Sülh istəyirsənsə, "Dəmir yumruğ"u hazır saxla!

// Tarixin təkrarlanması Ermənistana baha başa gəldi

  Sülh istəyirsənsə, "Dəmir yumruğ"u hazır saxla!
  17 Noyabr 2021    Oxunub:2185
Revanşizmə can atanların acı aqibətə düçar olması faktları tarixdə kifayət qədərdir. Məsələn, Birinci Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çaışan faşist Almaniyasının İkinci Dünya müharibəsindəki daha faciəvi məğlubiyyəti özgələrinin ərazilərinə göz dikənlərə yaxşı ibrət dərsidir. Amma erməni millətçiləri görünür, belə incə mətləblərin fərqinə varmırlar. Çox nahaq; çünki tarix revanşistləri mütləq sərt şəkildə cəzalandırır. Son hadisələr bunu bir daha sübut etdi.
Ermənistanın bu həftə etdiyi hərəkət ötən ilin iyulunda və sentyabrında buraxdığı səhvlərlə eynidir. Hər üç halda xəbərdarlıqdan nəticə çıxarmadığı üçün başı Dəmir yumruqla əzildi. Bir il əvvəl məhv olmaq təhlükəsindən qurtulmaq üçün Ermənistan hakimiyyəti müxtəlif təşkilatlara və dövlətlərə, xüsusilə KTMT-yə və Moskaya yalvarsa da, son nəticədə kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bir neçə ölkədən başqa, bütün dövlətlər və qurumlar ya Azərbaycanın haqq işini dəstəklədilər, ya da ki, ən azı neytral mövqe tutdular.


Amma dövlət kimi tam iflasdan qurtulmuş Ermənistanın rəhbərliyi bir müddət sonra revanşist qüvvələrlə bəzi xarici havadarların təzyiqi və təhriki ilə üçtərəfli Bəyannamədə öz üzərinə götürdüyü öhdəliklərdən yayınmağa cəhdlər göstərməyə başladı. Obrazlı desək, cığallıq etməyə çalışan Ermənistan hökuməti ikibaşlı oyunlarla vaxt udmaq üçün bir-birinə diametral zidd olan bəyanatlar vermək xəttini tutdu. Ən gərgin məqamlar məhz sərhədlərin dəqiqləşdirilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Lakin İrəvanın bütün destruktiv səylərinə rəğmən, Azərbaycan beynəlxalq hüquq çərçivəsində Zəngəzur ərazisində Ermənistanla sərhədlərini tədricən bərpa edir, zəruri olan sərhəd və gömrük-nəzarət məntəqələrini qururdu. Bu işlər fonunda reallıqla heç cür barışmaq istəməyən revanşistlər hakimiyyəti satqınlıqda və Azərbaycana "ərazi güzəştlərinə getməkdə" ittiham edirdilər. Nəticədə noyabrın 8-də Azərbaycan xalqı Zəfər bayramını qeyd etdiyi vaxtda ermənilər Şuşa ətrafında təxribata əl atdılar, onun səhəri günü ordumuzun Kəlbəcərdəki mövqelərinə yol çəkən mühəndis texnikaları atəşə tutuldu və elə həmin gün də 60 erməni hərbçi Qaragöl ətrafında heç bir hüquqi əsası olmayan post qurmağa cəhd göstərdi. Bütün bu təxribat cəhdlərinin qarşısını alan Azərbaycan, hətta Rusiyanın xahişi ilə Qaragöl ətrafında mühasirəyə aldığı 60 erməni hərbçinin Ermənistana qayıtmasına da imkan verdi.


Eyni zamanda, Azərbaycan Müdafiə nazirliyi təxribatlar təkrarlanarsa, daha sərt və təsirli tədbirlərin görüləcəyi barədə noyabrın 10-da qarşı tərəfə ciddi xəbərdalıq etdi. Amma təxribatları dayandırmayan ermənilər noyabrın 13-də terrorçu Norayr Mirzoyanın əli ilə Şuşanın Daşaltı kəndi yaxınlığında azərbaycanlıların postuna qumbara atdılar. Rusiyalı sülhməramlıların erməni tərəfə təhvil verdiyi Mirzoyan üçünsə Ermənistanda “xeyriyyə askiyası” çərçivəsində vəsait toplanışına başlandı. Azərbaycanın bütün xoş məramlı jestlərindən “ürəklənən” qarşı tərəf noyabrın 14 və 15-də Kəlbəcərdəki mövqelərimizi Ermənistan ərazisindən atəşə tutaraq, dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməyə, beləliklə də daha əlverişli mövqelərə və hərbi üstünlüyə malik olmağa cəhd göstərdi.

Atalar deyib ki, uzunqulaq bir dəfə palçığa batdığı yerdən ikinci dəfə keçmir və onu buna heç cür məcbur da etmək mümkün deyil. Amma Ermənistan ötən ildəkinin tam təkrarı olan genişmiqyaslı təxribatlara əl atdı və bununla da əməliyyat-taktiki baxımından növbəti dəfə tam iflasa uğradı. Azərbaycan Ordusunun endirdiyi zərbələrlə təxribatçılar qaçmağa məcbur edildi, bütün yüksəkliklər və məntəqələr isə Silahlı Qüvvələrimizin nəzarətində qaldı. Ermənistan 20-dən artıq canlı qüvvə itkisi verdi, 40-dan artıq hərbçi yaralandı, 13 erməni hərbçi isə əsir düşdü. Azərbaycan Silahlı Qüvvələri habelə xeyli sayda silah-sursat qənimət götürüb.


