Dialoq və ibadət məkanı - İbrahim Ailəsi Evi

  14 Sentyabr 2021    Oxunub :437
Dialoq və ibadət məkanı -   İbrahim Ailəsi Evi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin mədəni mərkəzində, Saadiyat adasında İbrahim Ailəsi Evi tikilməkdədir. Bu bölgə dünyanın müxtəlif mədəniyyətlərinin birləşdiyi məkandır. BƏƏ-nin sahib olduğu müxtəliflik, tolerantlıq və sülh mədəniyyətinin rəmzi olan layihənin artıq 20% -i hazırdır.
Azvision.az BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İbrahim Ailəsi Evi İnsan Qardaşlığı üçün Ali Komitənin ilk layihəsidir.

Komitənin yaradılması barədə sənəd 2019-cu ilin fevral ayında Əl-Əzhər Əl Şərifin Böyük imamı professor Əhməd əl-Tayeb və Katolik Kilsəsinin rəhbəri Zati-müqəddəsləri Papa Fransisk tərəfindən Əbu-Dabinin vəliəhdi, İnsan Qardaşlığı sənədinin hamisi Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nahyanın himayəsi altında Əbu-Dabidə imzalanıb.

İbrahim Ailəsi Evi öyrənmək, dialoq və ibadət məkanını təmsil edir. Bura hamıya açıqdır və bütün İbrahimi dinlərin və bütün bəşəriyyətin möminlərini salamlayaraq, BƏƏ -nin tolerantlığa və qonaqpərvərliyə olan inamını olduğu kimi əks etdirir.

Layihənin dizaynı bir məkanda məscid, kilsə və sinaqoqu ehtiva edir. İbrahim Ailəsi Evinə bütün insanların qarşılıqlı anlaşma və sülhə sədaqətli bir icma olaraq görüşə biləcəyi təhsil mərkəzi də daxildir. Layihə qlobal memar, "Ajay Associates" in təsisçisi və rəhbəri David Ajay Obi tərəfindən hazırlanıb.

Məlumatda xatırladılır ki, Azərbaycan da mədəni müxtəlifliyin evidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mənəvi dəyərlərinin ayrılmaz bir hissəsidir: "Bundan əlavə, BƏƏ-nin azərbaycanlıların ən çox ziyarət etdiyi yerlərdən biri olduğunu bilməkdən məmnunuq. Beləliklə, azərbaycanlı ziyarətçilər tezliklə İbrahimi Ailəsi Evinin hüzurundan və gözəlliyindən zövq ala biləcəklər".



Pərvanə Sultanova
Azvision.az

Teqlər: BƏƏ   İbrahimAiləsiEvi  






Xəbər lenti