Vergülünü göstər, deyim kimsən – Nadir Qocabəylinin yazısı

Vergülünü göstər, deyim kimsən –    Nadir Qocabəylinin yazısı
  01 Avqust 2021    Oxunub:5727
Yazılı mətni oxunaqlı edən əsas xüsusiyyətlərdən biri də onun səliqə-sahmanıdır. Söz yox, ilk yerdə məzmun dayanır, amma məzmun nə qədər mənalı, dərin, təsirli olsa da, forma onu tamamlamayanda, yəni gözəl mətn səlis cümlələr, ifadələrlə tərtib olunmayanda, qrammatik qaydalara, durğu işarələrinə, nöqtə-vergülə düzgün riayət edilməyəndə effekt yarıbayarı aşağı düşür. Hətta bəzən tamamilə ölür.
Öz adıma deyə bilərəm ki, səliqəsiz mətnləri oxumağa həvəsli deyiləm və savadsız, düzgün yazılmayan, imla qaydalarına əməl olunmayan yazıları çox zaman yarımçıq qoyuram. Pis mətn elə dadsız, duzu, ədviyyatı yerində olmayan, əti, kartofu, noxudu yaxşı bişməyən xörək kimidir. Yemək və həzm etmək olmur. Bu məsələdə tək olmadığıma əminəm və xeyli həmfikrim var. Ancaq həyat praktikasından, nəzəri mülahizələrdən çıxış edərək də mətnlərin səliqəli yazılmasının bir çox hallarda sosial sifariş olduğunu söyləmək olar.
Ana dilinin qurbanları: Üç “dissident”in günahı nə idi – Gizli Tarix

Zira insanların çoxunun həyatımızın, məişətimizin əksər sahələrində nizam-intizam, səliqə-sahman axtardıqları kimi, yazıda, mətndə də bunu görmək istəmələri təbiidir. Özümüzə kostyum, köynək alarkən istər-istəməz onun parçasından, materialından əlavə, səliqəli, keyfiyyətli tikilişinə də diqqət edirik. Paltarın parçası nə qədər yaxşı olsa da, dərzinin işi səliqəsizdirsə, saplar düzgün seçilməyibsə, sallanırsa, tikişlər düzgün vurulmayıbsa, məhsul xoşumuza gəlməyəcək və onu almaqdan imtina edəcəyik. Bənzər fikirləri inşaatla, şəhərsalma ilə, mebel sənayesi və digər sahələrlə bağlı da söyləmək olar. Odur ki, yazılı mətnlərə qarşı da belə tələbin olması tamamilə zəruridir.

Əvvəllər qəzet və jurnallar, kitablar və broşüralar çap olunmamışdan qabaq müəyyən prosedurdan keçirdilər. Mətnləri savadlı redaktor və korrektorlar bir neçə dəfə oxuyur, müvafiq düzəlişlər edir, bundan sonra çapa imzalayırdılar. Bununla belə, redaksiyalar və nəşriyyatlar savadlılıq səviyyəsi aşağı olan mətnləri qəbul etmirdilər. Çünki savadsız, səliqəsiz mətni nə qədər düzəltsən də, yenə nəsə qalacaq, ikincisi, bir mətnə uzaq başı 5-10 faiz dəyişiklik, düzəliş etmək olar, 50-60 faiz yox. Bu miqyasda dəyişikliyə məruz qalan mətn artıq sənin deyil və bu elə pencəyi söküb, ondan şalvar tikmək kimi bir şeydir. Etiraf edək ki, bu şalvarın keyfiyyətli (oxu: səliqəli) alınması ehtimalı da çox aşağıdır.

Bununla belə, savadsız və səliqəsiz mətnlərdən hətta son dövrünü yaşadığını düşündüyümüz kağız daşıyıcılarda belə tam sığortalanmamışıq. Jurnal, qəzet və kitablarımızda səliqəsiz mətnlər az olmurdu. Ancaq indiki dövrlə qətiyyən müqayisə oluna bilməz. Elektron mətnlərin meydana çıxması vəziyyəti kəskin dərəcədə pisə doğru dəyişib. Redaktorluq və korrektura məktəbi lazımsız bir şey kimi sıradan çıxdığından savadsız və səliqəsiz mətnlər gün-gündən çoxalmaqdadır.

