Biz GMO-nu yeyirik, yoxsa o bizi? – ARAŞDIRMA

Biz GMO-nu yeyirik, yoxsa o bizi? – ARAŞDIRMA
  01 Aprel 2013    Oxunub:2411
Son vaxtlar ərzaq məhsullarının tərkibi, onların təhlükəsizliyi ilə bağlı beynəlxalq miqyaslı qalmaqallar mütəmadi hal alıb. Məsələn, 2010-cu ilin sonu 2011-ci ilin əvvəlində bazarlara əti çıxarılan heyvanların tərkibində zəhərli maddələr olan texniki yağla qidalandırılması xəbərinin yayılması Avropada "dioksin skandalı"nın meydana çıxmasına səbəb olmuşdu. 2013-cü ilin ilk aylarında isə Avropada müxtəlif ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətlərin məhsullarının tərkibinə mal əti adı altında at ətinin də qatılması xəbəri növbəti ərzaq qalmaqalına səbəb olub.
Lakin ərzaq təhlükəsizliyini hədələyən digər problemlər də vardır. BMT-nin Dünya Ərzaq Proqramının məlumatına görə hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Bəşəriyyətin gələcəyinə daha çox pessimist mövqedən yanaşan alimlərin fikrincə, yetərincə qidalanmayan insanların sayı qarşıdakı illərdə daha da artacaq. Proqnozlara görə 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək.

Bu təhlükənin qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən çıxış yolu isə ilk baxışda tərəddüd yaradan, bəşəriyyətə faydalı, yoxsa zərərli olacağı dəqiq bilinməyən bir təklifdir. Ekspertlərin irəli sürdüyü və bir sıra dövlətlər tərəfindən dəstəklənən ideya genetik modifikasiya olunmuş məhsulların ("genetically modified crops”, ümumi adla "genetically modified organisms” (GMO)) istehsalının daha da genişləndirilməsi və bütün dünyada əsas qida qismində istifadəsinin təmin edilməsidir. Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının insanların gündəlik ərzaq istehlakında ənənəvi məhsulları üstələməsi və hətta tamamilə əvəz etməsi qlobal ərzaq sistemində növbəti inqilabi yenilik deməkdir.

Məlumatlara görə, geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisi sürətlə artıb. Aqro-biotexnoloji məhsullarla bağlı məlumatların əldə edilməsi ilə məşğul olan Beynəlxalq Xidmətin (International Service for the Acquisition of Agri-Biotech Applications (ISAAA)) illik olaraq açıqladığı hesabata əsasən, dünyada GMO məhsullarının istehsal olunduğu torpaq sahələri sürətlə genişlənir. Hesabata görə, 2012-ci ildə dünyada 28 ölkənin ümumilikdə 170 milyon hektar ərazisində GMO məhsulları becərilib, həmin ərazinin təxminən yarısı Çin, Hindistan, CAR, Braziliya və Argentinanın payına düşür. GMO məhsullarını becərildiyi əkin sahələrinin ölçüsünə görə isə ABŞ dünyada birinci yerdədir.

Genetik modifikasiya bitkilərin, heyvanların genlərində bir və daha artıq elementdə dəyişiklik edilməsi, müxtəlif bakteriyalara, bitkilərə, heyvanlara məxsus genlərin həmin obyektin üzərinə köçürülməsi yolu ilə baş verir. Gen mühəndisliyi texnologiyalarından istifadə edilməklə meyvə və tərəvəz məhsullarına, texniki bitkilərə müxtəlif yöndə təsir göstərmək mümkündür. Genetik modifikasiya bəzən bitkinin tərkibindən onun çürüməsini təmin edən elementin çıxarılmasından ibarət olur. Belə olduqda məhsul normal temperaturda aylarla görünüşündə heç bir dəyişiklik olmadan qala bilir.

Bir çox hallarda, xüsusən də meyvə və tərəvəzlərə ölçüsünün və çəkisinin daha böyük olması, daha çox məhsuldarlığın əldə edilməsi, məhsulların cəlbedici görünməsi üçün onlara, əqrəb, balıq, inək və digər canlıların genləri əlavə olunur. Genetik modifikasiya olunmuş toxumlardan yetişən bitkilər, adətən, kəskin hava şəraitinə, kimyəvi maddələrə davamlı olur, hətta özlərində zəhər istehsal etmək bacarığı sayəsində onları yeyən həşəratları məhv edir. Başqa sözlə desək, həmin bitkilər zərərvericilərlə özləri "mübarizə aparırlar". Genetik modifikasiyası ən geniş yayılan bitkilər içərisində əksər növ meyvə və tərəvəzləri, soyanı, şəkər çuğundurunu, pambığı qeyd etmək olar.

Fermalarda saxlanılan heyvanların GMO qidalarla bəslənilməsi də kifayət qədər geniş hal alıb. Yaxın gələcəkdə isə genetik modifikasiya olunmuş heyvanlar insanların qida rasionuna daxil ola bilər. Bu ilin martında ABŞ-da genetik modifikasiya olunmuş qızıl balıq ictimaiyyətə təqdim olunub. Adi qızıl balıqdan iki dəfə böyük olan yeni balıq çoxalma qabiliyyətinə malik deyil. Onun qarşıdakı iki il ərzində geniş istehsal olunaraq bazarlara çıxarılacağı gözlənilir.

GMO məhsullarından geniş istifadənin insan nəslinin inkişafına necə təsir göstərəcəyi hələ ki dəqiq bilinmir. Ümumiyyətlə isə belə məhsulların insan sağlamlığına təsiri ilə bağlı alimlər olduqca ziddiyyətli fikirlər yürüdürlər. Heyvanlar üzərində aparılan məhdud sayda sınaqlar nəticəsində müşahidə edilib ki, yalnız GMO məhsulları ilə qidalanan canlılar bir neçə nəsildən sonra orqanik qidalarla yemlənən canlılarla müqayisədə iki dəfə az çoxalma qabiliyyətinə malik olur. GMO məhsullarının sağlamlığa zərərli olmadığını əsaslandırmağa çalışan alimlər isə belə sınaqların obyektiv aparılmadığını iddia edirlər.

Ekspertlərin bir qismi diqqəti başqa bir məqama da yönəldirlər. Belə ki, ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkənin də məhz ABŞ olması bu iki xüsusiyyət arasında əlaqənin mövcudluğu ilə bağlı ehtimallar yaradır. Bundan əlavə, GMO məhsullarının bəzi hallarda hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaratdığı güman edilən hallar da qeydə alınıb.

Bütün bunlar, ən əsası isə GMO məhsullarının sonrakı nəsillərə göstərəcəyi təsirlə bağlı qeyri-müəyyənlik əksər dövlətlərin belə məhsulların istehsalına və idxalına məhdudiyyətlər qoymasına səbəb olub. Buna baxmayaraq, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır. Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir. Müxtəlif ölkələrdəki fermerlərin torpaqların GMO bitkiləri istehsal edən şirkətlərə satılmasına etirazları, kütləvi mediada GMO məhsullarının istehlakından çəkinməyə çağırışlar iri dövlətlərin himayəsi altında böyük şirkətlərin fəaliyyəti nəticəsində qlobal miqyasda gedən bu sürətli prosesə zəif müqavimət kimi görünür.

Hülya Məmmədli / newtimes.az


Teqlər:





Xəbər lenti