Müxalifətin eks məmur sevgisinin səbəbləri

Müxalifətin eks məmur sevgisinin səbəbləri
  05 Mart 2014    Oxunub:1539
İlkin Ağayev

Ənənəvi və radikal müxalifətin həmişə elan və iddia etdiyi dəyərlərə xilaf çıxması, bununla da cəmiyyətin gözündə açıq şəkildə ifşa olunması bir aksioma çevrilib. Bugünlərdə isə onlar yenə bunu isbatlayıblar. Belə ki, ənənəvi müxalifət nümayəndələri əvvəllər korrupsioner saydıqları kecmiş naziri - Əli İnsanovu müdafiə etməyə başlayıblar.
Hətta bəzi müxalif təbliğat ruporları bir qədər də irəli gedərək onu özlərinə “lider” saymağa və yaxud illərdir korrupsioner, tibb sahəsini viranə qoyan adam saydıqları bu şəxsdə “liderlik” və “siyasətçi” keyfiyyətləri axtarıb “tapmağa” başlayıblar. Bununla bağlı bir sıra müxalif mətbu orqanlarda müzakirələr açılır, rəylər öyrənilir…

Müxalifətin əvvəllər kəskin şəkildə korrupsiyada və sair məsələlərdə ittiham etdiyi şəxsləri indi canla-başla öz düşərgələrinə dəvət etmələri birinci dəfə deyil. Bundan başqa, onlar eks iqtisadi inkişaf naziri Fərhad Əliyev, eks spiker Rəsul Quliyev və başqaları barəsində də bu cür riyakar mövqe tutublar. Bu cür korrupsiyaya və sair cinayət əməllərinə görə dövlət tərəfindən məhkum edilənlərə müxalifətin “qahmar” çıxması isə bəzi nüanslarla izah edilə bilər.

Birincisi, hər bir halda, müxalifət bununla iddia etdiyi hər hansı bir ideoloji prinsipə zərrə qədər də əməl etmədiyini göstərir. Müxalifət üçün siyasətdə əxlaq və prinsipliliyin olmadığı, buradan bir daha bariz şəkildə anlaşılır.

İkincisi, indiyə qədər ölkə siyasi arenasında ideoloji müxalifətin olmadığı, yalnız `cib müxalifəti`nin ortada olduğu barədə də kifayət qədər bildirilib. Bu baxımdan, hər bir müxalifət partiyası liderləri “qabağa düşmək” üçün, birdən-birə “siyasətçi” olmaq fikrinə düşmüş ekslərin iddialarından öz xeyirləri naminə yararlanmağa müxtəlif cəhdlər ediblər. Onlar bu məqsədlə dünənə qədər hər cür ittiham etdikləri sabiq məmurlarla dostluğa can atıblar, nə qədər anormal olsa da, həmin eks-məmurlara qarşı mövqelərini 180 dərəcə dəyişiblər. Məqsəd isə eks-lərin siyasi iştahlarından yararlanaraq öz pul kisələrini doldurmaq olub. Məsələn, Rəsul Quliyev düşərgədə “lider” seçilməklə, onun əlində olan pullardan istifadə edildiyi kimi, indi də Əli İnsanovun güman edilən pullarından yararlanmağa çalışma, yaxud onun “eks brendi”ndən istifadəyə cəhdlərin şahidi oluruq.

Üçüncüsü, buradan ənənəvi müxalifətin bir daha bolşevik, antidemokratik təfəkkürünə malik olduğu üzə çıxmış olur. Çünki bu düşərgə iqtidardan özünə qatılan korrupsionerləri dərhal “demokratik” elan edir, onlara “amnistiya” qazandırrılar. Özlərindən olmayan siyasi qütbləri, lap müxalifət düşərgəsində təmsil olunanları belə, müxtəlif cür damğalamağa çalışırlar…

Qeyd edək ki, hazırda müxalifət düşərgəsində ciddi parçalanma və qarşılıqlı ittihamlar baş çatladır. Bu azmış kimi, indi də hər bir partiya Əli İnsanov kimiləri düşərgəyə cəlb etməkdə ümumi müxalifət maraqlarından çıxış etmirlər. Onların hər biri İnsanovun məhz onu partiyasına “rəğbət” göstərdiyinə dair arqumentlərə can atmaqla, əslində bir daha bu məsələdə niyyətlərini faş etmiş olurlar.


Teqlər:  





Xəbər lenti