Dəhlizə-dəhliz: Zəngəzur açılmasa, Laçın qapana bilər – TƏHLİL

      Dəhlizə-dəhliz:    Zəngəzur açılmasa, Laçın qapana bilər –    TƏHLİL
  18 Noyabr 2021    Oxunub:7774
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Eyvazlı məntəqəsində gömrük və pasport nəzarəti tətbiq etmək qərarına münasibət bildirərkən demişdi ki, “Bu məntəqədə nəzarətin olmaması üçün danışıqların aparılması mümkün, ancaq dəyəri dəhlizlə ölçüləcəyindən, bizim üçün yolverilməz idi”. Paşinyanın sözlərinə görə güya Azərbaycan tərəfi qeyri-rəsmi kanallarla Eyvazlı məntəqəsindən ermənilərin qeyd-şərtsiz keçməsinin müqabilində Azərbaycana Zəngəzur dəhlizindən istifadəyə icazə verilməsini istəyib, Yerevan isə razılaşmayıb.
Bu bəyanatın ardınca Paşinyan ölkəsinin 10 noyabr 2020-ci ili üçtərəfli Bəyanatının bütün müddəalarını dəstəklədiyini bildirib və ümid etdiyini söyləyib ki, yaxın vaxtlarda bəyanatda nəzərdə tutulduğu kimi bütün regional kommunikasiyalar bərpa olunacaq. Bu o deməkdir ki, ümumilikdə Paşinyan Zəngəzur dəhlizinin açılmasına qarşı deyil, sadəcə özünün də müəyyən tələblərinin yerinə yetirilməsinə çalışır. O, Zəngəzur dəhlizini Eyvazlı məntəqəsinin müqabilində verməyəcəyini deməklə, sövdələşməyə getməyə hazır olduğuna işarə edir.

Paşinyanın Zəngəzur dəhlizi müqabilində istəyi nə ola bilər?
Təbii ki, Rusiyanın nəzarət etdiyi Azərbaycan ərazilərindəki ermənilərə hansısa statusun verilməsi. Paşinyan üçün Qarabağdakı ermənilərə ən kiçik və cüzi də olsa, muxatariyyət səlahiyyətləri olan statusun verilməsi ona görə vacibdir ki, birincisi, öz üzərindən məğlub lider damğasını az da olsa silə bilsin, ikincisi isə, gələcəkdə şərait imkan verərsə, yenidən Azərbaycan ərazisində erməni problemini qaldırmaq üçün kiçicik də olsa, tutarqa qalsın. Bu tək Ermənistana deyil, ona havadarlıq edən bir çox ölkələrə lazımdır.

Məhz bu səbəbdən prezident İlham Əliyev heç bir status məsələsinin müzakirə mövzusu olmayacağını təkidlə vurğulayır: “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”. İlham Əliyevin sözünün sənəd olduğunu bilə-bilə Paşinyanın bu mövzuda ümidlənməsinin səbəbi də məlumdur. Erməni lideri anlayır ki, Zəngəzur dəhlizi tək Azərbaycanla Naxçıvanı deyil, həm də Azərbaycanla Türkiyəni, Türkiyə ilə Orta Asiyanı, Pakistanla Türkiyəni və nəhayət, Şərqlə Qərbi birləşdirir. Bu baxımdan, prosesin yubanması dəhlizin açılmasında maraqlı olan qüvvələrin də narahatlığına səbəb olur. Yerevan düşünə bilər ki, dəhlizin açılmasında maraqlı olan dövlətlər hansısa formada razılığın əldə olunması üçün Azərbaycana təsir göstərəcəklər.

Təbii ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da iqtisadi maraqlarına cavab verir. Rusiya birbaşa Türkiyəyə, oradan isə Avropaya alternativ avtomobil və dəmir yolu əldə edir, həmçinin Ermənistanla nəqliyyat əlaqələri bərpa olunur. Ancaq hazırkı məqamda prosesin yubanması Moskvanın maraqlarına cavab verdiyi üçün Kreml Paşinyanın oyunlarına sakit yanaşır. Rusiya faktik olaraq iqtisadi maraqlarını regional-siyasi maraqlarına qurban verir. Axı Zəngəzur dəhlizinin açılması və ardınca Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının imzalanmasından sonra Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq...

Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, Azərbaycan hansı addımları atacaq?

Ermənistanın Zəngəzur dəhlizinin açılmasına imkan verməməsi Azərbaycana Laçin dəhlizini bağlamaq üçün legitim əsas yaradır. Doğrudur, rəsmi sənədlərdə Zəngəzur dəhlizinin Laçın dəhlizi müqabilində açılması qeyd olunmasa da, mahiyyət etibarıilə bu belə qavranılır. Qarabağdakı ermənilərin Ermənistanla əlaqə üçün Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə etmələrinin müqabilində, azərbaycanlılar Ermənistan ərazisindən keçən dəhliz vasitəsilə Naxçıvanla əlaqə quracaqlar. Dəhlizə-dəhliz.

Bu nöqteyi-nəzərdən yanaşanda ermənilərin Zəngəzur dəhlizini açmamalarının hətta Azərbaycanın maraqlarına cavab verdiyini desək, yanılmarıq. Hətta ermənilər üçün Laçın dəhlizinin qapadılmasının Azərbaycan üçün Zəngəzur dəhlizinin açılmasından daha önəmli olduğunu söyləyə bilərik.

Bəs Azərbaycan Laçın dəhlizini qapada bilərmi? Təbii ki, burada Rusiya faktoru ortaya çıxacaq. Rusiya onu bəhanə gətirə bilər ki, özünün ərazidə yerləşdirilmiş sülhməramlılarının təminatını Ermənistan vasitəsilə həyata keçirir və buna görə Laçın dəhlizi açıq qalmalıdır. Bunun qarşılığında Azərbaycan Rusiyaya hazırda Füzuli, yaxın gələcəkdə isə Zəngilan yaxud Laçın aeroportlarından istifadəni təklif edə bilər. Bu məsələdə Türkiyə də təkid edərsə, Rusiya Laçın dəhlizinin saxlanmasını ancaq 10 noyabr Bəyanatına istinad edərək əsaslandıra bilər. Bu halda da Azərbaycan Ermənistanın Zəngəzur dəhlizini açmamaqla həmin bəyanatı pozduğunu irəli sürəcəyinə görə, Moskva məcbur olacaq ki, Yerevanı Zəngəzur dəhlizini açmağa vadar etsin.

Tofiq Vahid
AzVision.az


Teqlər: Zəngəzur-dəhlizi  





Xəbər lenti