Rusiya bazasının ətrafında çevriliş: Sudanda baş verənlərin pərdəarxası – TƏHLİL
Əldə olunmuş razılığa əsasən, dövləti idarə etmək üçün çevrilişi həyata keçirmiş hərbi rəhbərlər və mülki hesab olunan bürokratik aparatın tanınmış nümayəndələrindən ibarət “Suveren şura” yaradıldı. Şuraya ilkin mərhələdə, yəni, 21 ay hərbiçilər rəhbərlik etməli, bundan sonra hakimiyyət 18 aylıq mülki idarəçilərə verilməli və bu müddət bitdikdən sonra yeni qəbul olunmuş konstitusiyaya əsasən 2023-cü ildə prezident seçkiləri keçirilməli idi. Bu müddət ərzində cari icra işlərini Suveren şuraya tabe olan Nazirlər Kabineti yerinə yetirirdi.
Suveren şuranın sədri, general Abdul Fəttah əl-Burhanın hakimiyyət müddəti razılaşmaya əsasən, bu ilin noyabr ayında sona çatırdı və hakimiyyət prezident seçkilərinə qədər baş nazir Abdulla Həmdukun başçılıq etdiyi hökumətə təhvil verilməli idi. Ancaq nədənsə hərbçilər razılaşmaya riayət etmək fikrindən daşınaraq, baş nazir Abdulla Həmduku həbs edib, hakimiyyəti əllərində saxlamaq qərarına gəldilər.
Paytaxt Xartumda bütün giriş-çıxış və əsas yollar hərbçilər tərəfindən nəzarətə götürdü, internet və telefon rabitəsi məhdudlaşdırıldı. Çevriliş baş verdikdən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları da vüsət aldı. Bir tərəfdə mülki hakimiyyətin tərəfdarları hakimiyyət çevrilişinə qarşı çıxır, digər tərəfdə isə hərbi rejimin dəstəkçiləri general əl-Burhan a öz etimadlarını ifadə edirlər.
Hakimiyyəti ələ keçirən general əl-Burhan isə rəhbərlik etdiyi Suveren şuranın, həmçinin Nazirlər kabinetinin buraxıldığını elan etməklə yanaşı, keçid dövrü üçün normativ-hüquqi baza rolunu oynayan konstitusion bəyannamələrin də qüvvədən düşdüyünü bildirib. Bunun əvəzində o, sudanlılara söz verib ki, yeni parlament seçkiləri keçirəcək və müstəqil hökumət formalaşdıracaq.
Sudanda hakimiyyət nümayəndələri arasında ixtilafın yaranması heç də gözlənilməz hadisə sayıla bilməz. Keçici hökumətin fəaliyyəti dövründə hakimiyyətin iki qanadı arasında zaman-zaman ciddi mübahisələr yaşanırdı. Daxili intriqaların geniş vüsət alaraq parçalanmayla nəticələnməsində təbii ki, regionda maraqlı olan dövlətlərin də rolu az deyil.
Sudanın strteji əhəmiyyəti əsasən bu dövlətin Qırmızı dənizin sahilində tutduğu coğrafi mövqeyi ilə bağlıdır. Məlumdur ki, Hind-Sakit okean regionu və Yaxın Şərq ölkələrindən Avropaya daşınan bütün yüklər Ədən körfəzindən Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizə, oradan Süveyş kanalı vasitəsilə Aralıq dənizinə, daha sonra Avropa ölkələrinə daşınırlar. Bu o qədər əhəmiyyətli marşrutdur ki, Səudiyyə Ərəbistanı ilə İran illərdir Bab-əl-Məndəb boğazına nəzarət uğrunda Yəməndə bir-birilə müharibə aparırlar. Sudanın coğrafi mövqeyi həm də ona görə vacibdir ki, Qırmızı dənizdə limanı var və dənizə çıxışı olmayan neft ixrac edən dövlətlər, əsasən isə Cənubi Sudan bu ölkədən asılıdır.
Odur ki, Səudiyyə Ərəbistanı ilə Misirin Sudanda xüsusi maraqlarının olduğu heç də təəccüblü görünmür. Sudan uzun müddət Misirin tərkib hissəsi olub, 20-ci əsrin ortalarına qədər Britaniya ilə Misir bu ölkəni birgə idarə ediblər. Misirlə Sudan sərhədində hələ də mübahisəli ərazi mövcuddur. 20 min kv.km-dən artıq olan bu ərazi “Halaiba üçbucağı” adlanır.
