Qundaqdan küçəyə uzanan dəhşətli yol: Körpələr niyə atılır? – Araşdırma

  29 İyul 2021    Oxunub :3044
   Qundaqdan küçəyə uzanan dəhşətli yol:    Körpələr niyə atılır? – Araşdırma
Son zamanlar yeni doğulan körpələrin küçəyə, zibilxanalara atılması halları çoxalıb . Onlar ya təsadüfü adamlar tərəfindən aşkarlanaraq, dövlət qurumlarına təhvil verilir, ya da talesizlikdən küçə heyvanlarının hücumuna məruz qalırlar. Belə hallarda hər kəsi düşündürən sual yaranır: Ana körpəsini niyə küçəyə atır? Balasını qorumaq bütün canlıların əsas instinktlərindəndirsə, hansı səbəblər bir ananı körpəsini atmağa vadar edə bilər?

- Araşdırmalar göstərir ki, qadınlar bu cinayəti bir qayda olaraq ana olduqları gün törədirlər. Onlar öz körpələrindən əsasən yasaq münasibət səbəbindən imtina edirlər – deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Azvision.az -a bildirib. - Bəzən gizli münasibətlərdə olan qadınlar hamilə qalan zaman sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də, hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına gəlmir. Amma uşaq doğulandan sonra vəziyyətin dəyişməyəcəyini anlayıb, çıxış yolunu körpəni atmaqda görürlər. Maddi vəziyyətin pis olması, pozulmuş münasibətlər, həmçinin, psixoloji problemlər də uşaqların atılması ilə nəticələnir.

Bəzi ölkələrdə uşaqların küçəyə atmayıb, təhlükəsiz yerlərə təhvil verilməsi üçün “Baby Box”lar (körpə qutuları) olur. Hazırda 13 ölkədə bu metoddan istifadə olunur. Belə bir şərait Azərbaycanda da yaradıla bilərmi?

- Avstraliya, Belçika, Çexiya, Macarıstan, Hindistan, İtaliya, Fransa, Yaponiya kimi ölkələrdə bu qutulardan istifadə olunur,- Teymur Mərdanoğlu bildirib,- Çünki həmin ölkələrdə uşaqların küçəyə atılması hallarına çox rast gəlinir. Azərbaycanda isə bu göstərici yüksək olmadığı üçün, “körpə qutuları”nın quraşdırılması zəruri deyil .



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşağından imtina etmək istəyən valideyinlərin onlara tez-tez müraciət etdiyini deyir. Bu zaman onlar icra hakimiyyətlərinə istiqamətləndirilirlər. Çünki imtinanı rəsmi qaydada təsdiqləməlidirlər. Bundan sonra icra hakimiyyəti uşağın yerləşdirilməsilə bağlı sərəncam hazırlamalıdır.

- Bizim sığınacaqda olan 35 uşaqdan 23-nün valideyni narkotika istifadəçisidir . Bir qadın gecə uşağını burada qoyub qaçmışdı. Sonradan onun narkoman olduğu bəlli oldu. Daha çox qeyri-rəsmi və erkən nikahlardan dünyaya gələn uşaqlar atılırlar . Belə halların qarşısını almaq üçün bu istiqamətdə çox böyük işlər aparılmalıdır,- Kəmalə Ağazadə deyir.

Azyaşlı körpələri küçəyə atan, müdafiəsiz vəziyyətdə tərk edən valideyinləri hansı cəza gözləyir? Konstitusiya Araşdırmaları Fondunun rəhbəri və hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsində bu kimi hallara aydınlıq gətirilib. Körpəsini atan valideyin cinayət məsuliyyətinə cəlb olunub, cərimələnə və ya azadlıqdan məhrum edilə bilər . Həmin maddədə deyilir ki, həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq imkanından məhrum şəxsi qayğısına qalmalı olduğu halda, bilə-bilə köməksiz qoyan, imkanı olduğu halda yardım etməyən şəxsə 1000 manatdan 1500 manatadək cərimə yazılır və ya bir ilədək islah işləri aparılır, yaxud, 6 ay müddətinə azadlıqdan məhrum edilir .



Bəs varmı belə hallara görə cəzalandırılan şəxslər? DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirir ki, polis digər hüquq-mühafizə orqanları ilə birlikdə insan həyatı ilə əlaqəli bütün məsələlərə həssas yanaşır. Azyaşlı uşaqların atılması ilə bağlı araşdırmalar aparılır və əmələ hüquqi qiymət verilir . Atılmış azyaşlılar isə müvafiq qaydada dövlət himayəsinə götürülməklə sığınacaqlara yerləşdirilirlər.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə qeyd edir ki, 2021-ci ilin birinci yarısında 6 körpə sığınacaqlara yerləşdirib . Porkurorluğun yeni yaradılmış cinayət təqibindən kənar icraatlar idarəsi uşaqlara qarşı törədilmiş qanun pozuntuları, zorakılıqla bağlı ilkin araşdırmalar aparır, polislə əlaqəli şəkildə, uyğun dövlət qurumlarının komissiyaları ilə birgə fəaliyyət göstərir.

- Əgər valideyn tüfeyli həyat tərzi keçirirsə, narkotik vasitələrin aludəçisidirsə, onun həyat tərzi uşağı saxlamağa imkan vermirsə, həmin şəxsin valideynlik hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edirik. 2021-ci ilin birinci yarısında Azərbaycanda 4 nəfər valideynlik hüququndan məhrum edilib . Bu dövrdə 6 körpə sığınacaqlara təhvil verilib. Bu yaxınlarda uşağını daşın üstünə qoyub gedən narkoman valideyni aşkarlayıb, məhkəməyə müraciət etdik. Uşağını zibilliyə atan valideyin isə hələ aşkarlanmayıb ,- Günay Səlimzadə bildirib.



Qeyd edək ki, ötən il Azərbaycan məhkəmələrində valideynlik hüquqlarından məhrumetmə ilə əlaqədar 51 işə baxılıb, onlardan 21 iddia təmin edilib. 2019-cu ildə 72 nəfər valideynlik hüququndan məhrum olunub.

2020-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17714 uşaq dünyaya gətiriblər. Nikahdankənar doğulan uşaqların 6667 nəfəri şəhər, 11047 nəfəri kənd yerlərində dünyaya gəlib.

“Körpə qığıltısı dünyanın ən möhtəşəm himnidir” deyirdi Viktor Hüqo. Bu himni eşitmək üçün illərlə həsrətdə olanların yaşadığı dünyada körpəsini atan valideynlərin də mövcudluğu həyatın böyük ədalətsizliyidir. Bu ədalətsizliklə barışmaq olmaz.

Şahanə Rəhimli
Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu: 6.3.18 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Teqlər: Körpə   valideyin   atmaq  







Xəbər lenti