Mənəvi-psixoloji baxımdan sındırılmış Ermənistan ordusu ilə müqayisədə Azərbaycan Silahlı Qüvvələrində mövcud olan nizam-intizam, peşəkarlıq, ordumuzun ən müasir texnika və silah-sursatla təminatı döyüşlərdə daha aza itkilərlə qalib gəlməyimizi şərtləndirir. Buna görə də təxribatı törədən erməni tərəfi ilə müqayisədə bizim itkilərimiz daha az - 7 şəhid və 10 nəfər yaralı - oldu. Təəssüf ki, Ermənistan ağır silahlardan istifadə etdiyinə görə bu itkilərdən qaça bilmədik. Bununla belə, Azərbaycanın Ermənistan üzərindəki növbəti qələbəsi ölkəmizə qarşı bütün təxribatların və avantüraların daim iflasa uğradığını və uğrayacağını, ordumuzun revanşist qüvvələrə layiqli cavab verdiyini və indən sonra da verəcəyini, Azərbaycanın regional təhlükəsizliyin təminatçısı kimi əhəmiyyətli aktor olduğunu sübuta yetirdi.

44 günlük Vətən müharibəsində olduğu kimi bu dəfə də rəsmi Bakı hadisələrin əsl mahiyyəti, onların ardıcıllığı və gedişatı barədə operativ şəkildə beynəlxalq ictimaiyyəti xəbərdar edib. Məhz bu siyasətin nəticəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəngində, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatlarında vəziyyətlə bağlı narahatlığın ifadə olunması ilə bərabər, sərhədlərin demarkasiyası və delimitasiyası yönündə danışıqlara başlamağın vacibliyi vurğulanıb. Əslində bu Azərbaycanın haqlı mövqeyinin təntənəsi deməkdir. Çünki məhz rəsmi Bakı üçtərəfli Bəyannamə imzalanandan bəri sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüslərini irəli sürsə də, İrəvan hər vəchlə bu prosesi pozmağa çalışır. Amma artıq bıçaq sümüyə dirənib və Ermənistanın manevr imkanları demək olar ki, sıfıra enib.

Bu reallıq İkinci Qarabağ müharibəsində olduğu kimi indi də Ermənistanın Rusiya və KTMT ilə bağlı ümidlərinin puça çıxmasında da öz sübutunu tapdı. Ermənistanın yenə də siyasi şantaj yolu ilə Rusiyanı və KTMT-ni hərbi əməliyyatlara cəlb emək arzusu elə arzu olaraq da qaldı. Bu yöndə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması heç şübhəsiz ki, Kremldə ciddi qıcıq yaradıb. Bunun üçün rusiyalı ekspertlərdən Maksim Şevçenkonun “Ermənistan Rusiyanı şantaj etməkdə davam edərsə, Qarabağın əvəzinə Zəngəzurun statusunu müzakirə etməli olacaq”, Yevgeni Mixaylovun “Qarabağın sərhəd zonasında və rusiyalı sülhməramlıların yerləşdiyi ərazilərdə yaranmış vəziyyət fonunda İrəvan Moskvanın və KTMT-nin dəstəyinə ümid etməməlidir”, Aleksandr Xramçixinin “Nəyə görə Rusiya Ermənistana onun özünün özü üçün etdiyindən artıq nə isə etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim heç kəsi müdafiə etməyə hazırlaşmır” kimi açıqlamalarına diqqət yetirmək kifayətdir.

Düşmən üzərində qələbələrimizə baxmayraq, regionumuzda yaranmış vəziyyət bizim daim təxribatlara hazır olmağımızı tələb edir. Çünki rəsmi İrəvanın təcavüzkar siyasətini və onun havadarlarının Cənubi Qafqazda geosiyasi oyunlarını neytrallaşdırmaq yalnız bügünün və ya sabahın deyil, yaxın və uzaq gələcəyin də tələbidir. Uzun illərdir ki, üzləşdikləri saysız-hesabsız təxribatlarda qurbanlar versələr də, mövcud təhdidlərin qarşısın alan Türkiyə və İsrail kimi dövlətlərin siyasəti bu müstəvidə çox önəmli nümunədir. Təəssüflər olsun ki, bəşəriyyətin yarandığı gündən üzləşdiyi “sülh istəyirsənsə, müharibəyə hazır ol” prinsipi bu gün də öz aktuallığını qoruyub saxlayır. Daha doğrusu, bəlkə də ən sərt zərurətə çevrilib.

Ən azı tarixi təkrarlamaq cəhdlərinin onlar üçün daha baha başa gələcəyini revanşist qüvvələrə dərk etdirmək üçün.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   revanşizm  





Xəbər lenti