İlin ilk yarısının iqtisadi nəticələri: Böhran bitib, inkişaf başlayır – Şərh

      İlin ilk yarısının iqtisadi nəticələri:    Böhran bitib, inkişaf başlayır –    Şərh
  26 İyul 2021    Oxunub:1308
Prezident İlham Əliyevin Gəncə və Daşkəsənə səfəri zamanı verdiyi müsahibədə dediyi fikirlər cəmiyyətdə böyük rezonans doğurub və hələ də müzakirə edilməkdədir.
Dövlət başçımızın müsahibəsində iqtisadiyyatla bağlı fikirlərini şərh edən iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, cənab Prezidentin ilin ilk yarısının nəticələrilə bağlı açıqladığı rəqəmlər kifayət qədər ciddi məlumat daşıyırdı.

- Bu, hər şeydən əvvəl o demək idi ki, bərpa prosesi nəinki başlayıb, hətta gözlənildiyindən daha sürətlə gedir. İlin birinci yarısında ölkə iqtisadiyyatı, yəni Ümumi Daxili Məhsul 2 faiz artıb. Demək, biz dünyadakı ümumi artım tempilə addım-addıma gedirik. Vacib bir nüans: Bu artım neft hasilatının azalması fonunda baş verib. Azərbaycan qoşulduğu “OPEC+” razılaşmasını yerinə yetirərək, neft çıxarılmasını ixtisar edib. Bunun nəticəsində sənaye istehsalında 0,3 faiz azalma var. Rəqəmin kiçikliyi göstərir ki, artıq neft amilinin bizim sənaye istehsalımızın həcminə təsiri minimuma enib. İllərdir can atdığımız vəziyyətə demək olar ki, çatmışıq. Qeyri-neft sənayemiz 16,6 faiz, bütövlükdə qeyri-neft sektoru 5 faizdən çox artıb. Bunlar son dərəcə vacib rəqəmlərdirlər, çünki Azərbaycanın pandemiya böhranından neftin hesabına yox, məhz qeyri-neftin hesabına çıxdığını göstərirlər,- iqtisadçı deyib.

Onun sözlərinə görə, qeyri-neft sənayesindəki 16,6 faiz artım dünya miqyasında kifayət qədər samballı rəqəmdir: “ Bunu hazırda bəlkə ancaq Çin ilə müqayisə edə bilərik. Pandemiyadan çıxışda Azərbaycan iqtisadiyyatının belə dinamika göstərməsi inanılmazdır, amma reallıqdır! Kənd təsərrüfatındakı 5,6 faiz artım da ciddi nəticədir, amma görülən işləri nəzərə alaraq, onu gözləmək olardı. Sənaye artımının həcmi isə səmimi deyim ki, müəyyən mənada sürpriz oldu”.

İqtisadçının sözlərinə görə, yarım ildə valyuta ehtiyatlarımızın 1 milyard dollar artması bu inkişaf üçün möhkəm zəmin yaradır. Artıq ölkənin valyuta ehtiyatları ümumilikdə 52 milyard dollara çatıb və xarici borcundan təxminən 6 dəfə çoxdur. Əslində bundan da çox ola bilərdi, amma dolların, avronun və qızılın qiymətində dalğalanmalar bir qədər mane oldu.
- Maraqlısı odur ki, hazırda Qarabağda geniş quruculuq işləri gedir, layihələrə böyük miqdarda vəsait ayrılır, amma buna baxmayaraq, biz paralel olaraq, ehtiyatlarımızı da milyard dollar artıra bilmişik. Bu, həm də ölkə daxilində xərclərin optimallaşdırıldığını və dövlət vəsaitlərinin qənaətlə, ağılla idarə edildiyini təsdiqləyir – Məhərrəmzadə vurğulayıb.

Professor bildirib ki, daha bir vacib rəqəm ixracın həcmilə bağlıdır. Burada 15 faiz, qeyri-neft ixracında isə 27 faizdən çox artım var: “Kifayət qədər böyük rəqəmlərdir. Demək, artıq ixracyönümlü iqtisadiyyat qurmaq istiqamətində irəliləməyə başlamışıq, ölkə xaricə rəqabətqabiliyyətli məhsullar çıxara bilir . Dünya ölkələrinin çoxunda ilin ilk yarısının xarici ticarət saldosu mənfi olduğu halda, bizdə müsbət saldo 3,4 milyard dollardır və cənab Prezident bunun ilin sonuna qədər 6-7 milyard dollara çatacağını ehtimal etdi. İxracın idxalı bu qədər üstələməsi Azərbaycan iqtisadiyyatı üçün olduqca əlverişli vəziyyət yaradır. Xüsusilə də milli valyuta olan manatı heç bir təhlükə gözləmir. İlin ilk yarısında inflyasiyanın 4,3 faiz olması da bundan xəbər verir”.

Sonda ekspert bir məqama da diqqət çəkib ki, bütün bu nailiyyətlər turzim kimi çox vacib sektorun hələ də oyundankənar vəziyyətdə qaldığı şəraitdə qazanılıb. Turizm də dövrəyə tam şəkildə daxil ediləndən sonra artım göstəriciləri bir qədər də çoxalacaq. Bu rəqəmlər ondan xəbər verirlər ki, Azərbaycan iqtisadiyyatını nəinki heç bir təhlükə gözləmir, əksinə, sürətli inkişaf üçün yaxşı potensial yaranıb. İlin ikinci yarısında həmin potensial reallaşdırılarsa, biz ilin sonunda daha güclü artımdan danışa biləcəyik.

Azvision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti