Vətən Müharibəsində vacib mərhələ: Qubadlının azadlığı nə demək idi – TƏHLİL

      Vətən Müharibəsində vacib mərhələ:    Qubadlının azadlığı nə demək idi –    TƏHLİL
  25 Oktyabr 2021    Oxunub :1323
Bu gün Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən, qərbdən Ermənistanla, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən 1 il keçir.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Qəhrəman Əsgərlərimizin şücaəti və xalqımızın dəstəyi sayəsində biz artıq Qubadlının işğal tarixini deyil, azadlıq tarixi qeyd edirik. Buna görə başda Şəhidlərimiz, yaralılarımız və veteranlarımız olmaqla, Qələbəmizdə əməyi keçən hər kəsə dərin təşəkkür edirik.

Ermənistanla 120 km-lik, Qarabağla isə 45 km. sərhəddə malik Qubadlı rayonunun işğaldan azad edilməsi məqsədilə aparılan döyüş əməliyyatları 22 oktyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilə qədər davam edib. Rayonun ərazisinin azad edilməsi haqda ilk məlumatlar oktyabrın 23-dən dərc olunmağa başlasa da, orada yerləşən hərbi obyektlərə raket zərbələri döyüş əməliyyatlarının başlamasından bir neçə saat sonra endirilmişdi. Bu zərbələr əsasən düşmənin ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına endirilirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxması və bu istiqamətdə əks hücumlarımızı sürətlə davam etdirmək üçün münbit şərait yaratmışdı.

23 oktyabrda ilk dəfə olaraq Qəhrəman Əsgərimizin Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini düşməndən təmizləməsi barədə rəsmi məlumat dərc olundu. 3 gün sonra isə rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhərinin düşməndən təmizlənməsi Ordumuzun Ermənistanla sərhədə doğru sürətlə irəllədiyini nümayiş etdirdi.


Oktyabrın 28-də Qiyaslı, Əbilcə və Qılıcan kəndləri, 30-da Kavdadıq, Məmər və Mollalı kəndləri, noyabrın 2-də İşıqlı, Muradxanlı və Milanlı kəndləri, 4-də Başarat, Qarakişilər və Qaracallı, 7-də Qəzyan, Balasoltanlı və Mərdanlı, 9-da Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndləri düşmən işğalından azad edildi.

Qubadlı uğrunda döyüşlər nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi düşməndən azad edilərək, Azərbaycanın nəzarətinə keçdi.

Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilən Qubadlı rayonu 1 şəhər və 93 kənddən ibarət idi. Şəhər və 41 kənd Vətən Müharibəsi zamanı döyüş əməliyyatları nəticəsində azad edildi. Yerdə qalan 52 kənd isə 10 noyabrda qüvvəyə minən üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarından təmizləndi və Azərbaycana qaytarıldı.

Qubadlının azad edilməsində Azərbaycan Ordusunun quru qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin elit bölmələri iştirak etdi. Qubadlıda erməni silahlılarından ibarət motoatıcı alaya qədər düşmən qüvvələri tamamilə məhv edildi. Qubadlının işğaldan azad olunması erməni ordusunun darmadağın edilməsini sürətləndirdi. Dronlarımız artıq havadan məhv etmək üçün düşmənin HHM sistemlərini, artilleriya qurğularını, maddi-texniki ehtiyatlarını və zirehli vasitələrini tapmaqda çətinlik çəkirdilər. Rusiyadan Ermənistana İran üzərindən silah göndərilməsi də işğalçılara kömək etmədi. Son göndərilən rus silahlarının da taleyi əvvəlkilərdən fərqlənmədi.

Azərbaycan tərəfi Qubadlını azad etdikdən sonra Ermənistanı Qarabağla bağlayan tək əlaqə yolu olan Laçın dəhlizini asanlıqla tutmaq imkanı qazandı, lakin bunu Qarabağı tərk edən mülki erməni əhalini nəzərə alaraq, etmədik.

Qubadlının azad edilməsi strateji, hərbi, siyasi, iqtisadi, mənəvi və psixoloji cəhətdən Azərbaycanın Ermənistan üzərində üstünlüyünü möhkəmləndirirdi. Qubadlı rayonu işğalçı ölkə ilə Azərbaycan arasında dövlət sərhədində yerləşdiyindən, Ordumuz bu rayonu azad etməklə müharibədə ilk dəfə Ermənistanla dövlət sərhədimizi bərpa etdi. Qubadlı-Laçın istiqamətində əməliyyatların həyata keçirilməsi üçün platsdarm qazanmaqla bərabər, Hadrut-Şuşa istiqamətində irəliləmək üçün imkanlarını genişləndirdi.

Laçın dəhlizinin tam atəş nəzarətində saxlanılması isə düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin manevrlərini məhdudlaşdırdı. Bu da gələcək döyüşlərin, xüsusilə də Şuşanın azadlığı uğrunda əməliyyatların taleyini əvvəlcədən həll etmiş oldu. Başqa sözlə desək, Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı “Aşındırma Müharibəsi”nin məntiqi sonluğunu bir qədər yaxınlaşdırdı.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: Qubadlı   VətənMüharibəsi  







Xəbər lenti