Azərbaycan Ordusunun təlimləri başlayıb - YENİLƏNİB

 Azərbaycan Ordusunun təlimləri başlayıb -  YENİLƏNİB
  16 May 2021    Oxunub:6208
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim   Ordu  





Xəbər lenti