Erməni auditoriyaları boş qalıb

   Erməni auditoriyaları boş qalıb
  29 İyul 2021    Oxunub:820
Təzavüzkar siyasəti ona baha başa gələn və ağır məğlubiyyətə uğrayan Ermənistan adlı ölkə tam tənəzzül içərisindədir. Bu tənəzzül ictimai həyatın heç bir sahəsindən yan keçmir, bütün infrastrukturları iflic hala salmaqda davam edir.
Azvision.az erməni nəşrlərinə istinadən xəbər verir ki, Ermənistan Statistika komitəsinin son məlumatlarına görə, bu ölkənin ali məktəblərində 15 000 min tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Atom Mxitaryanın sözlərinə görə, bu ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda cavam edəcək.

Ermənistanda təhsilin keyfiyyətindən danışan ekspert bildirib ki, hazırda tələbə çatışmazlığının kökündə duran məsələ təhsildəki problemlər deyil, demoqrafik böhranın tərkib hissəsidir. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə verməyə başlayıb.

Məlumata görə, əvvəllər ölkəni əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, artıq erməni ailələri uşaqları ilə birlikdə gedirlər. Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları keçən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəalların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları başda Rusiya olmaqla digər xarici ölkələrə apararaq, oradakı məktəblərə qoyur və qeydiyyata salırlar.

Ermənistandakı demoqrafik vəziyyəti analiz edən ekspertlərin qənaətinə gəldikdə isə, onlar ölkəni tərk edən ailələrin 90%-dən çoxunun geri qayıtmaq haqqında fikirləşmədiklərini bildirirlər.

Xatırladırıq ki, keçən 2020-ci ildə Ermənistan ali təhsil müəssisələrində boş qalan tələbə yeri 12 250 olub. Bu il rəqəmin 15 000-ə çatması isə post-müharibə dövründə ölkənin hansı acınacaqlı duruma düşdüyünü bir daha göstərir.

Rusiyanın bir çox regionlarında Federal miqrasiya xidmətinin köməyi ilə aparılan monitorinqlərin nəticələrinə görə, bu ilin əvvəlindən başlayaraq Ermınistandan Rusiya Federasiyasına köçənlərin sayı 50 mini keçib. Bundan başqa bildirilir ki, 2020-2021-ci illərdə 10 mindən çox Ermənistan vətəndaşı vətəndaşlıqdan imtina edib və xarici ölkələrin vətəndaşlığını qəbul edib.

Şahin Ömər
Azvision.az



Teqlər: Erməbistan   ali-məktəblər  





Xəbər lenti