YAP Hüseynbala Mirələmovla bağlı məlumat yaydı

 YAP Hüseynbala Mirələmovla bağlı məlumat yaydı
  23 Aprel 2021    Oxunub:3577
Aprelin 23-də Yeni Azərbaycan Partiyasının (AYP) İdarə Heyətinin iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Milli Məclisə təqdim olunması, müstəqil deputatları MSK-da təmsil edəcək namizədin Milli Məclisinin müzakirəsinə çıxarılmasına razılığın verilməsi, həmçinin YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələlər müzakirə edilib.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.

İdarə Heyəti Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, Əliyev Şaitdin Sərdar oğlu, İbrahimov Ramiz Hilal oğlu, Kazımova Validə Faiq qızı və Paşayev Hüseyn Məmməd oğlunun Mərkəzi Seçki Komissiyasının əsas, Hümbətov Surəddin Məmmədhüseyn oğlunun əvəzedici üzv seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, İdarə Heyəti müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edəcək Əsgərova Nailə Şahmərdan qızının namizədliyinin Milli Məclisin müzakirəsinə çıxarılmasına razılıq verilməsi barədə qərar qəbul edib.

Sonra İdarə Heyəti gündəliyə uyğun olaraq, YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş qeyri-etik hərəkəti ilə bağlı məsələni müzakirəyə çıxarıb.

İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov məsələ ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və hiddətlə qınanılıb. Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı cəmiyyətdə kəskin etiraz doğurub və ciddi müzakirələrə səbəb olub. Vurğulanıb ki, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu YAP-ın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.

Azvision.az


Teqlər: YAP  





Xəbər lenti