Başıqapazlı general: Ermənistanın yeni müdafiə nazirinin dili süngüsündən uzundur – Ədalət Verdiyevin yazısı

      Başıqapazlı general:    Ermənistanın yeni müdafiə nazirinin dili süngüsündən uzundur –     Ədalət Verdiyevin yazısı
  10 Avqust 2021    Oxunub:5881
İstənilən ali rütbəli zabitin vəzifəyə təyinatı və ya vəzifədən azad edilməsi Ermənistanda müəyən ajiotaja səbəb olur. Bu həm də İrəvanın məğlub durumu ilə bağlıdır. Bəzi iri dövlətlər tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan ordusu son 100 ildə işğal yoluyla əldə etdiyi “nailiyyətlərin”, o cümlədən, son 200 ilin “Böyük Ermənistan” ideyasının külünü havaya sovuran Azərbaycan Əsgərinin qarşısında cəmi 44 gündə diz çökdü.
Ermənistan ambisiyaları ilə imkanları üst-üstə düşməyən cırtdan ölkədir. Amma təhlükəsizlik məsələlərində ordu sayını Azərbaycana uyğun sayda saxlamaq məcburiyyətindədir. Bu isə son 27 ildə bir dəfə də olsun əməliyyatlar teatrında uğur qazanmayan Ermənistan üçün asan vəzifə deyil. İnsan və maliyyə resursları daim işğalçı ölkənin əsas problemləri olub. Üstəgəl, hər dəfə uğursuzluğa məruz qalanda Ermənistan hakimiyyəti ilk zərbəni 2-ci və 3-cü dərəcəli vəzifələr daşıyan erməni generallarına endirib. Bəzilərini istefaya, bəzilərini isə həbsə göndərməklə siyasi liderlər xalqın tənəsindən qurtulmağa çalışıblar. Horadizdə, Lələtəpədə, Talışda, Gülüstanda, Odundağda, Günnütdə, Babakərdə əraziləri, 44 günlük Vətən Müharibəsində isə ərtaf rayonlarımızı və Qarabağı qoyub qaçan Ermənistan Ordusunun “məğlubedilməzliyi” barədə verilən bəyanatlar ilə imzalanan fərmanlar arasındakı tərs mütənasibliyə toxunmayacağam, bu, başqa bir məqalənin mövzusudur.

Göründüyü kimi, Ermənistanın siyasi maşını özünü ayaqda tutmaq üçün davamlı olaraq generallardan “günah keçisi” kimi istifadə edib. Amma cırtdan Ermənistanın ordusunun general yetişdirmək imkanları sonsuz deyil. Bəzən eyni şəxs bir neçə dəfə vəzifədən atılıb, sonra isə kadr çatışmazlığı səbəbindən yenidən vəzifəyə təyin edilib. Bunlardan biri də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyandır.

O, ilk dəfə mətbuatda Aprel Döyüşlərinin nəticələrinə görə geniş müzakirə olundu. Aprel Müharibəsi bitəndən az sonra Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirinin müavinləri ilə bərabər bir neçə idarə rəisini, o cümlədən, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyanı da vəzifədən azad etdi. 2016-cı ilin mayın sonunda Arşak ilə yaxın münasibətlərdə olan general Mels Çilingəryan, polkovnik Mqer Papyan və Armen Marqaryan həbs edildilər; Karapetyanın da açılan iki müxtəlif cinayət işindən biri üzrə saxlanılması nəzərdə tutulurdu. Söhbətin alınan texniki kəşfiyyat vasitələrinin aşağı keyfiyyətə malik olmasına baxmayaraq, baha qiymətə rəsmiləşdirilməsindən getdiyi ehtimal olunurdu. Lakin hansısa qüvvə o zaman Arşak Karapetyanı cinayət məsuliyyətindən azad edə bildi.

Bir neçə ay sonra Serj Sarkisyan daxildə vəziyyətin sabitləşdiyindən istifadə edərək, Arşak Karapetyanı Rusiyadakı Ermənistan səfirliyinə hərbi attaşe təyin edi. 2018-ci ildə çevrilişlə hakimiyyətə gələn Nikol Paşinyan həmin ilin dekabrında hərbi attaşe Arşakın 1 mart 2008-ci il hadisələrilə bağlı ifadə verməyə razılaşdığını nəzərə alaraq, onu özünə müşavir təyin etdi. Ardınca isə Paşinyan Karapetyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin etməklə, ordu karyerasına yenidən təkan verdi.


Bu ilin iyulunda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan müdafiə nazirinin müavini Suren Saakyanı vəzifəsindən azad edərək, Arşak Karapetyanı birinci müavin təyin etdi. Təqdimat zamanı çıxış edən erməni general orduda ciddi islahatların aparılacağını bildirdi. Bu çıxışdan sonra artıq Arşak Karapetyanın müdafiə naziri təyin ediləcəyinə şübhə qalmırdı, çünki islahatlar barədə məlumat vermək heç bir halda nazir müavinin səlahiyyətlərinə daxil olan məsələ deyil.