"Elektron mətnlər" dedikdə ilk ağlagələn, əlbəttə, elektron media orqanları, sosial şəbəkələrdir. Bundan sonra elektron kitablar gəlir. Ən bərbad durum sosial şəbəkələrdədir. Burada yazı yazanların əksəriyyəti qrammatikanın, yazılı mətnin anasını ağladır. Yazı yazmaq, paylaşmaq, tirajlamaq son dərəcə asanlaşdığından hər kəs buna həvəs göstərir və çoxları necə danışırsa, elə də yazır. Çünki irad bildirən, qınayan yoxdur. Məsələ burasındadır ki, savadsız və səliqəsiz yazı yazanların hamısı heç də sıravi adamlar deyil. Onların arasında alimlər, jurnalistlər, yazıçılar, hətta millət vəkilləri də var. Baxırsan, bir status yazıb, nə nöqtəsi bilinir, nə vergülü, nə intervalı, nə də abzası. Orfoqrafik səhvlər dəhşətli dərəcədə çoxdur, cümələlərin sintaktik quruluşu bərbad. Hətta bəzən bir cümləlik ad günü təbrikində belə yol verdiyi kobud səhvi düzəltməyə ərinənlər, yaxud buna əhəmiyyət verməyəcək qədər həssasiyyəti olmayanlar var.
Saytlarda və elektron kitablarda durum nisbətən kafidir, ancaq ürəkaçan deyil. Sosial şəbəkələrdəki qədər olmasa da, media orqanlarında da ciddi problemlər var. Burada orfoqrafik səhvlər çox gözə dəyməsə də, cümlə quruluşları, fikrin düzgün, anlaşıqlı, məntiqli, savadlı, aydın ifadə olunması, durğu işarələrindən düzgün istifadə, mətnin ümumi tərtibatı, səliqə-sahmanı ilə bağlı çox ciddi problemlər var.

Əsas problemlərdən biri əhəmiyyətli durğu işarəsi olan vergüllə bağlıdır. Çoxları cümlədə harada azacıq pauza varsa, dərhal vergül qoyur. Halbuki bu, kökündən yanlışdır. Pauzalar daha çox sintaktik vurğuyla bağlıdır və cümlələr bir çox hallarda öz sintaktik komponentlərinə vergülsüz, nöqtəsiz, tiresiz bölünür. Bunu müəyyən edə bilmək üçün doğma dilimizi yaxşı bilməli, onun qrammatik xüsusiyyətlərini mənimsəməliyik. Bunları bilmək üçün heç ali təhsilə də ehtiyac yoxdur, normal orta təhsil proqramını mənimsəmək yetərlidir.

Ciddi nöqsanlardan biri “O” “Bu” əvəzliklərindən sonra necə gəldi vergül qoyulmasıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, çoxları bunu özlərini məhz savadlı göstərmək üçün edir, ancaq əksinə, bu zaman necə savadsız göründüklərini dərk etmirlər. Hətta bəzi ədəbiyyat qəzetləri və jurnalları "O"dan sonra hansı hallarda vergül qoyulmasına düzgün əməl etmirlər.

Bir ədəbiyyat qəzetindən oxuduğun hekayədə görürsən ki, "O" əvəzliyindən sonra "öz", "artıq", "həmişə" sözləri gəldiyi halda vergüldən istifadə olunub. İstər-istəməz soruşursan: "Qardaş-bacılar, bu vergül burada nə məna daşıyır? Məgər siz orta məktəbdə qrammatika öyrənməmisiniz? Axı orada dəqiq deyilir ki, "O"dan sonra yalnız isim, sifət və say gələndə vergül qoyulur. Məgər siz nitq hissələrini bir-birindən ayıra bilmirsiniz? Bəs onda necə kamal attestatı almısınız? Hələ üstəlik necə redaktorluq, korrektorluq edirsiniz?.."

Qeyd etmək istəyirəm ki, əslində "O"dan sonra vergül qoyulması, şəxs əvəzliyi olan "O"-nun, işarə əvəzliyi olan "O"-dan fərqləndirilməsinə xidmət edir. Məncə, bunun başqa heç bir mənası yoxdur. Əgər cümlədə bu aşkar görünürsə, onda vergülə də heç bir ehtiyac qalmır. Yəni əgər biz "O öz", "O artıq", "O həmişə" yazırıqsa, burada "O" heç bir halda işarə əvəzliyi rolunda çıxış edə bilməz. Vergül yalnız "O uşaqdır" və "O, uşaqdır" tipli cümlələrdə şəxs əvəzliyini işarə əvəzliyindən fərqləndirməyə xidmət edir, qalan yerlərdə ona qətiyyən ehtiyac yoxdur. Yox, əgər bunu anlamağa çətinlik çəkirsinizsə, onda ümumiyyətlə "O"dan sonra vergül qoymayın, çünki kontekstdən hər şey başa düşülür...

Ümumiyyətlə, "O"dan sonra vergül qoyulmaması halları dilimizdə daha çoxdur. Əgər bunu müəyyənləşdirməyə çətinlik çəkiriksə, ən yaxşısı heç vaxt vergül qoymamaqdır. Gəlin bir az da yaxından yanaşaq.

