Putin "Belarus kartı"nı əla oynayır: Lukaşenko tarixin yolayrıcında – TƏHLİL

      Putin "Belarus kartı"nı əla oynayır:    Lukaşenko tarixin yolayrıcında –    TƏHLİL
  06 İyul 2021    Oxunub:4077
Belarusda keçən ilin avqustunda prezident seçkilərindən sonra başlayan və ilin sonuna qədər davam edən kütləvi etiraz aksiyalarının yatırılması ilə bağlı hakimiyyətin həyata keçirdiyi sərt tədbirlərə qarşı Qərb dövlətlərinin reaksiyaları əvvəlcə daha çox siyasi xarakter daşıyırdı. ABŞ və Avropa ölkələri seçkilərin nəticələrini tanımadıqlarını bəyan etsələr də, Minskə qarşı iqtisadi sanksiyaların tətbiqinə tələsmirdilər.
Həmin dövrdə iqtisadi sanksiyaların tətbiqinə ehtiyac da yox idi. Çünki ölkənin əsas gəlir mənbəyi hesab olunan iri şirkətlərin işçiləri zatən etiraz əlaməti olaraq, istehsalatı dayandırmışdılar. Bundan əlavə, kütləvi etiraz aksiyaları və seçkilərin nəticələrinin Qərb dövlətləri tərəfindən tanınmaması Belarusa beynəlxalq etimadı azaltmış, nəticədə ölkənin valyutasının dəyəri sürətlə düşməyə başlamışdı.

Lakin Lukaşenko sırf Rusiyanın dəstəyilə ictimai-siyasi vəziyyəti sabitləşdirməyə nail oldu, ardınca isə Moskvanın təqdim etdiyi bir milyardlıq güzəştli kreditin hesabına iqtisadiyyatını dirçəltməyə başladı. Təbii ki, Rusiyanın köməyi təmənnasız deyildi - Moskva, nəhayət ki, Belarusu “ittifaq dövləti” adı ilə öz nəzarətinə keçirməyi planlaşdırırdı. İllərdir Qərblə Rusiya arasında balanslaşdırma siyasəti apararaq, ölkəsinin suverenliyini qorumuş Lukaşenkonun hakimiyyətini saxlamaq üçün Moskvaya sığınmaqdan başqa çıxış yolu qalmamışdı.
Bununla belə, etiraz aksiyaları başlayandan yalnız yeddi ay sonra, yəni 2021-ci ilin fevral ayında Avropa Birliyinin “Belarusda insan hüquqlarının pozulması” adı ilə iqtisadi sanksiyalar paketinin hazırlandığı elan olundu.

Fəqət yenə də konkret addımlar atılmırdı. Bu da Belarusun tam olaraq Rusiyanın nəzarətinə keçməsinə imkan verilməməsi üçün Qərbin sərt iqtisadi sanksiyalara əl atmayacağı ilə bağlı proqnozların səslənməsinə əsas yaradırdı. Güman ki, Lukaşenko da buna ümid edir, siyasi böhran başa çatdıqdan sonra tədricən Avropa ilə münasibətləri düzəldərək, yenidən Rusiya ilə Qərb arasında tarazlıq yaratmaq hesabına ölkəsinin suverenliyini qoruyub saxlayacağını düşünürdü.


Vəziyyəti kardinal şəkildə dəyişən bu ilin may ayının 23-də İrlandiyanın “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsinin Minskdə məcburi yerə endirilməsi və təyyarədə olan “Nexta” teleqram kanalının rəhbəri Roman Protaseviç ilə onun rəfiqəsi Sofiya Sapeqanın həbs edilmələri oldu. Bu hadisə Qərb üçün sanki siqnal rolunu oynadı və AB tərəfindən Belorusa qarşı ən sərt iqtisadi sanksiyaların tətbiqi qərara alındı.

Sanksiyaların arasında neft məhsulları, kalium kübrəsi və tütün məmulatlarının Avropaya ixracına, hətta ixrac üçün Avropa ölkələrinin ərazisindən tranzit kimi istifadə olunmasına qadağanın qoyulması Belarus iqtisadiyyatına ölümcül zərbə sayıla bilər. Bundan əlavə, AB Belarusa öz maliyyə bazarlarına girişi bağladı, dövlət şirkətlərinin sığortasını qadağan etdi və Avropa investisiya Bankının ödənişlərini dayandırdı.

Qeyd edək ki, Belarus büdcəsinin 93 faizi sənaye müəssisələrinin ixracı hesabına formalaşır və illik 7 milyard dollarlıq məhsul Avropa ökələrinə ixrac olunur. Dünya üzrə kalium kübrəsinin 20 faizini istehsal edən “Belaruskaliy” dövlət şirkəti məhsulun yalnız 10 faizini Avropaya, yerdə qalanını isə Hindistan, Braziliya və Çinə satırdı. Ancaq məsələ burasındadır ki, Belarusun ixracının 90 faizi Litvanın Klaypeda dəniz limanından həyata keçirilirdiyi üçün, yeni sanksiyalar ümumiyyətlə xaricə məhsul göndərilməsini müşkülə çevirir.

Ölkənin “Balneftxim” konserni illik 4,2 milyard, “Belaruskaliy” dövlət şirkəti isə 2,4 milyard dollarlıq məhsul ixrac edirdi ki, sanksiyaların qüvvəyə minməsiylə bu məhsulların dünya bazarına çıxarılması mümkün olmayacaq. Avropa Birliyi sanksiyalarla bağlı yaydığı rəsmi açıqlamada Belarusda son dövrlərdə insan hüquqlarının pozulması, jurnalistlərə qarşı zor tətbiq edilməsi, vətəndaş cəmiyyəti üzvlərinin cəzalandırılması və Roman Protaseviç ilə Sofiya Sapeqanın həbsinə görə bu qərarın qəbul olunduğunu bəyan edib.


Güman etmək olar ki, Lukaşenko, Avropa təyyarəsinin yerə endirilərək, jurnalist Protoseviçlə onun rəfiqəsini həbs etmək qərarını Kremlin “tövsiyəsi” ilə verib. Rusiya mediasının Lukaşenkonun bu addımının doğruluğunu əsaslandırmaq üçün dəridən-qabıqdan çıxması, hətta prezident Vladimir Putinin öz çıxışında Minskin hərəkətinə bəraət qazandırması Moskvanın prosesin iştirakçısı olmasından xəbər verirdi. Təbii ki, Kremlin öz məqsədləri vardı: Moskva AB-nin sanksiyaları ilə üzləşən Belarusu özündən tam asılı vəziyyətə salacaq və Amerka prezidenti ilə gözlənilən danışıqlarda “Protaseviç” kartından istifadə edəcəkdi.

“Ryanair” təyyərəsinin yerə endirilməsini və Protaseviçin həbsini kəskin tənqid edən Baydenin Rusiya prezidenti ilə iyunun 16-da keçirilən görüşündə bu məsələni qaldıracağı heç kəsdə şübhə doğurmurdu. Həqiqətən də, bu görüşdən sonra Protaseviçin həbsi ev düstaqlığı ilə əvəz olundu və bu yolla Putin Baydenin tələblərindən birini yerinə yetirərək, əlavə xal qazanmaqla yanaşı Rusiyada həbs olunmuş müxalifətçi Navalnının məsələsinin üzərindən sükutla keçilməsinə nail oldu.

Beləliklə, Avropanın Belarusu heç bir halda Rusiyadan tam asılı vəziyyətə düşməyə qoymayacağı ilə bağlı proqnozlar özünü doğrultmadı. Sanksiyalardan sonra Lukaşenko nəinki hakimiyyətini saxlamaq, hətta ölkə əhalisini ərzaqla təmin etmək üçün Rusiyanın yardımlarına möhtacdır. Rusiya ilə “ittifaq dövləti” qurmaq istəyən Belarus yaxşı halda federal subyektlərdərdən birinə çevrilə, Lukaşenko isə, hakimiyyətdə saxlanılarsa, Çeçenistan prezidenti Kadırov, yaxud, İnquşetiya prezidenti Kalimatovla eyni sırada dayana bilər. Odur ki, iki seçim qarşısında qalıb:
1) Rusiyanın şərtlərilə razılaşıb, ittifaq dövləti qurmaq. Bu halda ölkənin suverenliyindən söhbət gedə bilməz, hətta Lukaşenkonun uzun müddət hakimiyyətdə qalacağına belə, zəmanət verilmir.
2) Avropa ilə gizli danışaqlara gedib, müəyyən şərtlər müqabilində hakimiyyətdən uzaqlaşmaq və ölkənin tam olaraq Qərbə yönəlməsilə razılaşmaq. Bu halda da, Belarusun şərq hissəsində yaşayan rusdilli əhali Ukraynada olduğu kimi “öz hüquqlarının tapdalandığını” əsas gətirib, müstəqilliklərini elan edə bilərlər. Moskva isə rusdilli əhalinin hüquqlarını hər vasitə iə qorumağı özünə borc biləcək.

Tofiq Vahid
Azvision.az

Müəllifin əvvəlki yazıları:

102 illik problemi həll edən Qüvvə: Ordumuzun tarixi portreti
Rusiyanın “hücum diplomatiyası”nın sonu çatır – TƏHLİL





Teqlər: Belarus   Təhlil  





Xəbər lenti