Neftin qiymətini nə gözləyir? – Ekspert rəyi

   Neftin qiymətini nə gözləyir? –    Ekspert rəyi
  08 İyun 2021    Oxunub:2053
“Ötən həftə Azərbaycanda “Premium Euro-95” markalı benzinin bahalaşmasını hamı anlayışla qarşıladı, çünki cəmiyyət başa düşür ki, bu, dünya bazarında neftin qiymətinin dinamikası ilə əlaqədardır. Yada salaq: ötən ilin martın 13-nə qədər ölkədə “Premium Euro-95” markalı benzinin qiyməti 1,5 manat idi. Pandemiya başlayanda dünya bazarında neft kəskin ucuzlaşdı və Azərbaycanda “Premium” markalı benzin 1.25 manata düşdü. İndi neftin qiymətinin artımı ilə əlaqədar olaraq, 1.40 manata qalxsa da, yenə keçən ilkindən daha ucuzdur”.
Bu sözlər iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadəyə aiddir. Azərbaycanda neftin dünya bazar qiymətinə ən həssas reaksiya verən məhsul olduğunu deyən ekspert məsələnin başqa tərəfinə toxunub: Neftin qiymətlərinin hazırkı bahalaşmasına səbəb nədir, bu artım hansı həddə qədər və hansı müddət ərzində davam edəcək?!

- Bu həftə “Brent” markalı neftin qiyməti hər barrelinə görə 72 dollara çatmaqla, 2020-ci ilin yanvar maksimumunu təzələdi. Son yarım ildə neftin bahalaşması planetdə vaksinasiyanın səviyyəsinin artması ilə paralel gedib. Bu, məhz böhrandan çıxış artımıdır. Planetdə vaksinasiya göstəricisi artdıqca ölkələr sərhədlərini açırlar, gediş-gəliş bərpa olunur, nəqliyyat daşımalarının həcmi yenidən böyüyür, iqtisadiyyat getdikcə əvvəlki templəri bərpa etməyə çalışır... Bütün bunlar enerji tələb edirlər, enerjinin əsas qaynağı isə hələ də neftdir,- deyə professor vurğulayıb.

O, xatırladıb ki, paralel olaraq, OPEK-in son iclasında ilin ikinci yarısında, xüsusilə də son aylarda dünyada “qara qızıl”ın qıtlığı müşahidə olunacağı bəyan edildi: “ABŞ-ın neft ehtiyatları 5 milyon barrel azalıb. Yeri gəlmişkən, məhz ABŞ-da vaksinasiyanın yüksək sürətlə getməsi hazırda neftin qiymətinə əsas təsir göstərən amillərdəndir. Birləşmiş Ştatlarda iqtisadiyyat gözlənildiyindən daha çevik bərpa olunur. Neft emalı zavodlarının yüklənmə göstəricisi bir həftəyə 1,7 faiz artıb. Avropada da oxşar vəziyyətdir. Amma Uzaq Şərqdə hələ vaksinlənmə arzuolunan səviyyədə getmədiyindən, iqtisadiyyat da Qərbdəki qədər cəld bərpa olunmur. Amma müəyyən müddətdən sonra Uşaq Şərq ölkələri də peyvənd vurulan əhalinin sayına görə kütləvi immunitet həddinə çatacaqlar axı... Bəs onda nə olacaq?”

Ekspertin fikrincə, bu, neftin qiymətinin yüksək qalacağı deməkdir. “Saudi Aramco” artıq bəyan edib ki, sentyabrda Uzaq Şərqdəki istehlakçılar üçün neftin qiymətini qaldıracaq. Hazırda OPEK-in iyulun 1-də keçiriləcək iclasında hansı qərarların qəbul ediləcəyindən çox şey asılıdır. Əgər neft hasilatına qoyulan məhdudiyyətlər bir qədər yumşaldılarsa, qiymətlər 70 dollar ətrafında sabitləşə, hətta daha aşağıya da enə bilər. Əks halda, ilin sonuna qədər davam edəcək rallidə növbəti dayanacaq 2018-ci ilin sentyabr maksimumu ola bilər: 85 dollar.

- Bura siyasi riskləri də əlavə etmək lazımdır: təxminən 10 gün sonra İranda prezident seçkisi keçiriləcək və hazırda gözlənildiyi kimi, mühafizəkarların namizədi İbrahim Rəisi qalib gələrsə, ABŞ ilə dialoqun perspektivləri, dolayısı ilə, İranın neft ixracına qoyulan sanksiyaların ləğvi sual altına düşə bilər. Bu isə, aydındır ki, neftin qiymətinin bahalaşmasına səbəb olacaq,- deyə Əlibala Məhərrəmzadə əlavə edib.

Sonda o, qeyd edib ki, bütün bunlar bizim ölkəmiz üçün optimist ssenaridir: “Neftin qiymətləri yüksək səviyyədə qaldıqca valyuta axını güclənir, ehtiyatlarımız artır və manat möhkəmlənir. Əvəzində “Premium” markalı benzinin ucuzlaşması hələ ki, gözlənilmir, amma eybi yox, buna dözmək olar. Hər halda, keçən ilin martında Premium benzin indikindən də baha idi...”



Teqlər: Neft  





Xəbər lenti