“Qara paltarlı qaqaş”larla Dördüncü Sənaye İnqilabı

 “Qara paltarlı qaqaş”larla Dördüncü Sənaye İnqilabı
  23 İyun 2021    Oxunub:7388
Fəxriyyə İbrahimova

Cəmiyyətdə müxtəlif cür insanlar var. Başa düşürük, hamı bir ola bilməz, olması lazım da deyil; fərqli mədəniyyətlərin, düşüncələrin, mentalitetlərin, nəhayət, tiplərin varlığı normaldır. Fərqli olsalar da, hərəsi özlüyündə maraqlıdır, unikaldır, cəmiyyətə rəng qatır. Hərəsinin öz yeri, topluma öz faydası var. Birindən başqa!
Həmin o müstəsna tipin varlığının əhəmiyyəti nədir, ictimai faydası nədən ibarətdir - bunu anlamaq olmur. Onlar ölkənin bu günündə hansı rolu oynayırlar, sabahına hansı töhfəni verəcəklər - bu da sirri-xudadır. Söhbət "qaqaş" tipindən gedir. Hamınızın tanıdığı qara paltarlı qaqaş...

O qaqaş ki, baxdıqca, uşaqlarımızın gələcəyi bizi qorxudur. Hər zaman başqalarında səhvlər axtaran, evdə ata-ananın üzünə qayıdan, çöldə özünü hər kəsdən ağıllı hesab edən, işləyib 5 qəpiyin yiyəsi olmayan, valideyn və cəmiyyət hesabına "dilənərək" günlük ehtiyaclarını ödəməyə çalışan, amma danışanda "qızıl xırdalayan", ondan-bundan bir şeylər "oğurlamağı" özünə fəxr bilən, "çolka"ları gözlərini bağladığı üçün ayağını sürüyə-sürüyə yeriyən, bərbərə pul tapmadığından, saçını uzadıb, qulaqlarını bağlayan, qulaqları bağlandığı üçün nəsihətləri eşitməyən "çeçenka" saçlı qaqaş…

Acqarına siqaret çəkməkdən sümükləri sayılan, yeriyəndə belini əyib, insanlara altdan-yuxarı baxan, əlində hər zaman kimdənsə "fırlatdığı" təsbeh olan "qara təsbehli" qaqaş.

Sosial şəbəkələrdən istifadə edən qızlara "pis baxan", təhsil almamış qızla ailə həyatı qurmaq istəyən, kepkalı qızlarla "fırlanan" , jarqonun nə olduğunu bilmədiyi halda, jarqon ifadələrdən istifadə edən, "lotu"ların yolunu getmək istəyib, öz yolunu düz gedə bilməyən "qara makasinli" qaqaş.

Orta məktəbdən qovulan, 2 uzunqulağın arpasını bölə bilməyən, insanlara həyatdan "dərs" keçən, yaşa görə yox, yaşayışa görə böyük-kiçiyə hörmət qoyan, özündən böyüklər ağıl verməyə çalışanda "Ağsaqqal, indi o dövr deyil e. Sizin dövr getdi" deyib, gileylənən "qara bəxtli" qaqaş.

Ondan-bundan siqaret dilənən, dar şalvar, qotazlı "makasin" geyinən, parfüm deyil, siqaret qoxan, soruşan olanda da "Kişidən siqaret iyi gələr də" deyib, öz natəmizliyinə bəraət qazandıran, şalvarını evindəkilər aldığı halda, ən böyük arzusu "qara niva" olan qaqaş.

Ən pisi odur ki, son illərdə azalmalı olduğu halda, bu tiplərin sayı əksinə, artır. Halbuki, məntiqlə əksinə olmalıdır. Biz dünya ilə ayaqlaşmağa çalışaraq, süni intellektdən danışırıqsa, Dördüncü Sənaye İnqilabına doğru gediriksə, qotazlı qara “makasin”ləri vaxtında çıxarmaq lazımdır. Çünki onlarla uzağa getmək olmaz.

Fəxriyyə İbrahimova
Azvision.az üçün



Teqlər:





Xəbər lenti