Cəbrayılda yaradılacaq sənaye parkının əhəmiyyəti nədir – Ekspert

   Cəbrayılda yaradılacaq sənaye parkının əhəmiyyəti nədir    – Ekspert
  07 Oktyabr 2021    Oxunub:1166
Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıla səfəri zamanı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının əsasını qoydu. Quruculuq işləri davam edən, hələ əhalinin yaşamadığı bölgədə sənaye parkının əhəmiyyəti nədir? Bunu AzVision.az-a izah edən iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirib ki, Qarabağda Sənaye Parkının təməlinin qoyulması sözsüz, tarixi hadisədir.
- Fikir verin ki, indiyə qədər biz əsasən Qarabağda əsasən kənd təsərrüfatının necə inkişaf etdiriləcəyinə dair xəbərlər eşidirdik. Bölgədə yaradılacaq müasir, ağıllı, ekoloji kənd təsərrüfatının verəcəyi məhsulların harada emal olunacağı sualı isə açıq qalırdı. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması bu suala cavabdır. Bir daha aydın oldu ki, Azərbaycan hökumətinin Qarabağın iqtisadi inkişafına dair bütün təfərrüatları nəzərə alan, detallı, hərtərəfli planı var,- ekspert deyib.

O, xatırladıb ki, Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2013-cü ildən başlanıb. Ölkəmizdə beş sənaye park vardı, cənab Prezidentin Cəbrayıla səfəri zamanı əsasını qoyduğu “Araz Vadisi İqtisadi Zonası” altıncı olacaq. Amma bu park bir sıra cəhətlərinə görə əvvəlkilərdən fərqlənir:


- Kənd təsərrüfatı həssas sahədir. Onun logistikası düzgün qurulmasa, qoyulan investisiyaların özünü doğrultması sual altına düşə bilər. Bizim halda “logistika” anlayışı soyuducu anbarlardan tutmuş, tarlada işləyən traktora texniki xidmətə qədər çox geniş spektrdə səpələnmiş sahələri əhatə edir. Onların hamısı qurulmalı və saat kimi işləməlidir. Əks təqdirdə, açığı, Qarabağda kənd təsərrüfatının inkişafı yönündə atılan addımlar daha çox siyasi xarakterli görünə bilərdi. Fəqət faktiki boş bir ərazidə sıfırdan qurulan kənd təsərrüfatını logistika ilə necə təmin etmək olardı? Sənaye Parkının açılışı ilə hər şey özü yerini aldı. Aydın oldu ki, regionda hər şey nəzərə alınmaqla, kompleks iqtisadiyyat qurulur.

Prezidentin Cəbrayıla səfəri zamanı Sənaye Parkı ilə yanaşı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulması da, professorun sözlərinə görə, bu baxımdan kifayət qədər maraqlı məsələdir. Əgər biz bölgədə kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, orada maşın gücünə ehtiyac var. Bu gücü həm də Rusiyanın, daha dəqiqi, Tatarıstanın “KamAZ” şirkəti təmin edəcəksə, iqtisadiyyatdan əlavə, böyük siyasi mənası da var.
- Əvvəla, bu torpaqlar bir il əvvələ qədər erməni işğalında idi və ermənilər onları qaytarmamaq üçün Rusiyanın himayəsinə ümid edirlər. İndi isə biz həmin torpaqlarda Rusiya biznesinin iştirakına imkan yaratmaqla ermənilərə böyük dərs vermis oluruq. İkincisi, bu işbirliyi bir çox baxımlardan bizə yaxın olan Tatarıstanla əlaqələrimizi daha da sıxlaşdıracaq,- Əlibala Məhərrəmzadə bildirib.

O, xatırladıb ki “KamAZ” 2014-cü ildən Azərbaycanda işləyir və Gəncə Avtomobil Zavodu ilə uğurlu iş təcrübəsi var: “Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Qarabağ azad ediləndən sonra kənd təsərrüfatımız ekstensiv genişləndiyindən, indi daha çox maşına tələbat var. Servis mərkəzinin məhz Cəbrayılda açılması göstərdi ki, “Kamaz” ilə Gəncə Avtomobil Zavodunin birlikdə istehsal etdikləri maşınların çoxu Qarabağda işləyəcəklər”.


Sonda həmsöhbətimiz əlavə edib ki, bütün bunlarla yanaşı, Sənaye Parkı – iqtisadiyyat üçün stimullaşdırıcı effekt deməkdir. Əgər söhbət sıfırdan qurulan iqtisadiyyat gedirsə, onun inkişaf sürəti bir neçə dəfə artacaq. Bu məntiqlə, yaxın gələcəkdə müəyyən iqtisadi potensial toplanandan sonra Qarabağımızda sənaye məhəllələrinin də yaradılacağını gözləyə bilərik.

Azvision.az


Teqlər: Cəbrayıl   Sənaye-parkı  





Xəbər lenti