Müharibə zamanı tutduğu vəzifə kifayət qədər yüksək olsa da, səsi çıxmayan general A.Karapetyan nazir vəzifəsinə təyin edilən kimi erməni ictimaiyyətinin qulağına xoş gələ bilən ilk bəyanatını səsləndirib. Avqustun 7-də polkovnik Aleksandr Tsakanyanın 3 -cü ordu korpusuna komandan təyin edilməsi ilə bağlı keçirilən tədbirdə A. Karapetyan “Azərbaycanın Ermənistan sərhədini keçmək cəhdlərinin qarşısının alınmasını” əmr edib. Azərbaycanı “düşmən” adlandıran A.Karapetyan bildirib ki, “Azərbaycan ərazimizə girməyi düşünməməlidir. Bunun üçün korpus komandiri, hərbi hissə komandirləri və bölmə komandirləri bütün vasitələrdən istifadə etmək hüququna malikdirlər. Kəskinləşmə istəmirik, amma ərazimizə nüfuz etməyə çalışsalar, hamınıza düşməninin uğur qazanmaması üçün bütün vasitələrdən istifadə etməyi əmr edirəm” ,- deyə Arşak Karapetyan bildirib.

Bu bəyanata bir neçə bənddən ibarət şərhlə cavab verəcəyəm.

1)
A.Karapetyan ilk növbədə 64 gün ərzində orta hesabla 150 kv.km ərazini Azərbaycan Əsgərinin nəzarətinə təslim edən zaman əzilmiş erməni ordusunun rəhbərliyində təmsil olunan generallardan biri olduğunu, o vaxtkı rəhbəri David Tonoyanın “yeni müharibə, yeni ərazilər”, Paşinyanın “Artsax Ermənistandır” bəyanatlarının mənəvi və fiziki cəhətdən alçaldılmaları ilə nəticələndiyini nəzərə almalı və sözlərində çox ehtiyatlı olmalıdır.

2) Aprel, Günnüt və Vətən Müharibəsində dabanından qıgılcım çıxan A.Karapetyan indiyə qədər daşıdığı hərbi vəzifələrdə tabeliyində olanlara “düşmənin irəliləməsinə mane olmayın” əmrini niyə vermirdi?!

3) Əslində Arşak Karapetyan Ermənistan ordusuna atəş açmamağı əmr edir, çünki “Erməstan ərazisi” deyə bir anlayışın olmadığını və bu ərzilərin tarixi Azərbaycan torpaqları olduğunu hər kəs bilir.

4) Azərbaycan Ordusu təhlükəsizlik baxımından təhdid yaradan hansı ərazinin nəzarət altına alınmasını vacib hesab edərsə, oranı da nəzarət altına alacaq. Bu proses artıq 11 aydır ki, başlayıb və davam edir. Sülh müqaviləsinə qədər də belə olacaq. Bu proses tarixin yaddaşına qovuşan “Böyük Ermənistan” və “məğlubedilməz erməni ordusu” miflərilə üst-üstə düşmədiyi üçün, Karapetyan hələlik özünü görməzliyə vurur.

5) Arşak Karapetyan “Azərbaycan ərazimizə girməyi düşünməməlidir. Korpus komandiri, hərbi hissə komandirləri və bölmə komandirləri sərhədlərimizi qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdirlər” çümləsində “bütün vasitələr” dedikdə hansı silah assortimentini nəzərdə tutur? Görəsən, onların arasında “Hərbi Qənimətlər Parkı”nda olmayan və bu parkın ekspoziyasını zənginləşdirə biləcək vasitələr yer alırmı?

6) Əgər həqiqətən də Arşak Karapetyan “Kəskinləşmə istəmirik” bəyanatında səmimidirsə, o zaman ən qısa zamanda Paşinyanın komandasını sərhədlərin delimitasiyası ilə paralel sülh sazişinə imza atmağa inandırmalıdır. Arşak da daxil olmaqla, erməni generallar Vətən Müharibəsinin 5-ci günündə əməliyyatları dayandırmaq üçün Nikola təsir etməklə çox yaxşı bacardıqlarını göstərmişdilər.

Müharibə məğlub tərəfin siyasi və hərbi rəhbərləri üçün haqlı olaraq böyük fəalkətlər vəd edir. Erməni seçici müharibə istəmədiyi üçün Paşinyana səs verdi, lakin bu, ölkənin güc strukturlarında “günah keçisi” axtarışına son veriləcəyi demək deyil. Ermənistanın güc strukturlarında müharibədən sonrakı dövrdə 15-dən çox general artıq vəzifədən azad edilib. Proses başa çatmayıb. Çıxarılanların arasında məsuliyyətə cəlb olunanlar da var. Hər məsuliyyətə cəlb olunan ardınca bir neçə rəhbər vəzifəlini də sürükləyəcək. Bəlkə o zaman Arşak anlayacaq ki, karyerası boyu bir dəfə də olsun, rəqib üzərində qələbəyə imza atmayan, əksinə, davamlı olaraq məğlubiyyətlə qapazlanan general kimi yüksək vəzifəyə yalnız “geriyə qaçanlardan ən aşağı sürətlisi” olduğundan və Paşinyan tərəfindən sədaqətli kadr çatışmazlığı səbəbindən təyin edilib. Bu isə sərsəm bəyanatlarına görə Azərbaycan Əsgəri tərəfindən cəzalandırılacağı gözlənilən Arşak Karapetyanın xələflərinin aqibətilə üzləşəcəyini və təkrarən “günah keçisi” olacağını istisna etmir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Arşak-Karapetyan   Ermənistan  





Xəbər lenti