Xarici diplomatlar Ağdama səfər ediblər - FOTOLAR (YENİLƏNİB)

  Xarici diplomatlar Ağdama səfər ediblər -  FOTOLAR (YENİLƏNİB)
  13 İyun 2021    Oxunub:2860
Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.
Azvision.az xəbər verir ki, qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.



***
Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olublar.

Azvision.az xəbər verir ki, nümayəndə heyətinə imarət kompleksi haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.



Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.



Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

***
Xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.

Azvision.az xəbər verir ki, bu gün Azərbaycanda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.

Səfər zamanı diplomatlara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, diplomatlar bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.



Qeyd edək ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Azvision.az



Teqlər: Ağdam   Diplomat  





Xəbər lenti