqlərdən yaxşıdır.

- Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Avropa İttifaqının (Aİ) sərhəddindəki miqrant böhranı vəziyyətilə bağlı Rusiyanın Belarusa təzyiq göstərəcəyinə ümidlidir. Buna qədər Aİ də belə mövqedən çıxış edib. Niyə Brüssel danışıqları birbaşa prezident Lukaşenko ilə aparmaq istəmir, amma kömək üçün Rusiya prezidenti Putinə müraciət edir?

- Məncə, kollektiv Qərb sadəcə, Belarus prezidenti Aleksandr Lukoşenkoya etinasızlıq göstərir və “Batka”nın tamamilə “böyük qardaşın” nəzarəti altında olduğunu düşünür. Amma bu belə deyil. Aleksandr Lukaşenko anındaca vəziyyəti qiymətləndirmək, həm şəxsən özü, həm də dövlət üçün mənfəət qazanmaq bacardığını dəfələrlə nümayiş etdirib. Mənə görə, Fransa XİN-in rəhbərliyinin rəyi prinsipcə səhvdir və Polşa ilə Belarusun sərhədindəki miqrant böhranında Moskva yalnız Minsklə tövsiyə xarakterli məsləhətləşmələr apara bilər. Qərbdəki bəzi “tərəfdaşlar”ın yazdığı kimi Rusiyanın böhranla manipulyasiya etdiyini düşünmək olmaz. Rusiyanın özünün qayğıları bəs edir. Belarus prezidentinin mövqeyinə etinasızlıq və onunla konstruktiv dialoqdan imtina etmək isə avropalı və okeanın o tayındakı analitiklərin səhvidir ki, bu da miqrant böhranının həllini tezləşdirmir.

Samir Vəliyev
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Rusiya   Ukrayna   ABŞ  





Xəbər lenti