Putin-Bayden görüşü: Güney Qafqaza da yer tapılacaq – TƏHLİL

  31 May 2021    Oxunub :1911
      Putin-Bayden görüşü:    Güney Qafqaza da yer tapılacaq –    TƏHLİL
Amerika və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin iyun ayının 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. Bundan əvvəl iki dəfə Baydenlə Putin arasında telefon danışığı olmuş və Amerika prezidenti rusiyalı həmkarına neytral ölkədə görüşməyi təklif etmişdi. Lakin Kreml ilə Ağ evin münasibətlərində son illər müşahidə olunan gərginlik, Bayden administrasiyasının fəaliyyətə başlamasından sonra isə bu gərginliyin xüsusilə kəskin xarakter alması prezidentlərin görüşünün razılaşdırılmasını mürəkkəbləşdirirdi.
Münasibətlərin kəskin xarakter alması “Putin qatildirmi?” sualına Baydenin müsbət cavab verməsindən sonra başladı və səfirlərin qarşılıqlı şəkildə vətənlərinə qaytarılması, həmçinin, bəzi diplomatların arzuolunmaz şəxs elan edilməsilə nəticələndi. Ardınca Ukraynada gərginliyin artması, Rusiya qoşunlarının Ukrayna ilə sərhəd bölgələrə toplanması baş verdi. Buna cavab olaraq, NATO qüvvələri Rusiya ilə sərhəd ölkələrdə hərbi təlimlərə başladılar.

Artıq Ukraynanın Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşdığı barədə real proqnozlar irəli sürülür və NATO qüvvələrinin Kiyevin tərəfində Rusiyaya qarşı müharibəyə girişəcəyilə bağlı ukraynalı siyasətçilərin ümid dolu çıxışları səslənirdi. Lakin bu, baş vermədi və Baydenin yumşaq ritorikaya keçərək, Putinlə görüşmək istəyini səsləndirməsi gərginliyi nisbətən azaltdı.

May ayının sonlarında hər iki dövlətin baş diplomatları – Lavrovla Blinkenin Reykyavikdə baş tutan və iki saata yaxın davam edən görüşü Moskva ilə Vaşinqton arasında dialoqun yaradılması istiqamətində ilkin addım oldu. Görüşdən sonra səsləndirilən bəyanatlar tərəflərin bir-birinə qarşı tutduğu mövqedə yumşalmaların olduğunu göstərir və ölkə liderlərinin sammitinin baş tutacağından xəbər verirdi.

Qeyd etmək lazımdır ki, Rusiya ilə Amerika arasındakı münasibətlərin vəziyyəti təkcə bu iki ölkənin taleyi baxımından deyil, ümumiyyətlə, qlobal anlamda mühüm əhəmiyyət daşıyır və bir çox ölkələrin strateji siyasi xəttinin formalaşmasına təsir göstərir.



Ümumiyyətlə baxdıqda, Rusiya ilə ABŞ-ın münasibətlərinin pisləşməsinin kökündə Amerikanın ilkin olaraq ideoloji, sonradan isə hərbi-siyasi cəhətdən Rusiya sərhədlərinə doğru irəliləməsi dayanır. Rusiya əlində olan imkanlar çərçivəsində bu prosesə mane olmağa çalışır. Doğrudur, prosesi dayandıra bilməyəcəyini anlayır, ancaq bununla belə, amerikalıları kifayət qədər yubatmağa da nail olur. Amerikanın irəliləməsi, Rusiyanın isə müqavimət göstərməsi fonunda Ukrayna, Belorus, Cənubi Qafqaz və s. kimi praktiki həlli vacib məsələlər ortaya çıxır ki, dövlət rəhbərlərinin müzakirə mövzusu da həmin məsələlərə həsr olunur.
Qorbaçov START-1 müqaviləsindən danışıb

Odur ki, heç şübhəsiz, əsas müzakirə mövzusu elə onların münasibətlərinin bu mərhələdə pisləşməsinə səbəb olan Ukrayna mövzusu olacaq. Məhz Krımın ilhaqı və Donbasda Rusiyanın dəstəklədiyi separatçıların özlərini müstəqil elan etməsindən sonra ABŞ-la Rusiyanın münasibətlərində sərinləşmə başladı. Kreml anlayır ki, Ukrayna ilə bağlı ənənəvi olaraq səsləndirdiyi “Krım Rusiyanın ərazisidir, Donbasda münaqişənin həlli üçün isə Kiyev öncə separatçı respublikaların rəhbərlərilə razılığa gəlməlidir” kimi arqumentlə Vaşinqton razılaşmayacaq və Moskvadan problemin mahiyyəti üzrə cavablar istəyəcək. Rusiya Ukrayna üzrə suallardan yayınmaq üçün “ev tapşırığı”na yaxşı hazırlaşıb və belə suallardan yayınmaq üçün bu yaxınlarda alovlanmış, müvəqqəti sakitləşdirilmiş Yaxın Şərq münaqişəsinin köklü həllində Vaşinqtona köməyini təklif edə bilər. Yaxud, ABŞ qoşunlarının tərk etməkdə olduğu Əfqanıstanda bundan sonra sabitliyin təminatı işində Amerika ilə birgə layihələrə həvəslə qoşulmağa hazır olduğunu da səsləndirməsi mümkündür. Təki, Amerika Krımın Ukraynaya geri qaytarılması tələbində ifrata varmasın.

Ukrayna ilə yanaşı, Belorusdakı vəziyyətin də iki liderin görüşününün gündəliyinə salındığı barədə Ağ ev rəsmi məlumat verib. Belorusda həyata keçirilən inqilabın Qərbin arzuladığı nəticələrlə başa çatmaması üçün kifayət qədər müstəqil xarici siyasət yürüdən Lukaşenko Putinin “qılıncının altından” keçməli oldu. Lukaşenkonu devrilməkdən xilas edən Moskva ona əlavə təsir imkanları əldə etməklə, Qərbin qarşısında üstünlük qazandı. Belorusun gələcək taleyinin necə inkişaf edəcəyindən asılı olmayaraq, bu gün Minskin idarəetmə sükanı Putinin əlindədir və endirilmiş təyyarədən çıxarılaraq həbs olunmuş beloruslu gənc müxalifətçi Protoseviçin taleyini də o həll edəcək. Moskva bu məsələdə Baydenin xahişini güman ki, yerə salmayacaq. Ancaq əvəzində, yəqin ki, həbs olunmuş rusiyalı müxalifətçi-bloger Navalnı mövzusunun bir müddət qapadılmasını istəyəcək.

Blinkenlə Lavrovun görüşü zamanı Qarabağ münaqişəsinin müzakirə olunduğunu nəzərə alsaq, prezidentlərin də Cənubi Qafqazdakı vəziyyətə diqqət ayıracağını əminliklə söyləmək olar. Münaqişənin həllində Rusiyanın əsas rol oynaması və bölgədə öz sülhməramlılarını yerləşdirilməsi Cənubi Qafqazda Vaşinqtonun Moskvadan asılı vəziyyətə salır. Vaşinqton Qərblə Şərq arasında strateji tranzit rolunu oynayan Cənubi Qafqaz regionunun tamamilə Rusiyanın təsirinə keçməsilə barışa bilməz, odur ki, Baydenin Türkiyənin prosesdə fəallığına şərait yaratmasından başqa çıxış yolu qalmır.

Tofiq Vahid
Azvision.az

Teqlər: ABŞ   Rusiya  






Xəbər lenti