İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi – TƏHLİL

   İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi –    TƏHLİL
  14 Oktyabr 2021    Oxunub :913
İran tərəfindən Azərbaycana qarşı mehriban qonşuluq və dini həmrəylik meyarları ilə uzlaşmayan qeyri-adekvat, ilk baxışda anlaşılmayan düşmənçilik siyasətinin yürüdülməsi həm də qlobal proseslərlə əlaqədardır. Hazırda Amerika və Böyük Britaniyanın başçılığı ilə qlobal hərbi-siyasi alyans yaradılır. Tehran Londonla Bakının tarixi-strateji münasibətlərinin mövcudluğuna istinad edərək, düşünə bilər ki, Azərbaycan da bu alyansın tərkibində fəal tərəfdaş kimi yer alır.
Tarixi müttəfiqlər olan Amerika ilə Böyük Britaniyanın qurduqları qlobal alyansın həm də hərbi xarakter daşımasını göstərən əsas amil isə bu cütlüyün Avstraliyanı da öz aralarına qoşaraq, AUKUS (Australia, United Kingdom, United States) adlı üçtərəfli ittifaq yaratmaları oldu. Ardınca Avstraliyanın Fransanın “Naval Group” şirkəti ilə dəyəri 66 milyard olan sualtı gəmilərin inşasına dair müqaviləni ləğv etməsi yeni qlobal hərbi alyansada Parisin yer almayacağının göstəricisi idi. Bu həm də, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin məntiqi izahı sayıla bilər. Hər şey bir kənara, ancaq Fransa dövlətinin 66 milyardlıq müqavilədən məhrum olması növbəti seçkilərə hazırlaşan Makronun da siyasi ölümünün göstəricisi və tabutuna çalınan sonuncu mismar kimi qiymətləndirilir.

Burada sual yarana bilər ki, əsas məqsədi rəsmi olaraq Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin olunması kimi bəyan edilən yeni alyans İrana qarşı nə kimi təhlükə yarada bilər və bu proseslərin Azərbaycanla hər hansı əlaqəsi varmı?

Əvvəlcə onu qeyd edək ki, AUKUS təkcə Avstraliya, ABŞ və Böyük Britaniyanın ittifaqı deyil, bu üç ölkə hərbi alyansın nüvəsini təşkil edəcəklər. Bu nüvə ətrafında isə ABŞ-ın həmin regionda olan bütün tərəfdaşları cəmləşib.Hind-Sakit okean regionunun Qərbə doğru davamı Pakistandan başlayıb, Əfqanıstanı da qatmaqla, Türkiyəyə qədər uzanan və Azərbaycanın da daxil olduğu coğrafi məkandır. İran ondan narahatdır ki, ABŞ ilə Böyük Britaniya bu regionu nəzarətdə saxlamaq üçün Türkiyə və Pakistanla alyans qura bilər. Hind-Sakit okean regionunda qurulmuş alyansın Çinə qarşı faəliyyət göstərəcəyi ehtimal olunursa, Pakistan və Türkiyə ilə qurulacaq ittifaqın İranı hədəflədiyini ehtimal etmək olar. Əfqanıstandan Türkiyəyə qədər uzanacaq, Orta Asiya və Cənubi Qafqazın da daxil olduğu böyük bir coğrafiyada iqtisadi bağlarla bir-birilə əlaqələndiriləcək ölkələrin həm də hərbi alyans formasında qruplaşma ehtimalı İranın regionda təklənməsi anlamına gələcək.

Odur ki, İran bu ehtimalları hesaba almaya bilməz və bunların nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq üçün bu zəncirdə ən zəif yer hesab olunan Zəngəzur dəhlizindən proseslərə müdaxilə etməyə çalışır ki, düşüncələrinin həqiqətə uyğunluğunu yoxlasın. Tehran regionda hərbi güc nümayiş etdirməklə qlobal güc mərkəzlərinin reaksiyalarına uyğun nəticələrini çıxarmağa çalışır.

İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiya səfəri ilk növbədə yeni baş diplomatın təqdimatı və rusiyalı həmkarı ilə tanışlıq xarakteri daşıyırdısa da, əsas məqsədi Moskvanın mövqeyini öyrənməkdən ibarət idi. Daha dəqiqi isə, Tehran Rusiya ilə olan ənənəvi müttəfiqliyini yeni qurulan birliyə qarşı yönəldilməsinə çalışırdı. Lakin, Abdullahianın Rusiya həmləsi uğursuzluğa düçar oldu və İran gözlədiyi dəstəyi ala bilmədi. Bunun əsas səbəbi Abdullahiandan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfər etməsi və rusiyalı həmkarı Putinlə danışıqlar aparması ilə bağlı ola bilər.

Təbii ki, Rusiyanı da özünün cənub hissəsində hansısa formada ittifaqın yaradılması ehtimalları narahat etməyə bilməz. Lakin Moskvanın İranla birlikdə Suriyada olduğu kimi, bu proseslərə qarşı çıxmamasının altında iki səbəb yata bilər. Birincisi, ola bilər ki, Vaşinqton Rusiya ilə müəyyən məsələlərdə razılığa gəlib (məsələn Ukrayna məsələsi, yaxud “Şimal axını-2” qaz kəmərinin istismarına icazə verilməsi kimi) və bunun müqabilində cənubundakı proseslərə müdaxilə etməməsini istəyib. Bu halda, Ərdoğan Amerika ilə Rusiya arasında əsas vasitəçi rolunu oynamış olur.

İkincisi isə, ehtimal edilə bilər ki, Türkiyə ilə Rusiya hansısa formada ikitərəfli razılığa gəliblər və hər iki dövlətin maraqlarına cavab verən ortaq yol xəritəsi üzrə fəaliyyət göstərirlər. Bu halda, Ərdoğanın BMT sammiti zamanı “Baydenlə işləməyin çətin olduğunu” deməsi sırf Moskvanın etimadını itirməmək məqsədi daşıması ilə bağlı ola bilər. Ancaq ikinci versiya o qədər də inandırıcı səslənmir, cünki Ankara və Moskvanın Vaşinqtonun iradəsinin ziddinə getmələri inandırıcı deyil.

Digər tərəfdən, birinci versiya demokratların xarici siyasətlərinin ruhuna daha çox uyğun gəlir. 2015-ci ildə də, Baydenin sələfi Obama İranla nüvə sazişi imzalamaqla Tehranın neytrallaşmasına nail olmuş və Moskvaya qarşı sərt siyasətə start vermişdi. Lakin bu siyasətin effektsiz olduğu ortaya çıxınca, mümkündür ki, amerikalılar bu dəfə eyni siyasəti əksinə - Rusiyanı neytrallaşdırmaqla İrana qarşı sərtləşdirməyi qərara alıblar.

Ermənistana gəlincə, Nikol Paşinyan anlayır ki, Fransaya “stavka” etməklə səhvə yol verib, çünki Paris artıq proseslərə müdaxilə etmək gücündə deyil. İrəvan üçün Azərbaycanla sülh imzalayıb, Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. İran və mövqeyi qeyri-müəyyən olan Fransa ilə avantürist ittifaqa daxil olub, Amerika-Britaniya alyansına qarşı çıxmaq Ermənistana həqiqətən baha başa gələ bilər. Digər tərəfdən, İran və Fransanın anti-Zəngəzur mövqeləri kəskinləşdikçə Yerevanın buna müqavimət göstərmək gücü də zəifləyir. Çünki İran və Fransanın Ermənistana təsir etmək üçün ciddi siyasi-iqtisadi rıçaqları mövcuddur.

Tofiq Vahid
Azvision.az

Teqlər: İran   AUKUS  







Xəbər lenti