Səudiyyə Ərəbistanı isə ənənəvi olaraq dini faktordan istifadə edərək ölkəyə təsir gücünü saxlayır. 40 milyonluq Sudan əhalisinin 70 faizi milliyətcə ərəb, 95 faizi isə sünni-müsəlmanlardır. Ər-Riyad üçün öz tankerlərinin təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır və Səudiyyə rəhbərliyi bu dəniz koridorunun öz təsiri altında olan sünni hakimiyyətlərin əlində saxlanılmasına xüsusi önəm verir. Hətta keçmiş prezident Ömər əl-Bəşirin dövründə nizami ordudan əlavə, Darfurda ərəblərlə qeyri-ərəblər arasında olan münaqişədə birincilərə dəstək olmaq üçün “Çevik təsir qüvvələri” adlandırılan ordu formalaşdırılmışdı. Bu ordu sırf ərəb millətindən olan xüsusi təlim keçmiş döyüşçülərdən ibarət idi.
Məhəmməd Həmdan Daqolonun başçılıq etdiyi bu hərbi qüvvələr Darfur hadisələrindən sonra, Yəməndə şiələrə qarşı vuruşmuşdu. “Çevik təsir qüvvələri”nin əsas maliyyə mənbəyi isə Səudiyyə Ərəbistanıdır. Sudanda keçid dövründə ölkəni idarə edən Suveren şurada Daqolo ikinci şəxs idi və çevrilişdən sonra da hakimiyyətin əsas payçılarından biri olacağı şübhəsizdir. Odur ki, hərbi çevrilişin Səudiyyə Ərəbistanının maraqlarına ciddi zərbə olduğunu demək olmaz.
Sudanda maraqları olan digər əsas oyunçu isə Rusiyadır. Keçmiş prezident Ömər əl-Bəşir hakimiyyətinin sonlarına doğru qərbdə ona qarşı inqilab ssenarisinin hazırlandığını hiss edərək, 2017-ci ildə prezident Putinlə görüşmüş və Sudanda Rusiya Hərbi Hava Qüvvələrinin bazasının yaradılmasını istəmişdi. Güman ki, Bəşir bu addımıyla onu devirmək istəyənləri hədələməyə çalışır, hərbi bazanın açılacağına heç özü də ciddi yanaşmırdı. Lakin Moskva hərbi qüvvələrini Qırmızı dənizə soxmaq şansını qaçırmadı və məsələ dərhal rəsmiləşdirildi.
2019-cu ildə baş vermiş inqilab Rusiya hərbi bazasının açılmasını təxirə saldı. Müvəqqəti hökümət isə, hərbi bazanın yaradılması barədə prezidentlər arasında imzalanmış razılaşmanın parlament tərəfindən ratifikasiya edilməməsinə görə mümkünsüz olduğunu bildirmişdi. Ratifikasiya edilməməsinin səbəbi isə ümumiyyətlə, parlamentin mövcud olmaması ilə bağlı idi. Bu o demək idi ki, müvəqqəti hökümət Rusiya hərbi bazasının açılmasını istəmir və bu səbəbdən ehtimal etmək olar ki, Moskva çevrilişin həyata keçirilməsinə köməklik göstərə bilər. Hakimiyyəti ələ keçirmiş hərbi xuntanın Rusiya bazasının açılmasına münasibətindən Moskvanın çevrilişdə nə qədər qatqısı olduğu da üzə çıxacaq.
Hər halda, Rusiyanın Qırmızı dənizə hərbi müdaxiləsi nə regional anlamda Səudiyyə Ərəbistanının, nə də geosiyasi anlamda ABŞ-ın maraqlarına cavab verir. Ər-Riyad əsas düşməni olan Tehranın strateji tərəfdaşı sayılan Rusiyanın regiona daxil olmasına qarşıdır. Bu, bölgədə İranın mövqeyini gücləndirə və Yəməndə şiələrin üstünlük qazanmasına səbəb ola bilər.
Tofiq Vahid
AzVision.az