Şəhid zabitimizin oğluna son sözləri: "Daim başınızı dik tutun!"

 Şəhid zabitimizin oğluna son sözləri:  "Daim başınızı dik tutun!"
  05 Avqust 2021    Oxunub:2821
"Atam və digər qəhrəmanlarımız Vətən uğrunda şəhid oldular. Onlar Qarabağı erməni tapdağından xilas etdilər. Bu insanların övladları olduğumuz üçün fəxr edirik”.
Bunu Azvision.az -a açıqlamasında şəhid polkovnik-leytenant Mehman Qəmbərovun oğlu Nurlan Qəmbərov deyib.

“Atamla sonuncu dəfə döyüşlər gedən vaxtı danışmışdıq”- deyən Nurlan onu güləriz, mehriban biri kimi xatırlayır:
- Onunla son görüşümüz Beyləqanda oldu. Döyüşlər başlayan ərəfədə evə gəldi. Bizimlə sağollaşıb müharibəyə getdi. Sonuncu dəfə danışanda bizə möhkəm olmağı, hər şeyə hazır olmağımızı və narahat olmamağımızı dedi. Dedi ki, “siz daim başınız dik, alnınız açıq gəzin". Atam 16 yaşından ali hərbi məktəbə qəbul olub. Məktəbi bitirdikdən sonra Azərbaycanın cəbhə bölgələrində 25 il şərəflə xidmət edib. Atamla bağlı xatirələrim çoxdur. O, hər bayramı əsgərlərilə qeyd edərdi, mən də onunla birgə gedərdim. Onun torpağı, Vətəni necə sevdiyinin şahidi olurdum. Atam Ağdamdan idi və Ağdamın azad olunmasını, ora geri qayıtmağı səbirsizliklə gözləyirdi. O, II Qarabağ müharibəsində döyüşə fərəhlə qoşulmuşdu və qəhrəmancasına vuruşaraq, şəhid oldu. Mən və qardaşım Ceyhan onunla hər zaman qürur duyacağıq”.


Nurlan 10-cu, qardaşı 4-cü sinifdə oxuyur. Atası onlara hər zaman yeni biliklər öyrənməyi tövsiyə edərdi. Deyərdi ki, daim öz üzərlərində çalışsınlar, yaxşı insan olsunlar. Hansı peşəni seçmələrindən asılı olmayaraq, o sahənin peşəkarına çevrilsinlər. Evin böyük oğlu odluğu üçün, anasının və kiçik qardaşının ona əmanət edildiyini deyən Nurlan atasının tövsiyələrini yerinə yetirməyə çalışır.


II Qarabağ müharibəsinin iştirakçısı, polkovnik-leytenant Mehman Qəmbərov sentyabrın 30-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirməsinə görə "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.




Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhidlər   Qəhrəmanlar  





Xəbər lenti