"Taliban"ı nə gözləyir? Üç ssenari - Dimitri Orlovun fikirləri (Eksklüziv)

  30 İyul 2021    Oxunub :2893
  "Taliban"ı nə gözləyir?  Üç ssenari - Dimitri Orlovun fikirləri  (Eksklüziv)
Əfqanıstanı artıq planetin "ən qaynar" nöqtələrindən biri adlandırmaq olar. Ölkə bütün bölgələri əhatə edən vətəndaş və ideoloji müharibə alovuna bürünüb. Rəsmi Kabil ilə “Taliban” hərəkatı arasındakı qarşıdurma bütün dünyada narahatlıq yaradır.
Bu arada “Taliban” və Tacikistan sərhədçiləri arasında silahlı toqquşmalarla bağlı xəbərlər artıq adi hala çevrilir. Əfqanıstanda və Mərkəzi Asiyada vəziyyət bundan sonra necə inkişaf edəcək və bölgədə durumu sabitləşdirməyin yolları varmı? "Şərq-Qərb Strateji" analitik mərkəzinin və "Şərq-Qərb Strategiyası" Telegram kanalının rəhbəri, qırğız politoloq Dmitri Orlov AzVision.az- a bildirib ki, bu suala əminliklə cavab vermək üçün ilk növbədə bir çox digər məsələlərə aydınlıq gətirmək lazımdır.

- İndi Əfqanıstanda nə baş verir? Bu, vətəndaş müharibəsidir, yoxsa sadəcə hökumətin terrorçularla mübarizəsi? Qlobal oyunçuların iştirak etdiyi beynəlxalq münaqişədir, yoxsa regional toqquşma? Yalnız bu suallara düzgün cavab verdikdən sonra vəziyyətdən çıxış yolları haqda danışmaq olar,- deyir Orlov - Digər məqamlara gəlincə, Əfqanıstanın gələcəyi üçün üç əsas ssenari var. Birincisi, "müharibə naminə müharibə" prinsipi əsasında gərginliyin artmasıdır. İndi həyata keçirilən məhz budur.
İkinci ssenari “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsidir. Bu, nəzəri cəhətdən mümkündür. Amma demək olar ki, bütün müşahidəçilərə də aydındır ki, “Taliban” Əfqanıstanda ibarət olduğu puştulardan belə 100% dəstək almır. Hələ tacikləri, özbəkləri, şiə-xazariləri demirəm. Bundan başqa, “Taliban” hazırda heç bir dəqiq iyerarxiyaya sahib deyil.
“Taliban” ın qurucusu və ilk lideri Məhəmməd Ömər 2013-cü ildə öldükdən sonra bu hərəkat üç fraksiyaya bölündü və onlardan hər biri "cihad"ın başında yalnız özünü görür. Üstəlik, hamısı radikal deyil, mülayim olanları da var. Ötən il Qətərdə keçirilən Taliban-ABŞ danışıqları bunu təsdiqlədi. Görüş sona çatan kimi, “Taliban”ın 15 səhra komandiri bildirdi ki, amerikalılara atəş açma hüququnu mümkün olduğu qədər özlərində saxlayacaqlar”.

Ekspertin fikrincə, üçüncü ssenariyə daha çox üstünlük verilir: gərginliyin azaldılması və ya tamamilə aradan qaldırılması. Bu iki yolla həyata keçirilə bilər:

- Birincisi, bölgədəki sabitlikdə maraqlı olan hər kəsin - ABŞ, Rusiya, Çin, İran, Britaniya, Pakistan, Hindistan və Mərkəzi Asiya dövlətlərinin kəşfiyyat və diplomatiya xətti üzrə fəal əməkdaşlığıdır: Məsələn, amerikalılar dəfələrlə vurğulayıblar ki, Əfqanıstanda sülhə ehtiyacları var, odur ki, bunu əməldə sübuta yetirməlidirlər. Sadalanan bütün dövlətlər arasında ziddiyyətlərin olduğu aydındır. Ancaq burada "Düşmənimin düşməni mənim dostumdur" prinsipini xatırlamaq lazımdır.
İkinci yol mediada “Taliban”ı terrorçu adlandırmağı dayandırmaq, onların arasından ən mülayimlərini ayırmaq və danışıqlar aparmaqdır. ABŞ və Rusiya artıq bunun bir hissəsini etdi – onlar “Taliban” elçiləri ilə danışıqlar apardılar.
Ümumiyyətlə, elə şərait yaratmaq lazımdır ki, daxildəki radikalları “Taliban” özü məhv etsin. İndi “Taliban” əleyhinə istifadə oluna biləcək əsas faktor 2001-ci ildən bəri Əfqanıstanın başına gələn bütün bəlalarda onları ittiham edən puştunlardır. Bundan əlavə, Əfqanıstanda yaşayan və “Taliban”la silahlı mübarizə aparan bütün xalqların nümayəndələri ilə danışıqlar aparılmalıdır. Bir günlük danışıq həmişə on gün davam edən müharibədən yaxşıdır".

Orlov bildirib ki, Əfqanıstanda yaşayan Mərkəzi Asiya xalqlarının nümayəndələrinin taliblərə qarşı müharibəsi uzun müddətdir davam edir. Ölkədə "Taliban" əleyhinə potensial böyükdür. Məsələn, bu yaxınlarda Telegram kanalında türkmən könüllülərinin "Taliban"la mübarizəyə hazır olduğunu bildirdiyi bir video yayılıb. Əfqanıstanda 1920-1930-cu illərdə SSRİ-ni tərk edənlər də daxil olmaqla bir milyona yaxın türkmən yaşayır. Bəlx əyalətində Türkmənistanla həmsərhəd olan Şordəpə bölgəsi var, ora türkmənlərin ən kompakt yaşadığı ərazilərdən biridir. Orada uzun illərdir "Taliban" əleyhinə müqavimət var.

Bundan əlavə, tacik və özbəklərdən ibarət və daha çox Şimal İttifaqı kimi tanınan Əfqanıstanın Qurtuluşu naminə Birləşmiş İslam Cəbhəsini xatırlamaq olar. O, öz mövcudluğuna 2001 -ci ildə "Taliban" devrildikdən sonra son qoyub. Məsələ yalnız bundan ibarətdir ki, "Taliban"a qarşı mübarizə aparan qüvvələrin düşmənin hücumuna tab gətirmək üçün kifayət qədər gücü varmı? Hazırda "Şimal İttifaqı 2.0"-ın yaradılmasına ehtiyac olduğu haqda fikirlər getdikcə daha çox eşidilir. Ancaq unutmaq olmaz ki, Əfqanıstan probleminin hərbi həll yolu yoxdur. Bu məsələdə Əfqanıstanla həmsərhəd olan ölkələrin prezidentlərinin “Əfqanıstanda əmin-amanlıq olmadan bütün bölgədə sülh olmayacaq” fikri ilə razılaşmaq lazımdır".

Vadim Mansurov
Pərvanə Sultanova

Azvision.az

Teqlər: Taliban   Əfqanıstan  







Xəbər lenti