"O" bizdə həm şəxs, həm də işarə əvəzliyidir. Yəni əgər biz "O, kişi adamdır" deyiriksə, burada söhbət şəxs əvəzliyindən gedir. "O kişi yaxşı adamdır" deyiriksə, burada "O" işarə əvəzliyidir.

Şəxs və işarəni bir-birindən fərqləndirmək üçün daha bir incəliyə diqqət edək. "O" şəxs əvəzliyi olanda ondan sonra qısa pauza olur: məs., O, Rusiyada yaşayır. İşarə əvəzliyi olanda isə, özündən sonra gələn sözlə bir növ bütövləşir və bir vurğu altında deylir: O adam jurnalistdir. O kişi bizim qohumdur. O maşın atamındır. Bu dövlət bizimdir. O bayraq millətindir və s.

"O" işarə əvəzliyi olanda ondan sonra heç vaxt vergül qoyulmaz. Şəxs əvəzliyi olanda da həmişə qoyulmaz.

Qrammatika kitablarında yazılır ki, "O" dan sonra isim, sifət və say gəldikdə vergül qoyulsun. Amma bu, insanları çaşdırır və götürüb, işarə əvəzliyindən sonra da vergül qoyurlar. Həm də ismi, sifəti və sayı digər nitq hisslərindən ayıra bilməyənlər var.

Odur ki, daha sadə üsuldan istifadə etməkdə fayda var. Vergülü ancaq o hallarda qoyuruq ki, "O"nun işarə deyil, məhz şəxs əvəzliyi olduğunu bildirməyə ciddi zərurət yaranır. Məs., "O Moskvada yaşayır" cümləsində qrammatik qaydalara əsasən əslində vergül olmalıdır. Amma qoymasaq da olar. Çünki hamı "O"nun Moskva sözünə yox, orada yaşayan hansısa şəxsə aid olduğunu anlayır.

İndisə gəlin əsas məqama diqqət yetirək. Əgər "O, şəhərdə belədir" cümləsində vergül qoysaq, məlum olacaq ki, söhbət kiminsə özünü şəhərdə necə aparmasından gedir. Ancaq vergül qoymasaq və "O şəhərdə belədir" yazsaq, söhbətin hansısa şəhərdə vəziyyətin necəliyindən getdiyi aydın olacaq.

Yenə də deyirəm, kimə çətin gəlirsə, ümumiyyətlə, "O"dan sonra vergül qoymasın. Onsuz da kontekstdən, yəni mətndən söhbətin nədən getdiyi çox zaman məlum olur.

Yazdıqlarım eynilə "bu" əvəzliyinə də aiddir.

"Ki"dən sonar hər zaman vergül qoyanların da bunun yanlış olduğunu bilməsində fayda var. “Ki”dən sonra yalnız bu hissəcik bağlayıcı funksiyasını yerinə yetirəndə və tabeli mürəkkəb cümlələri bir-birinə bağlayanda vergül qoyulur. Ancaq “ki” ədat olanda birmənalı qoyulmur. Məsələn,

Eşq içrə əzab olduğun ondan bilirəm ki,
Hər kimsə ki aşiqdir, işi ahü-fəğandır...


Gördüyümüz kimi, burada bir “ki”dən sonra vergül olsa da, o birindən sonra qoymamışıq. Səbəb çox sadədir, birinci halda “ki” bağlayıcıdır və şərt budaq cümləsinin komponentlərini bir-birinə bağlayır. Ancaq ikinci halda o sadəcə qüvvətləndirici ədat olaraq özündən əvvəl gələn sözün təsirliliyini artırır. Biz bu cümləni sadələşdirib, yaxud sönükləşdirib bu şəkildə də yaza bilərik:

Hər kim aşiqdir, işi ahü-fəqandır.

Gördüyümüz kimi, cümlədə məna dəyişikliyi baş vermədi, sadəcə emosionallıq və ekspressivlik itdi. Burada “ aşiqdir” sözündən sonra qoyulan vergül isə sadəcə tabeli mürəkkəb cümlənin baş və budaq cümlələrini bir-birindən ayırır.

“Mən ki gözəl deyildim”, “Sən ki bunu anlayrısan”, “İş ki belə gətirdi” tipli birləşmələrdə “ki” ədat olduğu üçün vergül ondan sonra deyil, söz birləşməsindən sonra qoyulur: Məs., “ Su ki girdi qaba, oldu içməli”.

Yazı həm də xarakter göstəricisidir. Düzgün və səliqəli yazan insan həyatda da dürüst və intizamlıdır. Bir sözlə, hər kəs yazısına oxşayır.

Nadir Qocabəyli
Azvision.az



Teqlər:   Ana-dili  





Xəbər lenti