Siyavuş Novruzov bu dəfə icra başçılarını “vurdu”

Siyavuş Novruzov bu dəfə icra başçılarını “vurdu”
  14 Mart 2014    Oxunub:913
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında icra başçılarından şikayətlənib.
AzVision.az xəbər verir ki, deputat çıxışında bildirib ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, soruşur ki, sən mənzilini sığortalamısan, ya yox:

““Sahil” metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsa, belə problem yaranmazdı”.

Millət vəkili həmçinin qeyd edib ki, bu gün Azərbaycan hətta corab, maykanı da ya İran, ya da Çindən alır. Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin”.

S.Novruzov “havada qalan” – sənədsiz evlərdən də danışıb. Deyib ki, artıq bu məsələyə ciddi nəzarət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltməyə çağırıb: “Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir, onun digərindən fərqi olmalıdır”.

S. Novruzov icra başçılarına da xəbərdarlıq edib. Bildirib ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyac yoxdur: “Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Dövlətin vəsaitini havaya sovurmasınlar”.

Deputat Maliyyə Nazirliyini bu kimi faktları nəzarət altına almağa çağırıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti